Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllim heyəti müqəddəs Vətən borcunu yerinə yetirən əsgərlərimizə dəstək olmaq üçün yardım aksiyası keçirib.
Universitetdən Tehsil.biz-ə bildirilib ki, yardım bağlamalarına “Əsgər məktubu” da əlavə olunub. Məktubda bildirilir: “Rəşadətli Azərbaycan əsgəri! Sən Vətənin sipəri, tarixi, xalqın milli dəyərlərini qoruyan övladısan. Xalqımızın namuslu, əqidəli, qeyrətli, ləyaqətli oğlusan. Qarabağın azadlığına nail olmaq amalı ilə gedən döyüşlərdə mənfur işğalçılara hər biriniz layiqli cavab verirsiniz.
Azərbaycan əsgəri, sənə hər bir ailənin anası, bacısı, atası, sənin şərəflə seçdiyin yolu səbirsizliklə gözləyən kiçik qardaşların güvənir. Mənim əsgər qardaşım, şəhid anaları sənə güvənir. Onlar əmindir ki, övladlarının qanı yerdə qalmayacaq. Hər birimiz inanırıq: torpaqlarımız sənin kimi cəsur döyüşçülərin sayəsində azad olunacaq”.