Məlum olduğu kimi, 24 iyun 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə əvvəlki imtahanda üzrlü səbəbdən iştirak etməyən XI sinif şagirdləri üçün Azərbaycan dili fənnindən ikinci test imtahanı keçirilib.
İmtahanın nəticələri bu gün saat 15:55-dən etibarən DİM-in internet saytında yerləşdirilib. Şagirdlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər isə şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtell) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 2432 nəfərdən 157 nəfəri imtahana gəlməyib.
İmtahanda abituriyentlərə (şagirdlərə) 30 test tapşırığı təqdim edilir.
Abituriyentlərin (6 rəqəmli iş nömrəsi olanlar) imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Maksimal bal 30 baldır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 15 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.
Şagirdlərin (8 rəqəmli iş nömrəsi olanlar) isə imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Şagirdlərin topladıqları bal attestatlarına yazılır.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verən şagirdlərin nəticələri 50 və daha yuxarı bal olduqda “məqbul” hesab olunur və müsabiqəyə buraxılırlar.
İmtahanların nəticələrinə əsasən 1364 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 26-28 iyun tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Bir abituriyentin (şagirdin) ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya prosesi 29-30 iyun tarixlərində onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) təşkil ediləcək.