Logo

ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir

26.10.2020 16:09 489 baxış
IMG

Xəbər verdiyimiz kimi Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı Şuranın tövsiyəsi ilə erməni təxribatları və terroru haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən Qərargah yaradılıb. Universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərir.

 

 

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bugünədək ünvanlanan 600-dən artıq məktub ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italiyan, yapon, Koreya, Norveç, İsveç, Danimarka, ərəb və s. dillərdə yazılıb. Qarabağ həqiqətlərinin informativ təbliğatı üçün tərtib olunan və məzmunca bir-birini təkrar etməyən məktublar göndərilməkdə davam edir. Məktublara artıq cavablar gəlməkdədir.

 

 

İngiltərənin Pearson Təhsil və Elm Mərkəzi, Mərakeşin İbn Zöhr Universiteti, Tokio Universiteti, Fransa Prezidentinin Administrasiyası, Virciniya Commonwealt Universiteti, Norveçin ölkəmizdəki keçmiş səfiri Steynar Gil, «Frans24» xəbər kanalı, Venesiya Universiteti, İzmir Ekonomi Universiteti, Frankofoniya Təşkilatı, Kanada Bioloqlar Assosiasiyası, Kabul Universiteti, Yaponiyanın Ecco cəmiyyəti, Nippon Akademiyası və b. məktublara reaksiya verərək cavab göndəriblər.   

 

 

Qarabağ həqiqətləri haqqında göndərilən məktublarda qeyd olunur ki, 30 ilə yaxındır Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda erməni işğalçıları ilə mübarizə aparır. Torpaqlarımızın 20% -i işğal olunub, bir milyondan artıq insan öz tarixi yurdlarından didərgin düşüb. 1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında sazişin bağlanmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq bu rejimi pozur, hərbi təxribatlara əl atır. Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarını azad etmək, bölgədə sülhü və əminəmanlığı bərpa etmək üçün öz ərazilərində əməliyyat aparır.

 

 

İşğalçı Erməni Silahlı qüvvələri bütün beynəlxalq qanunları pozaraq Azərbaycanın cəbhə bölgəsinə yaxın olan və həmin ərazilərdən uzaqda yerləşən şəhər və kəndlərə raket zərbələri endirir, mülki insanları qətlə yetirməklə öz terrorçu mahiyyətlərini bir daha dünyaya sübut etmiş olurlar.

 

 

Müəllifləri ümidvar olduqlarını bildirirlər ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə  hörmətlə yanaşacaq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal və ədalətli mövqe göstərəcəklər.  

Xəbər lenti