Logo

Oslodakı gənc soydaşlarımıza şair Şəhriyarın yaradıcılığından bəhs edilib

17.06.2021 14:25 282 baxış
IMG

Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili və mədəniyyəti məktəbinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 115-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.


"Mənim dilim – ana dilim" layihəsi əsasında təşkil edilən konfransda Amerika Biblioqrafiya İnstitutunun Güney Azərbaycan ədəbiyyatı üzrə eksperti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvi Esmira Fuad, Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva, aktrisa Rada Nəsibova, Estoniyadan kitabxanaçı Təranə Mirzağayeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd orta məktəbinin ibtidai sinif müəllimi və şagirdləri iştirak ediblər.


Tədbirdə çıxış edən Esmira Fuad bildirib ki, M.Şəhriyarın yaradıcılığında fəlsəfi düşüncə, azadlığa, mübarizəyə çağırış, vətənpərvərlik hissi üstünlük təşkil edib və onun şeirlərindəki mövzular hər dövrdə aktualdır. Onun öz bəxtini Vətənin taleyi ilə müqayisə etdiyi, vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərlərinin dillər əzbəri olduğu vurğulanıb. Qeyd edib ki, XX əsr Azərbaycan poeziyasının incilərindən olan "Heydər babaya salam" poemasında milli ruh duyulur, şair xalqının milli bütövlüyünü, adət-ənənələrini peşəkarlıqla və bədii sözün gücü ilə oxucularına çatdırıb.


Konfrans aktrisa Rada Nəsibovanın ifasında M.Şəhriyarın "Azərbaycan" şeirinin səsləndirilməsi ilə davam edib. Aktrisadan estafeti qəbul edən İnarə Musayevanın şagirdləri şairin digər poeziya nümunələrini təqdim ediblər. Tədbir əslən Güney Azərbaycandan olan Xalq artisti Rübabə Muradovanın və tanınmış müğənni Yaqub Zurufçunun ifalarında "Heydər babaya salam" və "Yar qasidi" mahnılarının səsləndirilməsi ilə yekunlaşıb.

Xəbər lenti