Logo

Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır

26.06.2021 12:36 612 baxış
IMG

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində bir sıra ciddi uğurlara imza atdı.

 

Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. İlk nizami hərbi hissənin yaradılması milli silahlı qüvvələrin formalaşdırılmasında mühüm addım idi. 
Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ordu  quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi.

 

Ümummilli Liderin  22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.


Vətən müharibəsində qələbəmizdə müstəqilliyin ilk illərində Ulu Öndərin əsasın qoyduğu siyasət, sonrakı dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən siyasət mühüm rol oynadı. Bu gün Azərbaycan dünyada ordusu nizamlı, yüksək döyüş qabiliyyətinə və müasir silahlara malik ölkələrdən biri sayılır və günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır. 
Qısa müddətdə Azərbaycan silah alan ölkədən istehsal edən ölkəyə çevrildi. Bu baxımdan 2006-cı ildə ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illər ölkəmizdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, həmin məhsulların bir hissəsi ixrac edilir.


Son illər Azərbaycan ordusunun əsgər və zabitlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də ölkəmizdə böyük işlər görülmüş, onlarla yeni hərbi şəhərcik yaradılmışdır.

 

Hərbiçilərin xidmət şəraiti daha da yaxşılaşdırılmış, son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. 


Son illər ordu quruculuğu sahəsində görülmüş bütün bu tədbirlər Azərbaycan ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirmiş, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə ciddi töhfə  vermiş, Azərbaycan ordusunun düşmən üzərində qələbəsini təmin etmişdir. 


Bu günlərdə Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” barədə imzaladığı sərəncam dövlətimizin hərbçilərə diqqət və qayğısının növbəti nümunəsidir.


Azərbaycanda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yüksəldilməsi istiqamətində ardıcıl şəkildə həyata keçirilən tədbirlər bir çox aspektlərdən xüsusi önəm daşıyır. 
Azərbaycan Ordusuna, bu ordunun hər bir əsgər və zabitinə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı var. Ötən gün Vətən müharibəsində iştirak edən ordumuzun əsgər və zabitlərinin mükafatlandırılması bu fikri bir daha təsdiq edir. Eyni zamanda hərbi qulluqçuların əmək haqlarının artırılması, 70 mindən çox hərbçinin təltif olunması bir daha onu göstərir ki, ölkə rəhbərliyi ordumuza böyük diqqət və qayğı nümayiş etdirir.

 

Ceyhun Məmmədov

 

Milli Məclisin deputatı

Xəbər lenti