İyunun 29-da Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” tədbiri təşkil edilib. Mövcud pandemiya qaydaları nəzərə alınaraq “Məzun günü” məhdud sayda qonaq və məzunun iştirakı ilə keçirilib.
Tehsil.biz xəbər verir ki, 2020/2021-ci tədris ili üzrə universitetdə 4685 bakalavr və 778 magistr məzun olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev 44 günlük Vətən müharibəsində Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan şanlı Qələbədən söz açıb. O, xalq olaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə tarixi Zəfərə imza atdığımızı söyləyib.
Məzunları təbrik edən Elçin Babayev gəncləri bu böyük Qələbəmizin qorunub saxlanılmasında səylərini artırmağa, bilik və bacarıqları ilə ölkəmizin inkişafımıza töhfə verməyə çağırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov və digər çıxış edənlər məzunları təbrik edərək onlara peşəkar karyeralarında uğur qazandıracaq dəyərli tövsiyələr veriblər.
Sonra BDU-nun rektoru hər fakültə üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisi olan məzunlara sertifikat və hədiyyələr təqdim edib.
Tədbir konsert proqramı ilə davam edib.
https://www.youtube.com/watch?v=iBWtHEZCp38&feature=emb_logo




