Logo

“Məktəblinin dostu”nun pandemiya dövründə fəaliyyəti

24.09.2020 15:49 615 baxış

"Məktəblinin dostu” layihəsi çərçivəsində pandemiya ilə əlaqədar məktəblərdə xüsusi nəzarət tədbirləri davam etdirilir. Sözügedən layihə ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib.

Məktəblinin dostları tərəfindən təhsil müəssisəsində sıxlığın tənzimlənməsi məqsədilə məktəbə giriş və çıxış qaydalarına xüsusi nəzarət olunur, şagirdlərin, məktəb kollektivinin, məktəbə daxil olan hər kəsin hərarətinin ölçülməsi, dezinfeksiya vasitələrindən istifadənin təmin edilməsi, eləcə də simptomları olan şəxs və onunla ünsiyyətə girmiş digər şəxslərin müəyyənləşdirilməsində məktəb heyətinə dəstək göstərilir.

Məktəblinin dostları şagirdlər arasında COVID-19 infeksiyasından qorunmaq üsulları ilə bağlı maarifləndirmə işinin aparılmasına da köməklik göstərirlər.

Bildirək ki, Bakı, Abşeron və Sumqayıt üzrə sıxlıq müşahidə edilən məktəblərdə koronavirusla bağlı zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə “Məktəblinin dostu” və “Bir” tələbə-könüllü layihələri üzrə dəstək komandaları təşkil edilib. Ümumilikdə, 300 məktəblinin dostu və 700 könüllü işə cəlb olunub. Komandalar Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20, Abşeron rayonu üzrə 20 məktəb olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ilin dekabrından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.

Xəbər lenti