Logo

İlahiyyat İnstitutunun dekanı Beynəlxalq Simpoziumda iştirak edib

23.10.2020 21:37 473 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova Ankara şəhərində Türk Dil Qurumunun və Gazi Universitetinin təşkilatçılığı ilə keçirilən, Türkiyə Böyük Millət Məclisinin qurulmasının 100-cü ildönümünə həsr olunmuş “XII Beynəlxalq Dünya Dili Türkcə” Simpoziumunda məruzə ilə onlayn iştirak edib.


Simpoziumda “İlk türk-İslam əsərlərində Həzrət Məhəmməd təsəvvürü” mövzusunda məruzə ilə çıxış edən dos. E.Əzizova türklərin kütləvi şəkildə müsəlmanlaşması prosesində Məhəmməd peyğəmbərin həyatı və şəxsiyyəti ilə əlaqəli təsəvvürün Yusif Balasaqunlunun “Qutadqu-bilik”, Əhməd Yüknəkinin “Ətəbətül-həqayiq” və Xacə Əhməd Yəsəvinin “Divani-hikmət” adlı ilk türk-İslam əsərlərindəki yerini təhlil edib.

 

Məlumat üçün bildirək ki, 21 oktyabrda Gazi Universitetinin “Azərbaycan” salonunda plenar iclasla işə başlayan simpozium “Qarabağ”, “Xocalı”, “Naxçıvan”, “Gəncə” və “Bakı” adlandırılan beş salonda davam edir. Həm plenar iclasda, həm də məruzələrin dinlənildiyi salonlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə geniş şəkildə işıqlandırılıb.

 

Müxtəlif ölkələrdən iki yüzdən çox elm adamının məruzəçi kimi iştirak etdiyi simpozium bu gün başa çatır.

Xəbər lenti