Logo

NDU-nun tələbələri üçün onlayn seminar-diskussiya təşkil olunub

24.09.2020 16:29 496 baxış

Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsinin Təsviri incəsənət və rəngkarlıq ixtisası kafedrasının tələbələri ilə birgə 2015-ci ildən bu günədək 70-ə yaxın tədbir keçirilib. Bu tədbirləri, əsasən, ustad dərslər, Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən müxtəlif səpkili sərgi-müsabiqələr, gənc rəssamlar üçün təşkil olunan festivallar və tələbələrin fərdi yaradıcılıq sərgiləri təşkil edib.

Tehsil.biz xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı və NDU-nun İncəsənət fakültəsinin Təsviri incəsənət və rəngkarlıq ixtisası üzrə tələbələrinin iştirakı ilə “Hami təşkilatların vacibliyi və müsbət təsiri” mövzusunda keçirilən onlayn seminar-diskussiyada danışılıb.

Seminarda çıxış edən NDU-nun rektoru, dosent Elbrus İsayev tələbələrin gələcək təcrübələrinin möhkəmlənməsində birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Hami təşkilat olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxışında bildirib ki, muxtar respublikada son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi təhsilin beynəlxalq standartlar səviyyəsinə uyğunlaşmasına təkan verir. Bu, həmçinin gənc rəssamların inkişafına da güclü təsir göstərməkdədir.

Ülviyyə Həmzəyeva Təsviri İncəsənət və rəngkarlıq kafedrasının müəllim və tələbələrinin suallarını cavablandırıb.

Onlayn tədbirdə gələcək planlar, startap layihələr haqqında müzakirə aparılıb.

Xəbər lenti