Logo

Şimal bölgəsində də müstəqil universitet yaratmağın vaxtı çatıb...

17.06.2021 15:34 1198 baxış
IMG

Regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər - ADPU-nun Quba filialı 30 ildə

 

Bu il ADPU-nun Quba filialının yaradılmasının 30 illik yubileyidir. Belə ki, 25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı adlandırılmışdır. 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamla Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır.

 

Hazırda ADPU-nun Quba filialında 9 ixtisas üzrə 930 tələbə bakalavriatura pilləsində təhsil alır. Ölkə ərazisinin 8.3%-ni (7.1 min kv.km), əhalinin isə 5.6%-ni (560 min nəfər) təşkil edən respublikamızın Şimal bölgəsində mədəni həyatın inişafında müstəsna əhəmiyyətli yeganə ali təhsil ocağı olan ADPU-nun Quba filialında ölkənin 29 rayonundan olan 845 tələbə bakalavriatura pilləsində təhsil alır.

 

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi, vəzifələri və icrasının prioritet istiqamətləri olaraq regionlarda təhsilin səviyyəsinin yaxşılaşdırılması yönündə artıq bir çox layihələrin icrasına başlanılmış, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə müvafiq təhsil modelinin qurulması istiqamətində işlər davam etdirilir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün, həmçinin region ali təhsil müəssisələrinin də beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlı olmaları üçün konkret hədəflər müəyyənləşdirilib.

Filialda  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, İbtidai sinif müəllimliyi, Təhsildə sosial-psixoloji xidmət və Məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə 83 nəfər professor-müəllim heyəti çalışır. Bundan başqa 43 nəfər tədris köməkçi, 20 nəfər isə xidmətedici heyət də Filialda tədrisin, təlim-tərbiyə, abadlıq işlərinin həyata keçirilməsinə xidmət edir. 15 sentyabr 2018-ci ildə həyata keçirilən struktur dəyişikliyi zamanı filialın idarəetmə strukturuna Elmi Şura, direktor, tədris və tərbiyə üzrə direktor müavinləri, direktor köməkçisi, dekanlıq, kafedralar və digər struktur bölmələri daxil edilmişdir.

 

Filialın 2,5 hektar ərazisində 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxana, 300 kvadratmetr tikili altında müasir standartlara cavab verən yeməkxana binası və geniş idman meydançasının olması da Quba filialının geniş maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksinə - kampusa malik olduğunu göstərir. Həmçinin filialda 190 nəfərlik Böyük akt zalı, 80 nəfərlik Kiçik akt zalı, Heydər Əliyev Məktəb-lektoriyası, Böyük Kompyuter Mərkəzi, ağıllı lövhələrlə təchiz olunmuş 10 auditoriya fəaliyyət göstərir. Filialın bütün kopyuterləri sürətli fiber-optik internet şəbəkəsinə qoşulub. 2019-cu ilin noyabr ayının 27-də Azərbaycan Milli Elimlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və ADPU-nun Quba filialı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ADPU-nun Quba filialı universitetlə televiziya əlaqələrindən yararlanaraq efir vasitəsilə mühazirələrin yayımını həyata keçirmişdir. Belə ki, Şimal regionunda yayımlanan “Qafqaz” TV ilə filial arasında razılaşma əldə edilərək martın 18-dən etibarən “Telemühazirə” adlı dərs-verilişin yayımına başlanılmışdır. Bu günədək davam edən “Telemühazirə”lərdə filialın 12 müəllimi 60-dək mühazirəni efir vasitəsilə tələbələrə çatdırmışdır. Filial haqqında geniş videoçarx hazırlanmışdır.

 

Şimal bölgəsində ali təhsilin tarixi Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə 1943-cü ildə fəaliyyətə başlamış və 1953-cü ilədək fəaliyyət göstərmiş, 4 fakültə 9 kafedradan ibarət, 350 tələbənin təhsil aldığı iki illik Quba Müəllimlər İnstitutunun tarixi ilə başlayır. Önəmli tarixi keçmişə malik, ölkəmizin Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirərək 2000-dən çox məzun buraxmışdır. Filialın məzunları sırasında 32 nəfər Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, torpaqlarımızın azad olunması uğrunda iştirak etmişdir. Həmçinin filialın onlarca məzunu müxtəlif nazirlik və komitələrin tərkibində mühüm vəzifələr tutaraq ölkəmizin inkişafı naminə uğurlu fəaliyyət göstərirlər.

