İyun ayının 19-da ADPU Quba filialında Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim, dosent Ənvər Abbasovla və pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmovla görüş keçirilib.
Görüş dos.Ə. Abbasovun pedaqogika ixtisası üzrə peşəkar kadr hazırlığı istiqamətində gördüyü işlər və 70 illik yubileyi münasibətilə fəxri fərmanla təltif edilməsinə həsr olunub.
Görüş filialın direktoru dosent Yusif Alıyevin nitqi ilə başlanıb. Direktor bildirib ki, Azərbaycanda pedaqoji kadrların peşəkarlıq yönündə fəaliyyətində Ə. Abbasovun rolu əvəzsizdir. Y. Alıyev qonaqlara filialda yeni yaradılan ixtisaslar, qəbul planının artırılması ilə bağlı məlumat verib. Təhsil İnstitutu ilə ADPU Quba filialı arasında gələcək pedaqoji əməkdaşlıq imkanlarından söz açıb. Filialdakı Doktorant və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) fəaliyyətini diqqətə çatdırıb. Şuranın üzvü olan 19 doktorantın səmərəli, məhsuldar elmi fəaliyyəti barədə məlumat verib.
Daha sonra qonaqlar filialda yeni yaradılan Heydər Əliyev məktəb-lektoriyası ilə tanış olublar.
Daha sonra Y. Alıyev filialın yaradılma tarixi, 30 illik yubileyinin keçirilməsi ilə bağlı gələcək planlardan söz açıb. Ə. Abbasovu 70 yaşının tamam olması münasibətilə təbrik edib. Elmi şuranın qərarı ilə hazırlanan fəxri fərman Ə. Abbasova təqdim olunub.
Dosent Ənvər Abbasov səmimi təltifə görə, filialın direktoru və kollektivinə təşəkkürünü bildirib. Qeyd edib ki, filialla gələcək pedaqoji əməkdaşlığı şərəf hesab edir. Direktor müavini ölkədə pedaqoji təhsil sahəsində islahatların aparılması ilə bağlı xatirələrini bölüşüb. Bildirib ki, filialdakı abadlıq işləri, klassika və müasirliyin birləşdirilməsi göz oxşayır. Dos.Ə. Abbasov ali təhsil müəssisəsində son dərəcə səliqə və rahatlığın şahidi olduğunu söyləyib. Filialdakı yenilik və innovativliyi xüsusilə vurğulayıb. Görüşün bütün iştirakçılarına təşəkkürünü bildirib.
Pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov isə çıxışında ADPU Naxçıvan filialının 3 nəfər heyətlə yaradılması, 4 il ərzində 2 akademik, 2 müxbir üzv, 6 elmlər namizədi və professor yetişdirməsi, ölkədə pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələrinin əsasının qoyulmasından danışıb. Bildirib ki, ADPU Quba filialının bölgəyə fərqli yanaşma gətirilməsi xüsusilə vurğulanmalıdır. O, M. F. Axundov dövründən başlanaraq, təhsil müəssisəsi yaradılması uğrunda mübarizədən söz açıb. BDU-nun yaradılması ilə bağlı maraqlı faktları açıqlayıb. Ölkədə pedaqoji universitetin xeyli çətinliklərdən keçərək yaradılmasını vurğulayıb. Pedaqogikada gənc ruhun önəmindən bəhs edib. Bildirib ki, Ə. Abbasov 1980-ci illərdə elmə gələn pedaqoqlar nəslinin ən görkəmli nümayəndəsidir. O, təhsil islahatlarının həm nəzəriyyəçisi, həm də praktiki olub. Əcnəbi nəzəriyyənin öyrənilərək ölkədə tətbiqində müstəsna rol oynayıb. Filial kollektivinə tədbir münasibətilə təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Dos. Y. Alıyev səmimi və məzmunlu çıxışa görə hər iki pedaqoqa təşəkkürünü bildirib. Gələcək pedaqoji əməkdaşlıqdan şad olduğunu deyib.
Daha sonra Ə. Abbasov və F. Rüstəmov filialın Heydər Əliyev lektoriyası, akt zalı və digər auditoriyaları ilə tanış olublar.