Logo

Abdulla Şaiqin inqilabdan əvvəlki pedaqoji fəaliyyətinə bir nəzər

27.06.2021 15:02 1116 baxış
IMG

XX əsr Azərbaycan ədəbiyyatının banilərindən olan Abdulla Şaiq  ömrünün yarıdan çoxunu xalq maarifinin inkişafına sərf etmişdi. Abdulla Şaiq şair, nasir, dramaturq, tərcüməçi, qayğıkeş müəllimolmaqla yanaşı həm də bir çox dərs kitablarının müəllifidir.


Abdulla Axund Mustafa oğlu Talıbzadə –– Abdulla Şaiq 1881-ci il fefral ayının 21-də Tiflisin “Şeytanbazar” deyilən yerdə anadan olmuşdu.

 

A.Şaiqin doğumu haqqında arxivdə saxlanılan sənədlərdə göstərilir: “Bu Zaqafqaziya Şiə Ruhani İdarəsindən Tiflis, həmçinin həmin quberniyanın sakini Abdulla Molla Mustafa oğlu atasının qanuni həyat yoldaşı Talıbzadə Mehri Cəfər qızı 24 rəbbiüləvvəl 1298 il hicri, xristian təqvimində  12 fevral 1881-də anadan olub.

 

Doğulduğu ay və tarixi bilinir. Ruhani Şurasının imzası və rəsmi möhürün tətbiqi ilə təsdiqlənir.

 

23 sentyabr 1893-cü il. Tiflis №1408. Marka rüsumu ödənildi.


Ruhani İdarə Heyətinin sədri, Zaqafqaziya Şeyxülislamı Axund M.Mövlazadə, üzvlər: Axund M.Talıbzadə, Axund M.Axundzadə” (üzvlərdən M.Talıbzadə Abdulla Şaiqin atasıdır).


Qeyd edək ki, Abdulla Şaiq doğulmamışdan öncə gənc ailədə Abdulla adlı bir oğlan uşağıdünyaya gəlmişdi. Onun gəlişi böyük sevincə səbəb olmuşdu. Lakin ata-ananın sevinci uzun sürməmişdi. Uzun zaman yolunu gözlədikləri Abdulla gənc ailənin hüzn və kədərinə səbəb olur. Uşaq körpə ikən dünyasını dəyişir. Bir müddət gənc ata-ana uşağın yoxluğu ilə barışa bilmir. Lakin çox keçmir ki, gənc ailənin qurduğu ocağa yeni sevinc gəlir. Bu Allahtəalanın hökmü ilə Abdullanı əvəz edəcək körpə dünyaya göz açır. Uzun “səfərdən” gələn oğlan uşağı özü ilə bacı da “gətirir”. Bu da ikiqat sevincinə səbəb olur. Ata əvvəlinci oğlunu yaşatmaq üçün yeni doğulmuş övladına Abdulla, övladının adı “geri qayıtdığına” görə qızına Raziyə (qayıdan) adını verir. Lakin təəssüflər olsun ki, Raziyə də çox yaşamır. Üç aylığından o ailəni tərk edir.
Abdullanın atası Axund Mustafa Süleyman oğlu dövrünün məşhur din və maarif xadimlərindən idi. Axund Mustafa ali dini təhsilini Təbrizdə məşhur olan Hacı Səfərəli mədrəsəsində bitirmişdi.Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra Şiə Ruhani İdarəsində yüksək rütbəli din xadimlərinin qarşısında imtahan verərək “Axund” rütbəsinə layiq görülmüşdür. O, bir müddət Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilmiş, məktəb və dərsliklərin yaradılması işinə nəzarət etmiş, Tiflis şəhəri üzrə Qazinin, sonra isə Zaqafqaziya üzrə Şeyxülislamın müavini olmuşdur.  Balaca Abdulla atasının1888-ci ildə Tiflisin azərbaycanlılar yaşayan hissəsində ərəb və fars dillərindən dərs dediyi 6 sinifli Azərbaycan məktəbində oxumuşdu.
İki mərtəbədən ibarət olan məktəb mülkün birinci mərtəbəsində yerləşirdi. Mülkün sahibi isə Hacı Rza adlı bir şəxs idi.


Bir müddət burada təhsil aldıqdan sonra anası Mehri xanım Abdullanı və qardaşı Yusifi Xorasan ziyarətinə aparmaq üçün əri axund Mustafadan icazə istəyir. Lakin Axund ilk öncə onların bu səfərə getməsinə etiraz edir. Buna da uşaqlarının kiçik, arvadının cavan olmasını səbəb gətirirdi. Əsl səbəb isə ailədə yaranmış umu-küsülük idi. Mehri xanım bu müqəddəs səfərə getmək üçün ərindən icazə almaqda təkidli idi. Axund Mustafa naəlac qalıb ailəsini qonşu qadın ilə səfərə getməyinə razılıq verir.
1893-cü ildə  Abdulla, qardaşı Yusif anası ilə Xorasana, indiki Məşhəd şəhərinə səfər edir. Onlar Axund Mustafanın hər ay göndərdiyi kifayətedici pulla dolanırlar. Abdulla ilk öncə mollaxanada oxuyur. Burada Çərəkə, Quran, “Cameyi-Abbas”, “Gülüstan” kimi kitablar tədris edilirdi. Lakin mollanın bir dəfə onu çubuqla vurması nəticəsində Abdullanın buradan qaçmasına səbəb olur. Bir qədər sonra isə İmam Rzanın ziyarətgah yeri yaxınlığında Mirzə Yusif adlı bir ziyalının açdığı şəxsi məktəbdə təhsilini davam etdirir. Qardaşlar burada fars və ərəb ədəbiyyatını öyrənməkdən savayı tarix, məntiq, psixologiya və başqa fənləri dərindən mənimsəməyə başlayır.


1899-cu ildə ailə Tiflisə qayıdır, Abdulla isə Xorasanda qalıb təhsilini davam etdirir.
1900-cu ildə anası Abdullanı vətənə gətirmək üçün Xorasana gəlir. Lakin Abdullanın etirazlarına baxmayaraq Mehri xanım onu Tiflisə gətirir.


Bir müddət sonra atasının yaşının çoxluğu, həmçinin səhhətinin zəifliyi nəzərə alan Abdulla müəllimlik şəhadətnaməsi almaq üçün Bakıya gəlir.O, ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. Söhbət əsnasında N.Nərimanov da ona müəllimlik şəhadətnaməsi almağı məsləhət görür.
Qeyd edək ki, N.Nərimanov bu ailə ilə həmişə isti münasibətdə olub. O, Qori müəllimlər seminariyasında təhsilini başa vurduqdan sonra da axundla tez-tez görüşərdi. Bu münasibət ailə daxilinə də keçmişdi. Mehri xanım uşaqlarını vaxtaşırı götürüb N.Nərimanovun anası Həlimə xanıma baş çəkərdi.


Sənədlərdən aydın olur ki, Abdulla Talıbzadə 22 aprel 1901-ci ildə Bakıda Aleksandr gimnaziyasındasəkkiz nəfərdən ibarət olan xüsusi komissiya  qarşısında imtahan verərək orta məktəblərdə Azərbaycan dili dərsinin tədrisi üçün müəllimlik şəhadətnaməsi alır.
Arxivdə diqqət çəkən sənədlərdən biri də 10 may 1901-ci ildə Abdulla Talıbzadəyə verilən başqa bir şəhadətnamədir. Bu dini biliyi haqqında Tiflis müsəlman məktəbinin ştatlı nəzarətçisi, Zaqafqaziya Şeyxülislamı Axundzadənin imzası və möhürü ilə xüsusi təlim üzrə ilk iki sinfi bitirərək III sinfin birinci bölməsinə daxil olması haqqında Abdulla Talıbzadəyə verilən şəhadətnamə idi.
Abdulla Şaiqin müəllimlik şəhadətnaməsi aldığını bilənN.Nərimanov onun işlə təmin olunması üçün Bakı Dumasının maarif şöbəsi müdirinə aşağıdakı məzmunda müraciət edir.

 

“Mixail Aqanoviç!
Qulluğum Sizinlə görüşməyimə mane olur, ancaq alicənablığınıza və xeyirxahlığınıza güvənərək Sizə məktub yazmağa cəsarət edirəm. Sizdən xahiş edirəm ki, Mirzə Abdulla Talıbzadəni rus-tatar (Azərbaycan) məktəblərinə tatar (Azərbaycan) dili müəllimi vəzifəsinə təyin edəsiniz, onun bu fənni tədris etməyə səlahiyyəti vardır və rus dilini də kifayət qədər yaxşı bilir. Əgər Siz onun sənədlərini başqalarının sənədləri ilə müqayisə etsəniz, onun başqalarından fərqlənən ləyaqəti aydınlaşır.
Narahat etdiyim üçün bağışlayın. Xidmətinizdə həmişə hazıram, Sizə hörmət edən N.Nərimanov  Bakı, 17 sentyabr 1901-ci il”.

 

Təəssüf ki, yer olmadığından gənc Abdulla“ehtiyat müəllim”qalmağa razılıq verir.

 

Abdulla Şaiq 1902-ci ildə Bakıda Azərbaycan maarifçisi Həbib bəy Mahmudbəyovun müdir olduğu 6 sinifli şəhər məktəbinə müəllim təyin olunur. Məktəbdə dərs yükünün azlığı Abdullanı qane etmir. Maddi vəziyyətini yaxşılaşdırmaqdan ötrü başqa bir məktəbdə də dərs demək üçün yollar arayır və“Lifli maddələrin emalı səhmdar cəmiyyəti”nin nəzdində açılacaq məktəbdə işləmək üçün həmin cəmiyyətin sahibi,milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə 20 noyabr 1903-cü ildə məktubla müraciət edir. Müraciətdə Mirzə Abdulla Talıbzadə xahiş edir ki, Bakı şəhər rus-tatar məktəbinin ehtiyatda olan şəriət və yerli dil müəllimi kimi “Lifli maddələrin emalı səhmdar cəmiyyəti” nəzdində yeni açılacaq məktəbə təyin edilməsinə icazə verilsin.
Lakin H.Z.Tağıyev Abdullanın məktubu ilə tanış olduqdan sonra Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəblərinin direktoru A.S.Tixoryevskiyə aşağıdakı məzmunda məktub göndərir.


“Bu il ( il yazılmayıb) 23 avqust tarixdə, H.Z.Tağıyevin “Lifli Maddələrin Emalı üzrə Qafqaz Səhmdar Cəmiyyətinin İdarə Heyəti”nə Zati-alinizin adı çəkilən səhmdar cəmiyyətində məktəbin açılması ilə əlaqədar müsəlman etiqadı üzrə şəriət və tatar (Azərbaycan) dili müəllimi Mirzə Abdulla Talıbovun ora təyin olunması xahiş edilir.

Hal-hazırda Talıbov Sabunçu üç sinifli məktəbə eyni vəzifəyə dəvət olunub. Səhmdar Cəmiyyətinin İdarə Heyəti Zati-alinizə bildirməkdən şərəf duyur ki, Talıbov Sabunçu məktəbinə təyin olunarsa, idarə heyəti öz tərəfindən fabrik məktəbinə başqa bir müəllim təyin olunması üçün xüsusi müraciət etsin”.

 

Bizə elə gəlir ki, H.Z.Tağıyevin bu cür şəkildə müraciət etməkdə məqsədi müəllimlik şəhadətnaməsi almış, lakin heç bir yerdə işləməyən azərbaycanlı müəllimlərimizi cəlb etməklə, onların yaşayış şəraitini yaxşılaşdırmaq idi.  Lakin bu  müraciətə baxmayaraq Abdulla Şaiq həmin illərdə bir neçə məktəbdə pedaqoji fəaliyyətini davam etdirir. Bundan əlavəAbdulla Şaiq Bakıda 3 sinifli kişilər məktəbində və Ramana məktəblərində ayrı-ayrı illərdə müəllim işləmişdi.

 

Abdulla Şaiq müəllimlik fəaliyyəti ilə bərabər körpə balalarımızın da qayğısına qalırdı.Buna görə də o, uşaq baxçası açmaq qərarına gəlir və Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktoru A.S.Tixoryevsiyə aşağıdakı məzmunda ərizə ilə müraciət edir.

 

“Zati-aliləri Sizdən xahiş edirəm Bakı şəhərində müsəlman uşaqları üçün uşaq bağçası açılmasına icazə verəsiniz. Uşaq baxçası həmişə mənim nəzarətim altında olacaq. İllik ödəniş 140 (yüz qırx) rubldır. Uşaq baxçası Verxnaya-Priyutskaya küçəsi(indiki Şamil Əzizbəyov –– A.K.), ev №80-də olacaq.
Mirzə Abdulla Tağızadə, 29 sentyabr 1916-cı il, Bakı şəhəri.”


