Logo

Yurdsevər Xalq, Qalib Ordu, Müzəffər Ali Baş Komandan

01.07.2021 10:02 655 baxış
IMG

Yurdsevər Azərbaycan xalqı tarixən milli ruhu, Vətən torpaqları uğrunda döyüşkənliyi, cəsurluğu ilə ad qazanmış bir çox sərkərdələr yetirib. Babək, Cavanşir Mehrani, Pənahəli xan Cavanşir, Cavad xan, Əli ağa Şıxlinski, Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski, Hüseyn xan Naxçıvanski, Həzi Aslanov kimi sərkərdələrimizin adları dünya hərb tarixinə parlaq hərflərlə həkk olunub.

 

Hərb tarixində örnəklər yaratmış soydaşlarımızı tarixi ənənələrdən, döyüşkənlik ruhundan, milli-mənəvi köklərimizdən ayrı salmaq üçün azərbaycanlılar çar Rusiyası dövründə məqsədli şəkildə ordu sıralarına çağırılmırdı. Hərbi təhsil almış az sayda soydaşlarımız isə imperiya ordusunda yüksək keyfiyyətləri ilə seçilmişdilər. Yalnız 1918-ci ilin mayında müsəlman şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə xalqımızın bir çox arzuları gerçəkləşməyə başladı, eyni zamanda, çarizmdən qalan bu bədnam plan da ortadan qaldırıldı. Ölkəmizdə milli ordu quruculuğu işi dövlət səviyyəsində həyata keçirilən bir proses oldu.

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 26 iyun 1918-ci il tarixli qərarı ilə ölkəmizdə ilk Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bununla Azərbaycan Silahlı Qüvvələrinin təməli qoyuldu. Həmin ilin avqust ayının 1-də Hərbi Nazirlik təsis olundu. General Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Beləliklə də uzun müddət hərb sənətindən, ordu quruculuğundan məqsədli şəkildə uzaq salınmış xalqımız tarixi ənənələri bərpa etdi, sıralarında millətimizin ən cəsur oğullarının cəmləşdiyi milli ordumuz yaradıldı. Azərbaycan Silahlı Qüvvələri ən qısa müddət ərzində toparlanmağı, eyni zamanda, formalaşmağı bacardı.

 

Milli ordumuz xüsusilə sərhədlərimizdə öz əzmini və iradəsini nümayiş etdirdi. Silahlı Qüvvələrimiz Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi, həmçinin Qarabağda baş qaldıran erməni separatçılarına layiqli cavab verərək onları ərazilərimizdən çıxardı. Silahlı Qüvvələrimizin Həbib bəy Səlimov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Kazım Qacar, Həmid Qaytabaşı, Cavad bəy Şıxlinski kimi generalları, qəhrəman zabit və əsgərlərimiz, sözün əsl mənasında, tarix yazdılar. Cəmi 23 ay yaşayan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən devrildikdən sonra çarizmin məkrli siyasəti bütün istiqamətlərdə amansızcasına davam etdirildi. Bu çirkin siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan Milli Ordusu ləğv edildi.

 

Sovet dövründə azərbaycanlıların hərbi xidmətə cəlb edilməsinə başlanılsa da, burada da çarizmdən qalan mənfur niyyət, məkrli plan özünü biruzə verirdi. Əgər çarizm dövündə azərbaycanlılar hərb sənətindən uzaq salınmaq məqsədilə, ümumiyyətlə, hərbi xidmətə aparılmırdısa, sovet hakimiyyəti dövründə soydaşlarımızı əsasən təmir-tikinti taborlarında xidmətə cəlb edirdilər. Burada başlıca məqsəd döyüş ruhlu xalqımızı hərbi-döyüş ənənələrindən uzaq salmaq, onun mübarizə əzmini sındırmaq idi. Bu şovinist siyasət, demək olar ki, 1920-ci ildən 1970-ci illərə qədər məqsədyönlü şəkildə davam etdirildi.

 

1971-ci il iyun ayının 20- də – hakimiyyətə gəlişinin cəmi ikinci ilinin tamamında ulu öndər Heydər Əliyev böyük çətinliklər hesabına Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına nail oldu. Bu, həmin dövrdə inqilab sayıla biləcək bir hadisə idi. İlk dəfə idi ki, azərbaycanlılar öz vətənlərində hərb sənətinin sirlərini öyrənməyə, hərbçi peşəsinə yiyələnməyə cəlb olunurdular. Bu tarixi hadisə həmin dövrdə əhali arasında böyük ruh yüksəkliyi yaratdı, illərlə yaşanan məhrumiyyətlərə, tətbiq edilən qadağalara müəyyən qədər son qoydu. Azərbaycanlı ailələr həmin illərdə həvəslə öz övladlarını hərbi təhsil almağa, zabit kimi yetişməyə göndərdilər. Bu addım həm də tarixi ənənələrin bərpası, milli ruhumuzun və sabaha olan ümidlərimizin ilkin qayıdışı idi.

