Logo

Ədəbiyyat İnstitutunda “İlin alimi” nominasiyası üzrə diplomlar təqdim edilib

18.06.2021 10:29 378 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

 

Bu barədə Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Elmi şuranı AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İsa Həbibbəyli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb və “İlin alimi” nominasiyası üzrə diplomları təqdim edib. Həmçinin əməkdaşlardan Qurban Bayramova 75, Sevda Məmmədovaya 60 illik yubileyləri münasibətilə fəxri fərmanlar verilib.
Akademik İsa Həbibbəyli son günlərin önəmli hadisələrinə münasibət bildirib: “Şuşa Bəyannaməsi yeni reallığın əsasını qoydu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə nitq söyləyib. Nitqində türk dünyasının böyük şəxsiyyətlərindən olan şairlərin yubileylərindən də bəhs edib. Bu il Türkiyədə “Yunus Əmrə ili” elan edilməsi təsadüfi deyil. Biz də bu işlərdə öz dəstəyimizi göstərməliyik”. Akademik, həmçinin “Yunus Əmrə ili” və “Nizami Gəncəvi İli” ilə bağlı akademiyada görülmüş işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin III cildində Yunus Əmrəyə ilk dəfə ayrıca oçerk həsr edilib.


Ədəbiyyat İnstitutunda Yunus Əmrə tədbirləri və Yunus Əmrə “Divanı”nın çapa hazırlanması haqqında professor Feyzi Ersoy və dosent Xuraman Hümmətova məlumat verib. Oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin V-X cildlərinin çapa hazırlanması haqqında İslam Qəribov, Şirindil Alışanov, Rəhim Əliyev, Nikpur Cabbarlı iştirakçıları məlumatlandırıb. Filologiya elmləri doktorları Vaqif Yusifli “Ədəbi proses-2020” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti, Tahirə Məmməd “Fizika və lirika” konfransının keçirilməsinə hazırlığın vəziyyəti haqqında, dosent Zəhra Allahverdiyeva isə “Nizami Gəncəvi ensiklopediyası”nın sözlüyünün müzakirəsi barədə çıxış edib.


İnstitutun elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantlarının elmi məsləhətçi və elmi rəhbərlərinin dəyişdirilməsi haqqında Təhsil şöbəsinin müdiri Samir Səttarov təklifləri səsləndirib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli gündəlikdəki digər elmi-təşkilati və çap məsələlərini diqqətə çatdırıb.

Xəbər lenti