06 oktyabr 1916-cı ildə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktorutərəfindən Bakı realni məktəbi müdirinin adına aşağıdakı məzmunlu məktubda A.Talıbzadə tərəfindən uşaq baxçası açılmasına onun tərəfindən etirazın olub-olmadığını bilmək üçün müraciət olunur.


 “… Zati-alinizdən xahiş etməkdən şərəf duyuram ki, bu mövzuda Sizin tərəfinizdən hər hansı bir etiraz varsa, mənə məlumat verəsiniz”.


Həmin realni məktəbin direktorunun  11 oktyabr 1916-cı il 256 nömrəli cavab məktubunda Mirzə Abdulla Talıbzadə tərəfindən uşaq baxçasının açılmasına heç bir etiraz olmadığı bildirilir.
 

Maraqlıdır ki, Abdulla Şaiqə baxçanın açılmasına hələ iki əvvəl icazə verilməsinə baxmayaraq, bəzi dairələr tərəfindən süründürməçiliyə yol verilmişdir. Buna biz Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktorunun məktubunda rast gəlirik.
 

 “Zati-alinizin nəzərinizə çatdırmaq istəyirəm ki, realni məktəbin tatar (Azərbaycan) dili müəllimi Mirzə Abdulla Talıbzadəyə uşaq baxçası haqqında icazə 1914-cü ilin 01 iyul tarixdə verilib”.
 

Abdulla Şaiq müəllimlik fəaliyyətindən savayı, həm də ilk dərs kitablarının müəllifidir. O, Azərbaycan ədəbiyyatı və dildən xüsusi proqramlar, ibtidai, orta və ali məktəblər üçün dərs kitabları hazırlamışdı.


1906-cı ilin avqustunda və 1907-ci ildə Azərbaycan müəllimlərinin birinci və ikinci qurultayları çağırılır. Abdulla Şaiq bir gənc müəllim kimi birinci qurultayda çıxış edərək ana dili və ədəbiyyatın tədrisi, yeni dərsliklər yaratmaq haqqında öz təkliflərini verir. Bu təklifindən irəli gələrək A.Şaiq 1907-ci ildə birinci siniflər üçün yazdığı “Uşaq gözlüyü”, “Gülzar” kitablarını nəşr etdirir.A.Şaiq yaradıcılıq dövründə ədəbiyyata, Azərbaycan dilinin qrammatikasına dair dərslik hazırlamışdı. A.Şaiqin dərslikləri yüksək qiymətləndirilmiş, «Gülzar», «Uşaq gözlüyü», «Türk çələngi», H.Cavidlə birgə yazdığı «Ədəbiyyat dərsləri» kitablarına Maarif Komissarlığı tərəfindən yüksək qiymət verilmiş və bu kitablar (xüsusilə “Uşaq gözlüyü” və “Gülzar”) dəfələrlə çapdan çıxmış və məktəblərdə dərslik kimi istifadə olunmuşdur.
 

Abdulla Şaiqin bir şair və nasir kimi yaradıcılığı XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Həmin illərdə o öz dərs kitabları üçün bir sıra ibrətli, nəsihətamiz hekayələr yazır və o zamanın ziyalıları tərəfindən, xüsusilə də gənclər arasında rəğbətlə qarşılanırdı.


1906-cı ildən başlayaraq silsilə şeirləri ilə yanaşı «Tıq-tıq xanım», «Tülkü həccə gedir», «Yaxşı arxa» kimi mənzum nağıllar qələmə alıb. Onun nəsr yaradıcılığında «Məktub yetişmədi», «Köç», «Daşqın», "İntiharmı, yaşamaqmı", «Göbələk», "İblisin huzurunda", «Dursun», "Əsrimizin qəhrəmanlar"ı, “Araz” kimi bir çox hekayə, povest və romanlar tez-tez müraciət etdiyimiz əsərlərdəndir.

 

Müəllif: Aslan Qasımlı, Dövlət Tarix Arxivinin direktoru

 

Mənbəhttp://milliarxiv.gov.az

Xəbər lenti