Logo

Masallı rayonu Bədəlan ümumtəhsil məktəbinin rəhbərinin timsalında kənddə təhsilin vəziyyəti

22.06.2021 20:57 1040 baxış
IMG

Bir zamanlar yerli mətbuat orqanı olan “Cənub xəbərləri” qəzeti Masallı rayonu Bədəlan kənd tam orta məktəbinin hazırkı direktorunun təyinatını qumarbazın məktəb rəhbəri kimi təyin edilməsi kimi təqdim etmişdi. Lənkəran və Masallını birləşdirən yolun Bədəlan kəndindən keçən hissəsində bu adamın rəsmən öz adına olmayan adsız çayxanası, əslində qumarxanası var. Direktor təyin edilən vaxta qədər adı məktəbdə “əmək müəllimi” kimi “ölü canlar” arasında getsə də bahalı avtomobili də daxil olmaqla özü həmişə “xana”sında olardı. Daha sonralar isə vəzifədə olan qohumlarının əli ilə direktor vəzifəsini satın ala bildi. İndi isə adətən günün ikinci yarısı yenə da “xana”sında olur. Əsas işi isə azərkeşlərdən mərc oyunları, konkret futbol üçün pullu uduş varinatları yığmaqdır. Lakin onu deyim ki, yaxşı nərd oynamağı var, sadəcə tası 100 manatdan oynadığı üçün hər oğulun işi deyil onunla üz-üzə gəlmək. 
     

Qayıdaq onun mülkiyyətində olan “xana”ya. Kəndin mərkəzində və ağacların arasında yerləşən bu adsız, köhnə məkan çayxana hesab olunsa da əslində əməlli-başlı qumarxanadır. Təkcə ona görə yox ki, burada məktəb direktoru şəxsən futbol üçün mərc oyunlarının varinatını yığır. Həm də ona görə ki, burada gündüzlər stolüstü domina və gecələr poker kart oyunları, arada isə loto oyunları gedir. Ordakı qaydalara görə isə hər oyunun sonunda uduşun 20 faizi obyektin sahibinə çatır. Bir sözlə, bu məkan  çayxana və ya qumarxana yox, əsil kozinodur. Kimsə sual verə bilər ki, kəndin ortasında, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının gözü önündə məktəb direktoru bütün bu ağılasığmaz "oyun"ları necə oynaya bilir? Başqa bir sual isə budur ki, işi insanların təlim və tərbiyəsinə rəhbərlik olan məktəb direktoruna gənclərin əxlaqını pozan fəaliyyətinə valideynlər və müəllimlər, ən əsası kənd sakinləri necə dözürlər? Hüquq-mühafizə və yerli icra hakimiyyəti strukturlarında işləyən qohum və dostlarının himayəsinə güvənən bu adam Masallı 70 saylı Dairə Seçki Komissiyasının vəzifəli üzvü kimi güya dövlətə və hökumətə öz “sədaqət”ini də göstərməyə cəhd etməklə əməllərini pərdələmək fikrindədir. Lakin artıq sirr deyil ki, məhz belələri YAP sıralarına soxulub hökuməti gözdən salır...
     

Sözügedən bu “müəllim”in müsbət cəhəti budur ki, özündə söz saxlamır. Lakin özünü tərifləmək azarı onu çox zaman özündən asılı olmayaraq yalan deməyə məcbur edir. Məktəb müəllimlərinə özünü tərifləmək üçün iclas zamanı deyir ki, bütün məktəb direktorları rayondan kənara çıxanda müdirdən icazə alırlar, lakin bu qayda mənə aid deyil. Lakin reallıq budur ki, bu varlıq istirahət günlərində belə rayondan kənara çıxanda müdirdən icazə almağa məhkumdur. Daha sonra müəllimlərlə keçirtdiyi iclasda deyir ki, təhsili idarə edənlərin yerləşdiyi binanın birinci mərtəbəsindən tutmuş üçüncü mərtəbəsinə qədər hamını “görüm-baxım” etmişəm və hamısı mənim yanımda gözü kölgəlidirlər. Özünü bir az da yüksəkdə tutub müəllimlərə bildirir ki, hətta rayon icra hakimiyyətindən məktəbə gəlmək istəyəndə məktəb direktoru kimi əvvəlcədən yalnız mənə xəbər verirlər. İxtisaca texnologiya müəllimi olsa da heç vaxt jurnal götürüb sinfə girməyib və indi də girmir. Məktəbin şagirdləri onu müəllim kimi heç vaxt sinifdə görməyiblər və onun dərsləri adətən dərs cədvəlinin 6-cı qarafalarında olur ki, həmin zaman şagirdləri evə buraxmaq mümkün olsun. Məşhur bir sözünü də müəllimlərə tez-tez deyir: Məni sinfə girməyə məcbur etsələr mən ərizə verib işdən çıxmağı üstün tutaram. Lakin buna rəğmən həvəslə adına dərsləri taarifləşdirə bilib.
     

Özünü vəzifədə möhkəmləndirmək üçün bütün qohumlarını gözətçi, laborant və sair vəzifələrə təyin edib və bir-çoxları heç məktəbə də gəlmirlər. Məsələn, məktəbin katibəsi rayondakı özəl klinikada işləyir və məktəbdəki vəzifə maaşını direktorla bölür. Direktorun rəsmi təsərrüffat işləri üzrə müavini qohumudur. Lakin o işə gəlmir, onu arada qeyri-rəsmi təqaüddə olan bir müəllim gəlib əvəz edir. Məktəbin psixoluqu isə ümumiyyətlə məktəbə gəlmir və paytaxta sərnişin daşıma xidməti ilə məşğuldur. Məktəbin laborantlarından biri hazırda kənddə yaşamayan qohumudur və direktorun dediyinə görə onun ştatı ləğv edilib və digər laborant onunla maaşını bölməyə məcbur edilir. Direktor məktəbin müəllimlərindən birini çağırıb məktəbin ilk həmkarlar təşkilatının sədri təyin edildiyini və bir-sıra sənədlərə imza etməyin lazım olduğunu ona bildirəndən sonra müəllim bu seçki və təyinatdan xəbər tutub və təəccüblənib. Heç bir seçki və iclas keçirtmədən direktor bu özbaşınalığı edəndən sonra müəllim ilk təşkilatın sədri kimi ondan möhürünü tələb edənsən sonra isə direktor qəzəblənib müəllimdən sədrlikdən ərizə verməyini istəyib. Bir sözlə, direktor məktəbi şəxsi obyekti kimi işlədir.
     

Bədəlan kənd tam orta məktəbi bir zamanlar rayonda ən məşhur məktəblərdən olub. Lakin son illər məktəbdə şagirdlərin və hətta müəllimlərin davamiyyəti belə aşağı düşüb. Bu nəinki məktəbin tədris keyfiyyətinin aşağı düşməsinə, eləcə də belə direktoru olan məktəbə valideynlərin övlad göndərmək istəyinə belə mənfi təsir edib. Bu tam orta məktəb hazırda şagirdin attestat alması və onların dərsdən yayınıb rahat repetitor yanına getməsi üçün bir mexanizm rolunu icra edir. Təsadüfü deyil ki, faktiki məktəbə gəlməmək, lakin nəyinsə müqabilində digər yerlərdə kursa gedən şagirdlərin transferi bu məktəb üçün adi bir haldır. Bu cür əxlaq və mənəvi dəyərlərə malik, heç bir pedaqoji, psixoloji və məktəbşünaslıq biliyi olmayan, birinci növbə dərs bitməmiş məktəbi tərk edib, digər qanunsuz və müəllimə yaraşmayan fəaliyyətlə məşğul olan direktorun rəhbər olduğu məktəbin yuxarı siniflərinə valideynlər ümumiyyətlə övladlarını oxutmaqdan çəkinirlər. Məhz bu amillərin hesabına kənddəki 3 məktəbin IX siniflərini bitirən şagirdlərin, xüsusən qızların heç yarısı belə tam orta təhsil almırlar.
     

Məktəbin təlim nəticələri də ortadadır. Bu il ümumi orta təhsil üzrə təlim nəticəsi bu məktəb üzrə cəmi 26 faizdir. Halbuki bu rəqəm qonşu məktəblər üzrə azı bundan iki dəfə çoxdur. Məktəblilər arasında hər il 14-16 yaşlı şagirdlər arasında evlənmək adı altında pedefiliya baş verir. Bunu erkən nikah kimi xarakterizə etmək isə monipulyativ addımdır. Çünki erkən nikah 16 yaşdan yuxarı şəxslər arasında baş verən nikahdır. Məktəb rəhbərliyi də daxil olmaqla oradakı işçilərin əksəriyyətinin öz qızları və gəlinləri də 16 yaşdan aşağı nikaha  daxil olublar. Beləliklə, özləri cəmiyyətə erkən nikahı diktə edən bu ünsürlər necə şagirdlərin tərbiyəsi ilə məşğul olmağa mənəvi haqqa sahibdirlər?
     

Bu yaxınlarda respublikanın məşhur təhsil saytlarında və regiona bağlı kütləvi elektron informasiya vasitələrində bu məktəbin direktoru haqqında məqalə özünə yer almışdı. Hansıki əslən Bədəlan kəndindən və ali təhsili belə şübhəli olan, işi-sənəti rayondakı 70 saylı seçki dairənin ərazisindəki kəndlərində güya xeyrxahlıqla məşğul olmaq və oradakı məktəb rəhbərlərini, rayondakı jurnalistləri ələ almaq olan, profili fəaliyyəti ilə uyğun olmayan bir ictimai təşkilat rəhbəri bu yazıları saytlardan sildirməklə məşğul oldu. Kimlərin kimin yanında nə məqsədlə yer alması hər kəsə bəllidir, lakin bu barədə hələlik sükut edirik.  Məqalədən sonra məktəb direktorunun yazılanlardan nəticə çıxaracağı güman edilirdi. Lakin o bundan sonra respublika televiziyalarının birinin verilişlərinə ödəniş edərək öz dəbdəbəli qəsrini, qalaya xas darvazasını, bahalı avtomobilini və şahanə həyatını nümayiş etdirməkdən çəkinmədi. Biz hələ bu adamın rəhbəri olduğu məktəbdəki evdə təhsil siniflərindən, əndirəbadi dərs bölgüsündən və sair saxtakarlıqlardan danışmırıq. Sizcə respublikanın 10 minə qədər əhalisi olan kənddə məktəb direktoru bu imicdədirsə orada hansı təhsildən - təlim və tərbiyədən danışmaq olar? Siz belə rəhbəri olan məktəbə öz övladlarınızı, xüsusən qızlarınızı etibar edərsiniz?


Famil Mirzəyev

Xəbər lenti