Naxçıvan Dövlət Universitetinin (NDU) rəsmi internet saytı (ndu.edu.az) müasir proqram təminatı və tərtib olunmuş alqoritm əsasında yenidən hazırlanaraq istifadəyə verilib.
Tehsil.biz-in məlumatına görə, NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən təqdimat mərasimində çıxış edən universitetin rektoru Elbrus İsayev müasir dövrdə internet resurslarının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, saytın yenilənməsinin əsas məqsədi müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, rabitə və internet xidmətləri sahəsində fəaliyyəti gücləndirmək, kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etməkdir.
Bildirilib ki, həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılan saytda elektron xidmətlərin həcmi genişləndirilib, yeni modullar əlavə edilib. Həmçinin saytın mobil versiyası hazırlanıb. Saytın gələcəkdə rus və ingilis dili versiyalarının da yenilənməsi üzərində iş aparılır.
Universitetin İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli diqqətə çatdırıb ki, yeni sayt “Universitet haqqında”, “Administrasiya”, “Elm və təhsil”, “Elmi əsərlər jurnalı”, “Sosial-mədəni mühit”, “Tələbə təşkilatları”, “Bizimlə əlaqə” və s. bölmələrdən və ümumilikdə 120 səhifədən ibarətdir. Universitetin ilkin qısa təsviri ilə istifadəçilər əsas səhifədə, virtual səyahət bölməsi vasitəsilə universitetlə tanış ola bilərlər. “Xəbərlər və elanlar” bölməsində universitetdə keçirilən tədbirlərə dair xəbərləri izləmək mümkündür.
Bildirilib ki, saytda, eyni zamanda, universitetin daxili elektron sənəd dövriyyəsi sistemi (nsu.edu.az), universitetin elektron kitabxanası (lib.ndu.edu.az), dərs, imtahan və digər elektron cədvəlləri əks etdirən E-cədvəl veb tətbiqi və Elektron təhsil sistemi (lms.nsu.edu.az) portalına birbaşa keçid imkanı, ndu.edu.az elektron poçt ünvanından istifadə üçün E-poçt bölməsi də yaradılıb. Saytın rektora müraciət bölməsində istifadəçilər ərizə formasını doldurmaqla birbaşa rəhbərliyə öz müraciətlərini ünvanlaya bilərlər.
Diqqətə çatdırılıb ki, saytda ilk dəfə yaradılan onlayn sənəd qəbulu bölməsində Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanmış istənilən abituriyent universitetə gəlmədən onlayn qeydiyyatdan keçə bilər. İmtahan nəticələri bölməsi vasitəsilə tələbələr istənilən yerdən sayta daxil olaraq imtahan nəticələri barədə məlumatı əldə edə bilərlər.
Saytda universitetin “Elmi əsərlər” jurnalı üçün ayrıca səhifə hazırlanıb və keçid verilib. Universitetin sosial şəbəkələrdəki səhifələrinə keçidlər də yer alıb ki, bu da saytdan istifadə edənlərin sayının artmasında böyük əhəmiyyətə malikdir. Məzunlarla əlaqələrin gücləndirilməsi məqsədilə “Məzun anketi” bölməsində NDU-nu bitirən məzunlar qeydiyyat formasını dolduraraq universitetin elektron məzun bankının formalaşdırılmasında iştirak edə bilər. Mövcud resurslardan istifadə edərək sayt üçün hosting server qurulub. Bu isə o deməkdir ki, artıq universitet özü müxtəlif qurumlara məxsus veb saytlar üçün hosting şirkətini əvəz edə bilər.
Qeyd edək ki yeni serverin və saytın təhlükəsizliyi tam şəkildə təmin olunub, sayt üçün SSL güvənlik sertifikatı yüklənilib.