Logo

Deputat: "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması tarixi zərurətdən irəli gəlirdi"

21.06.2021 12:45 709 baxış
IMG

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 20 il ötür. 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik qərarı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması tarixi zərurətdən və uzaqgörənlikdən irəli gəlirdi. Dövlət-din münasibətlərinin tənzimlənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınmasında, dini fəaliyyət sahəsində milli kadrların hazırlanmasında sözügedən qurum müstəsna rol oynayır. 


Bu gün müsəlman ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri milli və dini təhlükəsizliyin təmin edilməsidir. Bir sıra dövlətlər müsəlman ölkələrində sabitliyin pozulmasında və qarşıdurmanın yaradılmasında din amilindən məharətlə istifadə edirlər. Öz dini təhlükəsizliyini təmin edə bilməyən ölkələr zaman-zaman bunun acı nəticələrini dadırlar. 


Son illər ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsində, milli-mənəvi dəyərlərin qorunmasında, radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş və hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.   


Ümummilli lider Heydər Əliyevin din sahəsində ən böyük xidmətlərindən biri zamanında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Müstəqilliyin ilk illərindən başlayaraq qeyri-ənənəvi radikal təriqətlər Azərbaycanda dini durumu gərginləşdirməyə, gəncləri qeyri-ənənəvi radikal təriqətlərin ardıcılına çevirməyə çalışırdılar. Bu təhlükəni görən Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzaladı. Digər MDB Respublikaları Azərbaycandan sonra buna bənzər strukturların yaradılması barədə qərar qəbul etdilər. 


Həmin dövrdən başlayaraq Azərbaycanda din sahəsində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. Əgər o zaman bu qurum yaradılmasa və zamanında zəruri tədbirlər həyata keçirilməsə bu gün Azərbaycanda dini durum tam fərqli olardı. Bütün bunlara Ümummilli lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasəti nəticəsində nail olundu.  


Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyev uğurla və böyük uzaqgörənliklə davam etdirir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva din sahəsinə xüsusi diqqət və qayğı göstərir. Ölkəmizdə yeni ibadət ocaqları inşa, təmir və bərpa olunur, dini icmalara hər il dövlət büdcəsindən maliyyə yardımı göstərilir. Azərbaycanda həyata keçirilən bu tədbirlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin mərkəzlərindən biri sayılır.   


Son illər Prezident İlham Əliyevin böyük diqqət və qayğısı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyət dairəsi daha da genişlənmiş, bu qurumun nəzdində Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılmışdır. Hazırda dövlət-din münasibətlərinin tənzimlənməsi, mənəvi dəyərlərin qorunmasında, milli kadrların hazırlanması istiqamətində işlər uğurla davam etdirilir.

 

Ceyhun Məmmədov

 

Milli Məclisin deputatı

Xəbər lenti