26 İyun - Silahlı Qüvvələr günü münasibətilə ADPU-nun Quba filialının kollektivi Vətən müharibəsi qaziləri ilə görüşüblər. Görüşdə filialın direktoru dosent Yusif Alıyev, tədris və elmi işlər üzrə direktor müavini t.f.d İsmayıl Mahmudov, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, direktor köməkçisi Mürvət Əliyev, baş mühasib Mahirə Malıyeva, mühasib müavini Mətanət Ağasıyeva, İKT şöbəsinin müdiri Yusif Abayev, müdir müavini Hikmət Musayev, statistik Sərxan Ağası, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev iştirak ediblər.
Öncə ADPU Quba filialının kollektivi Quba Şəhidlər Xiyabanını ziyarət edib, Qarabağ mühaibəsi şəhidlərinin ruhlarına rəhmət oxuyublar.
Quba rayonunun Alpan kəndində təşkil edilən görüşdə Vətən müharibəsi qaziləri Ağadadaş Dadaşov, Murad Babayev, Ömər Laçınov iştirak ediblər. Qazilər 27 sentyabr tarixindən başlayan və 44 gün çəkən Vətən müharibəsindəki şücaətlərindən və döyüş yollarından, yaralanmalarından danışıblar. Qazilərdən Ağadadaş Dadaşov “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, Murad Babayev “Füzulinin azad edilməsinə görə”, Ömər Laçınov “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunublar.
Direktor dosent Yusif Alıyev bildirib ki, qazilərə, Şəhid ailələrinə diqqət hər kəsin vətəndaşlıq borcudur. Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə baş tutan Vətən müharibəsi zəfərini hər bir vətəndaş şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə borcludur. Direktor çıxışında Ağdamın xeyli hissəsinin minalarla döşənməsi, Azərbaycanın strateji ayıq-sayıqlıq nəticəsində düşmənin ən çətin həmlələrini dəf etməsindən söz açıb. Bildirib ki, Azərbaycan həm də uğurlu bir informasiya siyasəti yürüdüb və haqq səsini bütün dünyaya çatdırıb. Direktor qazilərlə səmimi söhbət zamanı özünün hərbi xidmət xatirələrini də bölüşüb. Dos Y. Alıyev 2-ci Qarabağ müharibəsinin necə strateji planlaşdırılmış şəkildə aparılması, dünya ölkələrinin mətbuatında Şuşa döyüşləri lə bağlı xeyli material yayımlanması, döyüş prosesinin kifayət qədər düşünülmüş şəkidə icrası kimi məsələlərə toxunub. Bildirib ki, tarixin gözü belə bir döyüşə şahidlik etməyib. Bu həm də cənab Ali Baş Komandan İlham Əliyevin illərdir apardığı uğurlu, balanslaşdırılmış daxili və xarici siyasətin nəticəsidir.
Qazilərlə diskusiya şəraitində davam edən görüşdə onların döyüş xatirələri əsas yer alıb. Həmçinin Qarabağın müxtəlif ərazilərinin xarakterik cizgiləri, fərqli xüsusiyyətlərindən, Azərbaycanın coğrafi-strateji mövqeyindən, müharibə zamanı əhalidəki ruh yüksəkliyindən və birlikdən söz açılıb. Qazilər düşmənin əkin sahələrindən belə, həmlə istehkamı kimi istifadə etməsindən, dəhşətli istehkamlardan danışaraq erməni fitnəkarlığına toxunublar. Qeyd edilib ki, müharibə zamanı düşmən üzərinə hücum zamanı münbit torpaqların tunellər, minalanmış sahələrlə əhatə olunması məlum olub. Bu isə düşmənin əslində torpağın əsl sahibinin kim olduğunu anlaması mənasına gəlir. Qazilər üçtərəfli bəyanatın, qələbənin onlarda yaratdığı təəssüratlardan da söz açıblar.
Dos.Yusif Alıyev Pezident İlham Əliyevin əcnəbi mediaya müsahibələrindən söz açıb. Bildirib ki, düşmənin əsl simasını xalqa tanıtdığına görə, Ali Baş Komandana təşəkkür düşür.
Görüşün sonunda bir daha 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqının qəhrəman oğul və qızları alqışlanıb, qazilər və filialın kollektivi birlikdə xatirə şəkli çəkilib.
Mətni hazırladı: Lamiyə Süleymanlı