Logo

Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda bölgədə əməkdaşlıq üçün yeni imkan yaranır

21.06.2021 15:00 418 baxış

Cənubi Qafqaz bölgəsinin regional və beynəlxalq əhəmiyyətinin nəzərəçarpacaq səviyyədə inkişafina təkan verə biləcək olduqca mühüm tarixi hadisələr baş verməkdədir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir sıra beynəlxalq təşkilatlarda və ayrı- ayrı dövlət başçıları ilə görüşlərində, bəyanatlarında səsləndirdiyi iqtisadi əməkdaşlıq təklifləri real əsaslara söykənir. 30 ilə yaxın müddətdə bölgənin bütün sahələr üzrə inkişafına əngəl olan, BMT TŞ-nın 4 qətnaməsini qulaqardına vura bilən, qonşu dövlətə qarşı haqsız ərazi iddiaları irəli sürən Ermənistan dövləti artıq 44 günlük Vətən Müharibəsindən sonra keçən müddət ərzində, bu gələcək inkişaf perspektivlərinin qarşısının alınmasında aciz duruma düşmüş, təsir rıçaqlarını itirmişdir. Qəhrəman Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə işğal olunmuş rayonlarımızı dəmir yumruqla və yeni, indiyədək görünməmiş hərbi taktika ilə azad edərək düşmənin başını əzdi, canlı qüvvə və hərbi texnikasına böyük zərbələr vurdu. Uzun illər ərazilərini işğal altında saxlayan düşmənə qarşı qalib tərəf olaraq, alicənablıq nümayiş etdirən Azərbaycan Respublikası məğlub ölkənin iqtisadi dirçəlişinə zəmin yarada biləcək təkliflərlə çıxış etmişdir. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın tarixi Şuşa səfərində, həmçinin Azərbaycanın  Milli Məclisində səsləndirdiyi Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ermənistan və İrandan ibarət altılıq platformasının yaradılması barədə təklifi bütün regionun hərtərəfli inkişafına, sülhə və sabitliyə səbəb olan bir çağırış kimi dəyərləndirilir. Belə ki, Uzaq və Yaxın Şərqin,  Avropanın təbii ehtiyatlarının və sənaye potensialının əlaqələndirilməsində xüsusi rol oynaya biləcək bir regionda davamlı sülhün bərqərar olması, düşmənçiliyin aradan qaldırılması günün ən aktual bir məsələsidir. Ermənistanda 20 iyun seçkilərində 9 noyabr razılaşmasını imzalamış Paşinyanın qalib gəlməsi, İranda yeni seçilmiş prezident Rəisinin təklif olunmuş platformadan İranın da faydalanması yönümündə atacağı addımların real görünməsi ümidləri artırır.  Naxçıvan və Bakını əlaqələndirəcək Zəngəzur dəhlizinin tez bir zamanda bölgəmizə gətirəcəyi sabitliyin, iqtisadi firavanlığın bəhrəsindən  ilk növbədə Ermənistan özü faydalanacaqdır. Ermənilər bu kommunikasiya sisteminin  istifadəyə verilməsi ilə birbaşa Moskvaya, Avropaya rahat şəkildə və iqtisadi baxımdan sərfəli qiymətlərlə daşınmalar edə biləcəkclər. Bu Ermənistanla birlikdə Azərbaycan üçün də sülhün bərqərar olduğu bir şəraitdə yeni bir faydalı logistik sistemin işə salınması, nəqliyyat kommunikasiya şəbəkəsinin şaxələndirilməsi baxımından  keyfiyyətcə  yeni bir dövrün başlanğıcı sayıla bilər. Qardaş Türkiyə dövləti Ermənistanla sərhədləri hələlik bağlı saxlamağa üstünlük verir. Cənab Ərdoğan bir neçə dəfə bəyan etmişdir ki, Ermənistan dövləti Azərbaycanla mövcud problemlərini həll etdikcə bu məsələ də öz həllini müsbət istiqamətdə tapacaqdır. İrəli sürülən  altılıq platforması çərçivəsində nəzərdə tutulan iri həcmli nəqliyyat daşınmaları bu sahədə görüləcək işlərdən biridir. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Buna görə də Ermənistan dövləti Azərbaycana ərazi iddialarından əl çəkməli, Azərbaycanın barışıq və sülh çağırışını müsbət dəyərləndirməlidir. Bunun üçün erməni dairələri, ölkə rəhbərliyi  bir daha ölkələrinin gələcək sabitliyini, əmin-amanlığını və iqtisadi tərəqqisini düşünməli, qonşuları ilə, ilk növbədə Azərbaycan və Türkiyə ilə dostluq və əməkdaşlıq yolunu seçməlidir.
 


             Firdovsi Tağıyev

  
             Neftçala rayon sakini, ziyalı, müəllim

Xəbər lenti