Logo

MDU-da “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda seminar

25.10.2020 18:46 523 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) “Rəqəmsal ödənişlərin tətbiqi yeni dövrün tələbidir” mövzusunda nəzəri-praktiki seminar keçirilib.

 

“Kapital Bank” ASC Mingəçevir filialı ilə birgə ZOOM platforması üzərindən online formatda təşkil olunan seminarda MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi və böyük qətiyyəti, müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində son günlər əldə edilən möhtəşəm qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib.

 

Sonra seminarın mövzusunun aktuallığına toxunan Ş.Bayramov “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələn məsələlər haqqında ətraflı məlumat verib.

 

Seminarın sözügedən Dövlət Proqramının icrası üzrə müvafiq Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu qeyd edən rektor proqramın vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi baxımından əhəmiyyətindən danışıb.

 

Ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edən Ş.Bayramov qlobal pandemiya şəraitində rəqəmsal ödəniş alətlərindən istifadənin aktuallığının artdığını diqqətə çatdırıb.

 

Eyni zamanda, dördüncü sənaye inqilabı dövrü ilə əlaqədar olaraq cəmiyyət həyatının bütün sahələrində rəqəmsallaşmanın artırılması, rəqəmsal ödənişlərin tətbiqinin genişləndirilməsi üçün onların üstünlüklərini təbliğ edən müvafiq maarifləndirmə işlərinin aparılmasına ciddi ehtiyac olduğu vurğulanıb. Ş.Bayramov MDU-nun gələcəkdə bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.

 

Tədbirdə çıxış edən “Kapital Bank” ASC Mingəçevir filialının müdiri Elşən Qasımov MDU-nun tələbə, magistrant və professor-müəllim heyəti ilə görüşməkdən məmnun olduğunu söyləyib. “Maliyyə xidmətlərinin genişlənməsində rəqəmsal ödənişlərin tətbiqinin rolu” mövzusundakı təqdimatında E.Qasımov rəqəmsal ödənişlərin üstünlükləri, alətləri, “Kapital Bank” ASC-nin bu istiqamətdə müştərilərə yaratdığı imkanlar, göstərdiyi xidmətlər, məlumatların qorunması, əməliyyatların təhlükəsizliyi və digər məsələlər haqqında ətraflı məlumat verib.

 

Seminar MDU-nun iqtisadiyyat kafedrasının müəllimi Arif Kələşovun “Azərbaycan Mərkəzi Bankının fəaliyyətində innovativ ödəniş texnologiyaları” mövzusunda məruzəsi ilə davam edib.

 

Rəqəmsal ödənişlərin və elektron xidmətlərin geniş tətbiqinin şəffaflığın təmin edilməsinə, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına və iqtisadi artıma müsbət təsirini qeyd edən məruzəçi  müasir dövrdə rəqəmsal ekosistemin inkişafında Mərkəzi Bankın rolundan, Azərbaycanda blokçeyn texnologiyalarının tətbiqi və kriptovalyutalardan istifadə perspektivlərindən danışıb.

 

“Smart kart və onun üstünlükləri” mövzusunda çıxış edən MDU-nun informasiya texnologiyaları kafedrasınn müəllimi Şəbnəm Nəsirova smart kartların quruluşu və onların növləri haqqında məlumat verərək, respublikada smart kartlar vasitəsilə birbaşa ödəmə sistemlərinin inkişafı, təkmilləşdirilməsi və dünya ödəmə sistemlərinə inteqrasiyası barədə danışıb.

 

MDU-nun informasiya texnologiyaları kafedrasının müəllimi Nərmin Əhmədova “Elektron ticarətdə ödəniş sistemləri” mövzusunda çıxış edib. Müasir dövrdə elektron ödənişlərin internet-kommersiya və internet-bankçılığın inkişafı ilə geniş vüsət aldığını qeyd edən məruzəçi nağdsız ödənişlər zamanı müştəri məmnuniyyətinin artırılması, həmçinin bu ödənişlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ölkədə aparılan məqsədyönlü tədbirlər barədə məlumat verib.

 

Seminarda mövcud vəziyyətlə əlaqədar kiberhücumların artdığı bir şəraitdə rəqəmsal təhlükəsizlik məsələləri, MDU və “Kapital Bank” ASC Mingəçevir filialı arasında əməkdaşlığın perspektivləri, o cümlədən rəqəmsal tətbiqlər vasitəsilə yeni əməkdaşlıq modellərinin qurulması imkanları və digər mövzularla bağlı müzakirələr aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Xəbər lenti