 

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasını xatırlayaraq deyirdi: “Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovetlər İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur. Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. Buraya bir neçə dəfə komissiyalar göndərdilər, yoxladılar, bunun qeyri-qanuni olması barədə qərarlar çıxardılar. Təkliflər verdilər ki, mənim bu qərarım Sovetlər İttifaqında mövcud olan qərarlara ziddir, uyğun deyil, onu ləğv etmək lazımdır. O vaxt mənə deyirdilər ki, Suvorov adına, Naximov adına məktəblər var, əgər siz gənclərinizi, uşaqlarınızı, hərbi təhsilə cəlb etmək istəyirsinizsə, bu məktəblərdən istifadə etmək olar, belə bir ixtisaslaşdırılmış hərbi məktəbin yaranması isə lazım deyil. Ancaq mən öz fikrimdən dönmədim”.

 

Tarix sonralar dəfələrlə sübut etdi ki, Azərbaycanın yurdsevər, təşəbbüskar rəhbəri Heydər Əliyevin bu qərarı müdrik, uzaqgörən, eyni zamanda, cəsarətli bir addım olmuşdur. Məhz bu tarixi qərarın sayəsində əsryarımlıq bir müddətdə ordu quruculuğundan, döyüş sənətinin sirlərinə yiyələnməkdən məqsədli və məkrli şəkildə uzaq salınan xalqımızın övladları hərbi işini öyrənməyə başladılar. Çarizm zamanında azərbaycanlıların hərbi xidmətə aparılmadığını, sovet dövründə isə əsasən tikinti taborlarında xidmətə cəlb olunduğunu göz önünə gətirəndə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin hansı çətinliklərdən keçərək yaradıldığını, həmçinin bu müdrik qərarın tarixi əhəmiyyətini daha aydın təsəvvür etmək olur.

 

Eyni zamanda, bu müdrik, dahiyanə və cəsarətli qərarı qəbul edən, onu inadla gerçəkləşdirən ümummilli lider Heydər Əliyevin fəhminə, dünyagörüşünə, uzaqgörənliyinə heyran olmamaq mümkün olmur. Məhz həmin hərbi məktəbdə yetişmiş, formalaşmış zabitlər 20 ildən sonra müstəqil Azərbaycan ordusunun qurucuları oldular. Həmin nəsil professional hərbçilər Birinci Qarabağ müharibəsində və möhtəşəm qələbə ilə başa çatan Vətən müharibəsində öz peşəkarlıqlarını, vətənpərvərliklərini nümayiş etdirdilər, şəhidlik, qazilik zirvəsinə ucaldılar.

 

Azərbaycan dövlət müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra milli ordunun yaradılması prioritet vəzifə kimi qarşıda dururdu. Bu məqsədlə 1991-ci ilin 5 sentyabrında Müdafiə Nazirliyi yaradıldı, 9 oktyabr 1991-ci il tarixində isə respublika parlamenti silahlı qüvvələrin yaradılması haqqında qanun qəbul etdi. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, həmin dövrdə ordu quruculuğu yalnız kağız üzərində idi, bu sahədə peşəkarlıqdan söhbət gedə bilməzdi. Yeni yaradılan silahlı birləşmələr məqsədli şəkildə vahid komandanlıq altında cəmləşdirilmir, əksinə, ayrı-ayrı silahlı dəstələr şəklində fəaliyyət göstərir və ən təhlükəlisi isə, xarici ölkələrin güc mərkəzləri tərəfindən idarə olunan siyasi qüvvələrin əlində alətə çevrilirdilər. Bundan məharətlə istifadə edən mənfur qonşu Ermənistan isə Qarabağı və ətraf rayonlarımızı işğal edir, soydaşlarımızı tarixi torpaqlarımızdan qovub didərgin salırdılar.

 

Ölkəmizdə bütün sahələrin inkişafı kimi peşəkar şəkildə ordu quruculuğuna da yalnız ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra başlanıldı. 1993-cü ildə müdrik xalqımızın çağırışına səs verərək yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderin ardıcıl səyləri, bilik və bacarığı nəticəsində ayrı-ayrı siyasi qüvvələrə tabe olan silahlı dəstələr vahid komandanlıq altında birləşdirlidi, sözün əsl mənasında, Azərbaycan Milli Ordusunun yaradılmasına və formalaşdırılması prosesinə başlanıldı.

 

Görülən tədbirlər qısa müddət ərzində bəhrəsini verdi, Milli Ordumuz Füzuli və Ağdam cəbhəsində ilk uğurlarını, ilk qələbələrini qazandı, ordumuzun qarşısında tab gətirə bilməyən azğın düşmən geri çəkilməyə məcbur edildi. Azərbaycan ordusunun gücünü, məharətini, vahid komandanlıq tərəfindən peşəkarlıqla idarə olunmasını görən düşmənin 1994-cü ilin mayında atəkəs sazişini imzalamaqdan başqa çıxış yolu qalmadı. Atəşkəs dövründə ulu öndərimiz Heydər Əliyevin böyük səyləri nəticəsində ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlər özünü ən yüksək səviyyədə ordu quruculuğu sahəsində də biruzə verdi.

 

Ulu öndərin tarixi ənənələrə hörmət, varislik prinsiplərinə sədaqətlə yanaşaraq silahlı qüvvələr gününün tarixinin qeyd edilməsinə də yenidən baxdı və ən doğru, ədalətli qərarı qəbul etdi. Prezident, Ali Baş Komandan Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə Azərbaycanda Silahlı Qüvvələr Günü 1991-ci ildə Ali Sovet tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edildiyi 9 oktyabr deyil, məhz Xalq Cümhuriyyəti dövründə– 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı 26 iyun təsdiq edildi, tarixi varislik prinsipi qorundu. 1998-ci ildən etibarən hər il 26 iyun Azərbaycanda Silahlı qüvvələr Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd olunur.

 

Ümummilli lider Heydər Əliyevin müstəqillik dövründə respublikaya rəhbərliyi illərində ordu quruculuğu daim prioritet məsələ kimi diqqətdə saxlanıldı. Ölkəyə cəlb edilən investisiyalardan əldə edilən gəlirlər ordunun maddi-texniki təminatına, eyni zamanda, hərbçilərin sosial rifahının yaxşılaşdırılmasına yönəldildi. Hərbçilər, qazilər, şəhid ailələri dövlət tərəfindən yüksək maaş, təqaüd və mənzillərlə təmin olundular. Ordunun kadr potensialının müasir səviyyədə təmin edilməsi məqsədilə hərbi lisey və ali hərbi məktəblərin maddi-texniki bazası gücləndirildi. Bu şəbəkənin strukturu və idarə edilməsi təkmilləşdirildi. Eyni zamanda, milli odumuzda xidmət edən zabitlərin peşəkarlığının daha da artırılması, bu sahədə modern dünya təcrübəsinin yaxından mənimsənilməsi məqsədilə onların Türkiyə, Rusiya, Pakistan, İtaliya kimi ölkələrin ali hərbi məktəblərində təhsil almaları üçün hər cür şərait yaradıldı.

 

2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən, ulu öndərimiz Heydər Əliyevin siyasi varisi, ən layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə ölkə həyatının bütün sahələrində sürətli inkişafa, davamlı tərəqqiyə nail olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ardıcıl səyləri nəticəsində bu illər ərzində ölkəmizdə ordu quruculuğu özünün ən yüksək inkişaf səviyyəsinə çatdı. Ən başlıcası, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında milli ruhlu, vətənpərvər gənc nəsil yetişdi. Ötən ilin payızında aparılan qalibiyyətli Vətən müharibəsində qazanılan Zəfərimizin ən parlaq səhifələrini məhz həmin gənclər döyüş xəttində, səngərlərdə yazdılar.

 

Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 ildə Azərbaycan Ordusunun peşəkar şəkildə kadr təminatının həyata keçirilməsi məqsədilə Naxçıvanski adına Hərbi lisey, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi kimi peşəkar qurumların fəaliyyəti daha da gücləndirildi. Bu hərbi təhsil müəssislələri ordumuzun zabit korpusunun formalaşmasına əvəzsiz töhfələr verdilər. Bundan əlavə, ordumuzun zabitləri üçün xarici ölkələrdə, xüsusilə də qardaş Türkiyədə hərbi təhsil almaq üçün hər cür şərait yaradıldı. 1994-cü ildən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulan Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri artıq öz sərhədlərimizi qorumaqla yanaşı, sülhməramlı qüvvələr kimi dünyanın müxtəlif münaqişə zonalarında da fəaliyyət göstərir, xalqımızı, milli ordumuzu ləyaqətlə təmsil edirlər.

 

Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın müdafiə xərcləri dəfələrlə artırıldı, ölkəmizin hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini üstələdi. Bu dövrdə əldə edilmiş ən böyük nailiyyətlərdən biri də Müzəffər Azərbaycan Ordusunun silah və hərbi texnika təminatı baxımından heç bir dövlətdən asılı olmamasının təmin edilməsidir. Bu məqsədlə möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik və uzaqgörən qərarı ilə 2005-ci ildə ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi yaradıldı. Ölkə rəhbərliyinin müəyyənləşdirdiyi strategiya, həyata keçirdiyi mühüm tədbirlər nəticəsində qısa müddət ərzində Azərbaycan silah və hərbi texnika istehsal edən ölkəyə çevrildi. Artıq dünya silah sənayesi Azərbaycan istehsalı olan 400 addan çox müdafiə təyinatlı məhsulu tanıyır və qəbul edir. Təsadüfi deyil ki, parlaq qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan öz istehsalı olan hərbi avadanlıqlardan düşmənə qarşı məharətlə istifadə etdi. Mənfur düşmən Azərbaycan zabitinin və əsgərinin yenilməz gücü ilə yanaşı, Azərbaycan silah sənayesinin qüdrətini də yaxından hiss etdi.

 

Bütün bu kompleks tədbirlərin, düşünülmüş, gələcəyə hesablanmış addımların sayəsində cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən hazırlıqlı 50 ordusu siyahısına daxil oldu. Bununla ulu öndərin möhkəm təməllər üzərində formalaşdırdığı ordu quruculuğu özünün ən yüksək inkişaf həddinə çatdı, şanlı qələbəmiz üçün hərtərəfli zəmin yarandı.

 

Dünya hərb tarixinə qızıl hərflərlə yazılan 2016-cı ilin Aprel döyüşləri, Lələtəpə zəfəri, 2018-ci ilin may ayında Naxçıvanda aparılan Günnüt əməliyyatı, 2020-ci ilin iyulunda Tovuz döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordunun qarşısında heç bir gücün dayana bilməyəcəyini bütün dünyaya bəyan etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz tərəfindən uğurla həyata keçirilən bu əməliyyatlar nəticəsində azad edilmiş və nəzarətə götürülmüş yüksəkliklər İkinci Qarabağ müharibəsində Azərbaycana böyük üstünlüklər və əlavə imkanlar yaratdı, parlaq qələbəmizə, şanlı zəfərimizə gedən müqəddəs yolun qığılcımları oldu.

 

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibətilə, eyni zamanda, 2018-ci il sentyabrın 15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradlar Azərbaycan Ordusunun gücünü, əzmini, döyüş ruhunu, hazırlıq səviyyəsini, eyni zamanda, maddi-texniki təminatını bütün dünyaya nümayiş etdirdi. Bütün bunlar – Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri, keçirilən hərbi paradlar artıq yaxınlaşmaqda olan tarixi qələbəmizin addım səsləri idi.

 

Nəhayət, o şanlı gün gəldi. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri düşmənin növbəti təxribatlarına Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatları ilə layiqli cavab verdi. 30 il davam edən işğala 44 gün ərzində son qoyuldu. Silahlı Qüvvələrimiz tarixi ədaləti bərpa etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, üçrəngli bayrağımız tarixi torpaqlarımızda əbədi ucaldıldı.

 

Cəsur xalqımız və qüdrətli dövlətimiz builki 26 iyun Silahlı Qüvvələr Gününü ötən illərdən fərqli şəkildə, Qələbə ovqatı, Zəfər ruhu ilə qeyd etdi. İlk dəfə idi ki, 26 iyun qalib, məğrur, müzəffər, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş, 30 illik Qarabağ müharibəsinə birdəfəlik son qoymuş Azərbaycan Ordusunun bayramı kimi keçirildi.

 

BMT-nin torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qərarları məhz silahlı qüvvələrimiz tərəfindən döyüş meydanlarında, səngərlərdə həyata keçirildi. Bu tarixin hər bir anı, hər bir səhifəsi bizim üçün müqəddəs və əzizdir. Tariximizə parlaq hərflərlə, qazilərimizin şücaəti, şəhidlərimizin qanı ilə yazılan 44 günlük Vətən müharibəsi nəticəsində doğma torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu. İndi əldə edilmiş tarixi qələbəmizi göz bəbəyimiz kimi qoruyub saxlamaq hər birimizin müqəddəs borcu, başlıca amalı, həyatımızın əsas qayəsi, məramı və məqsədidir.

