Logo

Pandemiya ilə mübarizədə hər kəs bilməlidir ki, yeganə xilas yolu vaksinasiyadır

23.06.2021 10:03 590 baxış

Pandemiya ilə qlobal mübarizədə ölkəmizin fəal mövqeyi bu gün göz önündədir.Amma bir məsələ də var ki, yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Bunun üçün bütün dünya səfərbər olmalı, xüsusilə inkişaf etmiş və bu sahədə böyük təcrübəyə malik dövlətlər daha az inkişaf etmiş və kasıb ölkələrə yardım etməli, planetin bəlasına çevrilmiş bu xəstəliyin tamamilə ləğv olmasına çalışmalıdır. Xəstəliklə mübarizədə hər bir sahədə olduğu kimi, dövlətimiz beynəlxalq əməkdaşlığın tərəfdarıdır. Azərbaycan bu gün xüsusilə vaksinlərin həm milli, həm də dünya səviyyəsində ədalətli bölgüsü, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirir və etdirəcəkdir. Faktdır ki, Azərbaycan koronavirusla bağlı, əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Bəs vaksin nədir?, nə anlama gəlir?, ilk olaraq peyvəndin nə olduğunu bilmək vacibdir. Peyvəndlər orqanizmin özünə məxsus qoruyucu mexanizm inkişaf etdirə bilməsi üçün istifadə edilən maddələrdir. Bunlar ölü və ya dəyişdirilmiş mikroblar, eyni zamanda onların hissəcikləri ola bilər. Peyvəndlər iynə, ağız və burun yolu ilə orqanizmə daxil edilir.Peyvəndlər immun sistemimizin virus və bakteriyaları, həmçinin onların ifraz etdiyi zərərli maddələri tanımasını təmin edir. Beləliklə, peyvənddən sonra orqanizmə təhlükəli orqanizm daxil olduqda immun sistem ona qarşı hazırlıqlı olur və daha güclü mübarizə aparır. Peyvəndləmə nəticəsində yaranan müdafiə sistemi ilə xəstəliklər tamamilə dayandırıla və ya gedişi yüngüləşdirilə bilər. Keçmiş dövrlərdə də bir çox yoluxucu xəstəlik peyvəndləmə ilə nəzarət altına alınmışdır.Ümumi olaraq, peyvəndlər son dərəcədə təhlükəsizdir. Nadir hallarda əks təsirləri müşahidə oluna bilər. Peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır.Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır. Maska, məsafə və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacibdir, lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil.Gigiyenik təmizlik sağlamlığın qorunmasında ən vacib faktordur və hər zaman öz aktuallığını qoruyur və qoruyacaqdır. Bundan əlavə, peyvənd olunsaq da, maska, məsafə və təmizlik tədbirlərinə riayət etməliyik.Cəmiyyətin kifayət qədər böyük bir hissəsi peyvənd olunduqda, xəstəliyin başqalarına keçməsi azalır. Bu şəkildə çox sayda həyat xilas ola bilər.Bu səbəbdən özümüzü, yaxınlarımızı və cəmiyyətimizi qorumaq üçün peyvənd olunmağımız çox vacibdir. Covid-19 peyvəndindən sonra peyvəndin vurulduğu hissədə ağrı, qızdırma və halsızlıq kimi simptomlar müşahidə oluna bilər. Bunlar bədənin peyvəndə qarşı verdiyi təbii reaksiyaların nəticəsidir və bir müddət sonra öz-özünə keçir. Baş verə biləcək hər hansı dəyişiklik qətiyyən təhlükəli deyildir. Peyvəndin xəstəliyin qarşısını böyük nisbətdə aldığının artıq fakt olduğunu bilərək, hər birimiz bu prosesdə iştirak etməli, ölkəmizin və dünyanın bu virusdan xilas olması üçün bütün bəşəriyyət əl-ələ verməlidir.


Elşən Ağalarov
Neftçala rayon sakini, müəllim

Xəbər lenti