 

Hər il filiala qəbul olan tələbələrin kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəricilərində də irəliləyişlər müşahidə olunur. Belə ki, 500-dən artıq bal toplayaraq Quba filialını seçən tələbələrin sayı əvvəlki illərə nisbətən xeyli artmışdır. Filialda 845 tələbədən 162 tələbə dövlət təqaüdü, 93 tələbə əlavə təqaüd, 12 tələbə “Gələcəyin müəllimi” məqsədli təqaüdü alır. Həmçinin bu təqaüdlərlə yanaşı Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilmişdir ki, tələbələrin təhsildə fərqlənmələri üçün stimul yaratmışdır.  Təhsilini başa vurub magistratura pilləsinə qəbul olan tələbələrin sayı 2020-ci ildə 10 nəfər olmuşdur ki, bu da filial tarixində ilk rekord idi. Bundan başqa, MİQ imtahanlarında onlarca məzunumuz 50-dən yüksək bal toplayaraq müəllim adını qazanmışdır.

 

Bu ərəfədə onu da əlavə etmək yerinə düşər ki, SSRİ Nazirlər Sovetinin 23 iyul 1964-cü il tarixli qərarına əsasən Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin 2 dekabr 1964-cü il tarixli əmri ilə Kənd Təsərrüfatı Texikumunun bazasında Quba Sovxoz Texnikumu yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin Təhsil sisteminin təkmilləşdirilməsi haqqında 13 iyun 2000-ci il tarixli fərmanı ilə təhsil müəssisəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılıb Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2002-ci il 26 avqust tarixli 140 saylı qərarı ilə Quba Kənd Təsərrüfatı Texnikumunun bazasında Quba Dövlət Sosial-İqtisadi kolleci yaradılmışdır. Kollecdə 2 əyani, 1 qiyabi şöbə fəaliyyət göstərir. Kollecdə  776 nəfər tələbə təhsil alır. Tədris  müəssisəsində 60 nəfər müəllim, 44 nəfər işçi çalışır.

 

O da faktdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında “Təhsil sisteminin tənzimlənməsinin və dövlət təhsil sektorunun idarə edilməsinin beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, təhsil pillələri və səviyyələrinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması” bəndinə uyğun olaraq kolleclə ali təhsil müəssisəsinin istiqamətlərinin vahid mexanizm üzrə həyata keçirilməsinə ehtiyac duyulur.

 

Nəzərə alsaq ki, son zamanlar  beynəlxalq təcrübə nəzərə alınaraq ali və orta ixtisas təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması sahəsində müəyyən addımlar atılır, dünyanın aparıcı univeristetlərinin tərkibində kolleclərin fəaliyyət göstərməsi ənənəsi var. Hətta, həmin kolleclərin təhsil proqramları da nəzdində yerləşdikləri ali məktəblərin proqramlarına yaxındır. Bu isə kollecdə oxuyan tələbələrin daha yaxşı təhsil almasına gətirib çıxarır. Azərbaycan təhsilində də bu təcrübəyə keçid edilib. Belə ki, ölkəmizdə kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi prosesinə başlanılıb, elə isə nədən  Sosial-İqtisadi kolleci ADPU-nun Quba filialının nəzdinə yerləşdirib, filiala müstəqil universitet statusu verilməsi barədə düşünməyək...?

 

Hesab edirəm ki, işğaldan azad edilən ərazidə Qarabağ Universitetinin yaradılması ideyası geniş ictimaiyyət tərəfindən neçə ruh yüksəkliyi ilə qarşılanmışdısa, şimal bölgəsində də ilk müstəqil universitetin yaradılması təşəbbüsü eyni coşqu ilə qarşılanar, vahid mərkəzdən idarə olunan kollektiv müstəqil universitet olaraq yeni hədəflərə doğru daha inamla addımlayar, regionun dayanıqlı inkişafı üçün yeni perspektivlər açılar.

 

Nadir İsrafilov

Xəbər lenti