Logo

ADA Universiteti Ukrayna tələbələri arasında müsabiqə keçirəcək

21.10.2020 14:57 592 baxış
IMG

ADA Universiteti tələbələr arasında “Ukrayna-Azərbaycan diplomatik münasibətləri” mövzusunda Ümumukrayna esse müsabiqəsi keçirəcəyini elan edib. Oktyabrın 25-dən noyabrın 25-dək keçiriləcək müsabiqənin qalibi ADA Universiteti adından Bakıya dəvət olunacaq, 2-10-cu yerləri tutan iştirakçıları mükafatlar gözləyir.

 

Tehsil.biz xəbər verir ki, bu müsabiqə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun dəstəyi ilə keçirilir. Müsabiqənin Ukrayna tərəfindən kuratoru ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk olacaq.

 

Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Valeri Kopeyka bildirib ki, bu müsabiqə diplomatiya sahəsində mütəxəssislər yetişdirilməsi sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. V. Kopeyka deyib: “Tamamilə əminəm ki, Azərbaycan və Ukrayna təhsil, mədəniyyət sahələrində və humanitar sahədə birgə layihələrdə bundan sonra da davamlı və səmərəli ikitərəfli münasibətlər quracaqlar. Ümidvarıq ki, ADA Universiteti ilə gələcək əməkdaşlığımız da səmərəli olacaq”.

 

Müsabiqənin kuratoru Marina Qonçaruk deyib: “Ukraynalı tələbələr təhsil sahəsində Ukrayna-Azərbaycan birgə layihələrinə xüsusi diqqət yetirirlər. Azərbaycan bizim gənclər üçün çox mühüm və perspektivli istiqamətdir. Buna sübut kimi qeyd edim ki, bizim dövlət universitetlərində Azərbaycan dili, Azərbaycan mədəniyyəti və tarixi profil fənlər kimi öyrənilir. Məsələn, Taras Şevçenko adına Kiyev Milli Universitetində və Kiyev Milli Linqvistika Universitetində bu fənlər profil fənlər kimi öyrənilir. Qarşıdakı müsabiqə Ukraynanın bütün guşələrindən olan tələbələrə Ukrayna-Azərbaycan münasibətləri barədə daha çox bilik əldə etmək və müsabiqə tapşırığının yerinə yetirilməsinə yaradıcı şəkildə yanaşmaq imkanı verəcək”.

 

Müsabiqə çərçivəsində Ukrayna-Azərbaycan diplomatik münasibətlərinə dair onlayn mühazirələr və tələbələrlə görüşlər keçiriləcək. Müsabiqədə bir neçə min ukraynalı tələbənin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti