Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbələri beynəlxalq Çin dili dərslərini onlayn formatda davam etdirirlər.
ADU-dan bildirilib ki, Şərqi Çin Pedaqoji Universitetinin rəhbərliyi ilə həyata keçirilən layihədə tələbələr çinli pedaqoqlar tərəfindən Çin dili biliklərini artırmaqla yanaşı, ölkə mədəniyyətinin müxtəlif sahələrini əhatə edən dərslərlə də yaxından tanış olurlar. Çin dilində tədris olunan dərslərdə tələbələrimiz yerli xalqın həyat tərzini, şeir və hekayələrini öyrənirlər.
Layihənin iştirakçısı olan ADU Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova pandemiya dövründə tələbələrin bu cür proqramlarda iştirakının vacibliyini qeyd edib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov isə tələbələrin Çin dilinə maraq və istəklərinin artmasından danışıb. Azərbaycan-Çin əlaqələrindən bəhs edən R.Abbasov bunun Çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqəli olduğunu bildirib. Konfutsi İnstitutunun tələbələr üçün yaratdığı imkanlardan bəhs edən professor pandemiya dönəmində yaranan məhdudiyyətlərdən də söz açıb. O, tələbələrin bu cür beynəlxalq onlayn layihələrdə iştirakı üçün Konfutsi İnstitutunun maarifləndirici seminarlar keçirdiyini də qeyd edib.