XXI əsrin uzaqgörən siyasətçisi cənab Prezident İlham Əliyev xalqımızı sevindirməkdə davam edir. Ötən gün Azərbaycan xalqına televiziya vasitəsilə müraciətində yeni müjdələr verən Ali Baş Komandan öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Regionda marağı olan böyük dövlətlərin oyunlarını zərgər dəqiqliyi ilə ölçən və hesablanmış siyasi addımlar atan dövlət başçısı milli hədəflərimizi nümayişkəranə şəkildə ortaya qoydu. Haqq səsimizi ucaldan və haqq işimizi istənilən beynəlxalq müstəvidə dilə gətirən cənab Prezident xalqın ona olan sevgisi ilə yola davam edir. Ordumuzun da cəbhədə düşmənə köks ötdürməsi yeni zəfərlər üçün gözləntilərimizi hər gün daha da artırır. Xalq-Prezident-Ordu vəhdəti öz şahlanış dövrünü yaşamaqdadır.
Yeni əməliyyatlar zamanı düşmənə zərbə vurduqca qənimətlərimiz də artır. İndiyə kimi düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu, 53 tank əleyhinə vasitə, 198 top, 58 minaatan məhv edilib, 12 minaatan, 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. Düşmənin arxayın olduğu dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Qeyd etmək yerinə düşər ki, “S-300” Rusiyada istehsal edilən uzun radiuslu zenit raket sistemidir. Seriyalı istehsalına 1975-ci ildə başlanılıb. 1978-ci ildə sistemin sınağı başa çatıb. 1979-cu ildən ilk “S-300” hərbi polku xidmətə götürülüb.
Bütün bunlar göstərir ki, düşmənin təxminən 2 milyard dollar dəyərində hərbi sursatı məhv edilib. Nəzərə alsaq ki, 2019-cu ilin dekabrın 6-da Ermənistan parlamenti 2020-ci ilin dövlət büdcəsi layihəsini qəbul ermişdir. Büdcənin gəlir proqnozu 3,5 milyard dollar, xərcləri 3,8 milyard dollar nəzərdə tutulmuşdur. Sual yaranır, Azərbaycan Respublikasının hərbi büdcəsindən belə az olan Ermənistanın dövlət büdcəsi bu növ silah və hərbi avadanlıqları hansı büdcə və şərtlərlə əldə edir? Bunlar məsələni tənzimləyən beynəlxalq konvensiyalara zidd deyilmi? Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar buna fikir verməyiblər? Cərəyan edən bütün bu proseslər Azərbaycan diplomatiyasının və hərbi qüvvələrinin necə bir mənfur düşmənlə üz-üzə olduğunu, bunlarla necə dəqiqliklə mübarizə apardığından xəbər verir. Düşmənin qorxaqlığından, mənfurluğundan, rəzilliyindən xəbər verir. Əgər belə olmasaydı, Gəncə şəhərinə namərd zərbələr endirməzdilər, dinc əhalini - uşaqlar, qadınlar, qocaları həlak etməzdilər. Bu o deməkdir ki, düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil.
Biz öz haqq işimizi təkcə cəbhədə deyil, diplomatik müstəvidə də uğurla aparırıq. Türkiyə, Pakistan, İsrail, Macarıstan, Ukrayna, Moldova, Bosniya və Hersoqovina və bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini açıq-aşkar bəyan edirlər. Qardaş ölkə Türkiyə, demək olar ki, hər gün Azərbaycanla bağlı təbliğatı ən üst səviyyədə aparır. Türkiyə rəsmiləri Azərbaycan necə uyğun bilərsə, elə də dəstək olacağıq şüarları artıq dillər əzbəridir və düşmənə göz dağıdır. Türkiyə rəsmilərinin tez-tez Bakıya olan səfərləri də məhz Ankara hökumətinin ölkəmizə olan sədaqətinin simvolu kimi qiymətləndirilməlidir. 20 oktyabrda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopdan sonra, bugün də Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ölkəmizə səfər etmişdir. Prezident İlham Əliyev Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb. Türkiyəli nümayəndə ilə görüş zamanı Azərbaycan Prezidenti deyib: “Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar”. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir.
Demək olar ki hər gün beynəlxalq ictimaiyyəti məlumatlandıran cənab Ali Baş Komandan Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtona nəzərdə tutulan səfəri və bu səfərdən gözləntilər barədə sualları cavablandırıb. “Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?” sualını cavablandıran dövlətimizin başçısı deyib:
“Əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir”.
Göründüyü kimi, cənab Prezidentin hər bir çıxışı, bəyanatı quldur rejimin simasını bütövlükdə ortaya qoyur. Cıdır düzündə sərxoş halda yallı gedən uşaq qatili Paşinyan indi isə “telefon xəttlərində” yallı gedir. Çarəsizlikdən hər dəqiqə bir-birinə zidd bəyanatlar verir. Öz xəyalında yeni hərbi strategiyalar qurur. Qələbə şüarlar səsləndirir. Lakin bütün bunlar cərəyan etdiyi müddətdə cəbhədə nələr baş verir?
Müzəffər Azərbaycan ordusunun torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda əks-hücum əməliyyatları uğurla davam edir!
Hüseyn Hüseynli,
BDU-nun Tarix fakültəsinin müəllimi