Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası, Tələbə Elmi Cəmiyyəti və Azərbaycanşünaslıq ETL-nin təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri gününə həsr olunmuş “Azərbaycan ordusu: Zəfər tariximiz” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Tədbirin moderatoru, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri v.i.e. dos. Qorxmaz Mustafayev qeyd etdi ki, Cümhuriyyət ordusunun yarandığı 26 iyun tarixi Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilib.
Tədbirdə çıxış edən Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğunun mərhələləri, Azərbaycan ordusunun keçdiyi qəhrəmanlıq yolu haqqında məlumat verdi. Ordunun yarandığı ilk illərdə siyasi vəziyyəti təhlil edən natiq, real faktlarla müasir ordumuzun formalaşdırılması istiqamətində keçilən yolları diqqətə çatdırıb.
44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olub, Ali Baş Komandan tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunan Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aydın Eyvazov “Zəfər ordusunun səngər psixologiyası” mövzusunda çıxış edib. Vətəni düşməndən azad edən qəhrəman Azərbaycan əsgərinin səngər əhval-ruhiyyəsini diqqətə çatdırıb.
Azərbaycan Dillər Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Elşən Məcidov “Müasir Azərbaycanın dövlət qüdrəti: riyazi hesablamalar əsasında” mövzusunda çıxış edərək müharibədə iştirak edən tərəflərin insan potensialını, hərbi və iqtisadi gücünü riyazi hesablamalarla diqqətə çatdırıb. Azərbaycan dövlətinin real gücünü müqayisəli şəkildə təhlil edib.
Magistratura şöbəsinin tələbəsi Nəzmin Maarifzadə çıxışında Azərbaycan Silahlı qüvvələrinin müstəqilliyimizin əsas dayağı olduğunu, ordunun formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xronoloji ardıcıllıqla diqqətə çatdırıb.
Tədbirin sonunda Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, tarix elmləri doktoru İbrahim Kazımzadə çıxışçılara və tədbir təşkilatçılarına təşəkkürünü bildirib. Azərbaycan ordusunun zəfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici və daxili siyasətinin əsas tərəflərini diqqətə çatdırıb.