Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il 22 iyun tarixində Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) ilə birgə SIGMA proqramı çərçivəsində həyata keçirilən "Səriştə modelinin təsdiqlənməsi" üzrə pilot layihənin cari vəziyyəti, qarşıya çıxan çətinliklər və əldə olunan nailiyyətləri müzakirə etmək məqsədilə rəhbər komitənin görüşü təşkil edilib.
Tehsil.biz xəbər verir ki, görüşdə SIGMA koordinatoru və DİM-in əməkdaşı tərəfindən birgə fəaliyyətə dair təqdimatlar edilib, eyni zamanda rəhbər komitənin üzvləri – dövlət qurumlarının nümayəndələri layihənin gedişatı ilə əlaqədar təəssüratlarını bölüşüb, gələcək fəaliyyətlə bağlı təkliflər irəli sürüblər. Xatırladaq ki, daha əvvəl beynəlxalq ekspertlər İşçi qrupun üzvləri üçün “Situasiya əsaslı”, “Gələcəyə baxış” və “Fokus qruplar” kimi müsahibə üsullarının tətbiqi haqqında praktik məşğələlər keçib təlimatlar hazırlayıblar.
Beynəlxalq ekspertlərin dəstəyi ilə keçirilən dövlət qulluğunda "Səriştə modelinin təsdiqlənməsi" üzrə pilot layihənin seçilmiş dövlət orqanları İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apellyasiya Məhkəməsidir.