Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil Könüllüləri İctimai Birliyinin (ADPU TKİB) universitetin 100 illik yubileyinə həsr olunmuş “#VİKİADPU” - vikipediya təlimləri layihəsi çərçivəsində Qorqud Vikipediya Metodik Klubunun təlimlərinə qatılan və Azərbaycan və xarici dillərdə vikipediyada məqalələr yaradan ADPU-nun aktiv əməkdaş və tələbələri iyunun 24-də klubun rəhbəri, millət vəkili Elnur Allahverdiyev tərəfindən diplomlarla təltif edilib.
Bu gənclərin bir qismi ilə görüşdə onların informasiya savaşında göstərdikləri aktiv fəaliyyətlərinə görə təşəkkür edən millət vəkili E.Allahverdiyev tələbələrin bilik və bacarıqlarının cəmiyyətimizin gələcəyi üçün ən əhəmiyyətli faktorlardan olduğunu diqqətə çatdırıb.
ADPU TKİB-in təltif olunan üzvləri arasında universitetin dosenti Mirvari Verdiyeva, təşkilatın sədri Taleh Mirzəyev, aktiv iştirakçılardan Aytac Səmədova, İntiqam Mərdanlı, Aslan Heybətov, Elmira Poladova, Bikəxanım Qulaməddinova, Günay Dəmirzadə və Rəfiqə Pənahova yer alır.
Qeyd edək ki, təlimlər 2021-ci ilin fevral-aprel ayları ərzində reallaşdırılıb.
Layihə çərçivəsində onlayn təlimlərdə vikipediyada işləmə bacarıqlarını mənimsəyən iştirakçılar tərəfindən təxminən vikipediyaya 50 yeni məqalə, 60-dan çox orijinal fotolar əlavə edilib, 15 məqalədə əsaslı redaktə aparılıb. Məqalələr, əsasən, Vətən müharibəsi, elmin müxtəlif sahələri və ADPU ilə bağlıdır.