Logo

ADMİU-da Bakı Bulvarının 112-ci ildönümü münasibətilə xeyriyyə-satış sərgisi keçirilib

19.06.2021 15:58 396 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Rəssamlıq fakültəsinin tələbələrinin Dənizkənarı Bulvarın 112-ci ildönümünə həsr olunmuş xeyriyyə-satış sərgisi keçirilib.


Bu barədə Tehsil.biz-ə universitetdən məlumat verilib. Bildirilib ki, tədbiri ADMİU-nun rektoru, professor Ceyran Mahmudova açaraq xeyriyyə-satış sərgisinin keçirilməsinin məqsədi barədə məlumat verib. Rektor vurğulayıb ki, Bakı Bulvarı hər zaman rəssamlarımızın əsas mövzularından biri olub: “ADMİU-nun tələbələri də mütəmadi olaraq, universitet və Dənizkənarı Bulvar İdarəsinin birgə layihəsi kimi plenerlərdə iştirak edir, bir-birindən gözəl bulvar mənzərələrini öz əsərlərində əks etdirirlər. Bu gün keçirilən satış sərgisi xeyriyyə məqsədilə təşkil olunub. Belə ki, sərgidən əldə olunan gəlir “YAŞAT” Fondunun hesabına köçürüləcək. İnanırıq ki, bu cür layihələrimiz davamlı olacaq”.


Tədbirdə çıxış edən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov təmsil etdiyi qurumun adından Bakı Bulvarının ildönümünə göstərilən bu cür diqqətə görə ADMİU-nun rəhbərliyinə və Rəssamlıq fakültəsinin professor-müəllim, tələbə heyətinə təşəkkürünü bildirib.


Layihənin bədii rəhbəri Rəşad Cabbarov qeyd edib ki, rəssam tələbələrin hər biri bu layihədə xüsusi həvəs və maraqla iştirak edib, müxtəlif janrlarda və bir-birindən gözəl əsərlər yaradıblar.


Layihənin koordinatoru, ADMİU-nun Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova bildirib ki, yarandığı dövrdən başlayaraq şəhər oazisinə çevrilən Bakı Bulvarı xüsusi, ilhamverici ab-havaya malikdir. Onun inkişaf və tərtibat tarixi bilavasitə Bakının həyatı, nəbzi ilə bağlıdır. Milli incəsənətimizdə Bakı Bulvarı daim mərkəzi mövzulardan olub. Azərbaycan rəssamlarının əsərlərində dənizkənarı ayparamızın fərqli rakursları Bakının küləyini, qızmar günəşi, neftin qoxusunu əks edir. Bakı Bulvarı sərgisi ADMİU-nun Rəssamlıq fakültəsi və Dənizkənarı Bulvar İdarəsinin birgə layihəsidir. Ənənəvi olaraq tələbələrimiz burada plener təcrübəsi keçir, Bulvarın möhtəşəm görüntüləri fonunda öz duyğularını, fikirlərini bölüşür, onun tanınan məkanlarına yeni baxış formalaşdırırlar. Layihə iki süjeti birləşdirir - müxtəlif dövrlərdə Bulvarın fotosənədlərdə əks olunmuş gündəlik həyatı və müasir mənzərələri.


S.Kərimova qeyd edib ki, daim ADMİU ilə əməkdaşlıq edən Dənizkənarı Bulvar İdarəsi tərəfindən təqdim olunan nadir fotosilsilələr əsasında yaradılan rəngkarlıq və qrafika əsərlərində tarixi materialın canlılığı, süjetlərə müəlliflərin fərdi münasibəti müşahidə olunur. Qeyd olunan qrupa aid edilən kompilyasiyalar bəzən süjeti dəyişdirir, kompozisiyaya yeni elementlər əlavə edir. İkinci istiqamətdə 2020-2021-ci tədris ili ərzində Təsviri sənət kafedrası tərəfindən Dənizkənarı Bulvarda təşkil olunan təcrübələrin nəticələri təqdim olunur. Qısa zamanda açıq havada yaranan etüdləri lirik yanaşma birləşdirir. Lakin əsərlərdə təbliğ edilən fərdi maneralar, yaxıların məxsusluğu, rakursların və üslubların seçimi tələbələrimizin texniki vərdişlərə yiyələnməsi ilə yanaşı, onların yaradıcılıq qığılcımlarını da müəyyən edir.


Layihənin digər koordinatoru, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva sərginin əhəmiyyətindən söz açıb, bu cür layihələrin davamlı olmasını arzulayıb.


Sonra sərgidə əsərləri nümayiş olunan tələbələr ADMİU-nun rektoru tərəfindən sertifikat, onların müəllimləri isə təşəkkürnamə ilə təltif olunublar. Eyni zamanda, göstərdiyi dəstəyə görə Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyinə təşəkkürnamə təqdim olunub.


Qeyd edək ki, xeyriyyə-satış sərgisindən əldə olunan gəlir “YAŞAT” Fondunun hesabına köçürüləcək.

Xəbər lenti