Bu gün Silahlı Qüvvələr Günüdür! Etiraf edirəm ki, heç vaxt bu kəlmələri belə qürurla yazmamışam.
Bu il bizi qürurlu edən Ordumuz Silahlı Qüvvələr Günündə ən səmimi, ən gözəl təbriklərə layiqdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ordumuz barədə ən gözəl sözləri deyib, ən layiqli qiyməti verib: “Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər ordumuz öz tarixi missiyasını yerinə yetirdi. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.
Ordu dövlətin əsas sütunlarından biridir.
Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 1918-ci ildə - Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider bu Fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Dahi rəhbərin ruhu şad olsun!
Rəhbərlik etdiyim ADAU kollektivi adından 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətin təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayırıq!
İbrahim Cəfərov,
Professor, ADAU-nun rektoru