 

Qəhrəman Silahlı Qüvvələrimizin xalq–iqtidar birliyinə, qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyinə, ən başlıcası isə Ali Baş Komandanımızın sərkərdəlik məharətinə söykənərək əldə etdiyi tarixi qələbə Azərbaycanın çoxəsrlik tarixində indiyə qədər olan heç bir əlamətdar hadisə, əldə edilmiş heç bir uğurla müqayisə oluna bilməz. Məhz bu tarixi qələbə sayəsində möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdiridiyi doktrina ilə Azərbaycan dövlətinin qüdrətini, əzmini bütün dünyaya nümayiş etdirdi, xalqımızın qürurunu, şərəfini zirvələrə ucaltdı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu XXI əsrin müharibəsini apardı. Artıq Azərbaycan Silahlı Qüvvələrinin apardığı yeni nəsil müharibəsinin metodları, döyüş üsulları dünyanın aparıcı ali və hərbi məktəblərində öyrənilir, dərsliklərə salınır, tədris olunur.

 

Bu möhtəşəm uğura imza atan Azərbaycan Silahlı Qüvvələri öz sıralarında qəhrəman generalları, digər yüksək rütbəli zabitləri, cəsur gizir və əsgərləri birləşdirir. Bu şanlı qələbə onların hər birinin fədakarlığı bahasına başa gəlib. 26 iyun tarixi məhz qəhrəman zabit və əsgərlərimizin əzmi, qeyrəti, cəsarəti hesabına bu il qələbə ovqatında, zəfər ruhunda qeyd edildi. Silahlı Qüvvələrimizin bütün şəxi heyətini bir daha şanlı zəfər münasibətilə təbrik edir, onlara yeni qələbələr arzulayırıq. Bu tarixi qələbə qazilərimizin qanı, şəhidlərimzin canı hesabına əldə edilib. Qəhrəman qazilərimizə Allahdan şəfa, müqəddəs şəhidlərimizə isə rəhmət diləyirik. İlk dəfə idi ki, Silahlı Qüvvələr Günündə şəhidlərimizin ruhları şad oldu. Bu tarixi gündə onların uğrunda şəhid olduqları torpaqlarımızın hər bir qarışında üçrəngli Azərbaycan bayrağı dalğalanırdı. İlk dəfə idi ki, 26 iyun tarixi qələbə qazanmış Müzəffər Azərbaycan ordusunun, Bakının Azadlıq meydanında qürurlu və mətin addımlarla Zəfər Paradından keçmiş, Şuşaya sancılmış müqəddəs bayrağımızı hərbi paradda nümayiş etdirmiş Silahlı Qüvvələrimizin günü kimi qeyd edildi.

 

Xalqımız əmindir ki, bundan sonra Azərbaycanı yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə daha böyük tarixi qələbələr, intibahlar gözləyir. Bu gün müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda möhtəşəm quruculuq işləri aparılır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu gün həm də quruculuq cəbhəsinin yenilməzbaş sərkərdəsidir. Bu günlərdə müqəddəs şəhərimiz, mədəniyyət paytaxtımız Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı Azərbaycan dövlətinin, diplomatiyamızın, ən başlıcası isə cənab İlham Əliyevin Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrimizin gücünü, qüdrətini, əzmini, döyüş ruhunu bir daha dünyaya nümayiş etdirdi.

 

15 iyun 2021-ci ildə – Milli Qurtuluş Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşaya səfəri, tarixi “Şuşa Bəyannaməsi”nin imzalanması isə Azərbaycan dövlətinin qüdrətinin, siyasi iradəsinin qarşısında bundan sonra heç bir qüvvənin dayana bilməyəcəyinin bəyanı idi. Özündə Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün parametrlərini əks etdirən tarixi “Şuşa Bəyannaməsi”ninin mətnində yer alan: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”– hədəfi 103 yaşlı Azərbaycan Silahlı Qüvvələrinin gücünü, döyüş ruhunu, əzmini daha da artırır, Müzəffər Ordumuzun qarşısında heç bir qüvvənin dayana bilməyəcəyini uca səslə bəyan edir!

 

Elçin BABAYEV,

 

Bakı Dövlət Universitetinin rektoru

Xəbər lenti