Logo

Uğurlu universitet modeli

28.10.2020 18:28 569 baxış
IMG

ADNSU yeni inkişaf trendləri yaradır
Qloballaşan dünyanın gündən-günə kəskinləşən yeni çağırışları şəraitində hər bir ölkənin mövqeyi onun yetişdirdiyi yüksəkixtisaslı insan potensialı ilə sıx bağlıdır. Bu çağırış, şübhəsiz ki, hər bir ali təhsil müəssisəsindən yeniləşmə, dövrün sürətlə dəyişən reallıqlarına, əmək bazarının zəruri tələblərinə çevik uyğunlaşmağı tələb edir. Bu mənada ali təhsil sisteminin inkişafın yeni müstəvisində inamlı irəliləyişi və uğurlar qazanması çox vaxt qəbul olunan qərarlarla bağlı olur.
2015-ci ilin sentyabrında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırıldı və bununla da ali məktəbin həyatında keyfiyyətcə yeni, inkişaf və tərəqqiyə aparan mərhələnin əsası qoyulub. Universitet qarşısında yalnız neft sahəsi üçün deyil, bütövlükdə yerli sənaye sahələri üçün ixtisaslı kadrlar hazırlamaq vəzifəsi qoyulub. Qısa müddət ərzində ölkənin ən qocaman ali məktəblərindən olan ADNSU-nun nüfuzunun artırılması, tələbələrin yüksəkixtisaslı mütəxəssislər kimi yetişməsi istiqamətində atılan addımlar öz bəhrəsini verib.
Son 5 ilə nəzər salındıqda ADNSU-da həyata keçirilən məqsədyönlü islahatlar, tətbiq olunan innovasiyalar 100 illik yubileyinə hazırlaşan ali məktəbin modern və yeniliklərə açıq bir ali təhsil ocağına çevrilməsinə ciddi zəmin yaradıb. İnnovativ dəyişikliklərin sürətlə inkişaf etdiyini nəzərə almaqla, bu illərdə ölkəmizin ali təhsil sistemində beynəlxalq standartlara cavab verən, yeni, nümunəvi bir universitet quruculuğunun uğurlu nəticələrindən danışa bilərik. Həyata keçirilən işlər həm də bunun göstəricisidir ki, ADNSU qloballaşma dövrünün çağırışlarına öz fəaliyyətində adekvat surətdə cavab verməklə yanaşı, həm də uğurlu bir universitet modeli olaraq yeni trendlər yaradır.
 

 

Elmi işlərdə ən böyük uğur
Bu illər ərzində ali məktəbin yenilənməsi yönündə atılan ən mühüm addımlardan biri, şübhəsiz ki, ADNSU alimlərinin publikasiya aktivliyinin yüksəlməsi və elmi tədqiqatların keyfiyyət göstəricilərinin yaxşılaşmasıdır. Son 5 il ərzində elm sahəsində əldə olunan uğurlar ADNSU -nun tədris müəssisəsi olmaqla yanaşı, böyük elm mərkəzinə çevrilməsinə zəmin yaradıb. “Web of Science” elmi bazasına daxil olan məqalələrin sayında ciddi artımın əldə olunması isə ADNSU-nun elmi işlərdə ən böyük uğuru sayıla bilər. 2015-ci ildə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq sazişinin imzalanmasından sonra ADNSU “Clarivate Analytics” kimi nəhəng elmi məlumat platformasına açıq giriş imkanı əldə edib. Nəticədə 2015-ci ildə ADNSU-nun professor-müəllim heyətinin beynəlxalq jurnallarda 144 (9-u “Thomson Reuters”də) məqaləsi çap olunduğu halda, 2016-cı ildə bu rəqəm 378-ə (51-i “Thomson Reuters”də) çatıb. 2020-ci ildə isə bu rəqəm 420 təşkil edir. Bu, kifayət qədər yüksək nəticədir və bu göstəriciyə görə ADNSU Azərbaycan universitetləri arasında ikinci yeri tutub.
Son illərdə bu müsbət dinamika inkişaf edib və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Web of Science” elmi bazası üzrə statistik təhlilə görə uğurlu nəticələr göstərib. 2018-ci ildə ADNSU Azərbaycan universitetlər arasında “Web of Science”da nəşr liderləri sırasında qərarlaşıb. Bu cür keyfiyyət dəyişiklikləri universitet alimlərinin, eləcə də gənc tədqiqatçıların publikasiya fəallığına yol açıb.
ADNSU-da ənənəvi tədqiqat sahələri ilə yanaşı, kompüter elmləri və süni intellekt, kompüter elmləri və sahələrarası tətbiqlər, kompüter elmlərinin nəzəri metodologiyası, mühəndislik istiqamətləri ən çox tədqiq olunan elm sahələrindəndir ki, bu sahədə universitet alimlərinin məqalələri nüfuzlu elmi bazalarda indekslənir. ADNSU-da dünyanın bir sıra nüfuzlu universitetlərinin elmi məhsulların nəşri sahəsində müsbət təcrübəsi nəzərə alınaraq son illərdə “Azerbaijan Journal of High Performance Computing” jurnalının dərcinə başlanılıb. Elmi tədqiqat məhsullarının tanıdılmasında mühüm innovasiyalardan biri olan jurnal universitetin HPC mərkəzi tərəfindən hazırlanır, redaksiya heyəti HPC istiqamətində dünyanın və Azərbaycanın müxtəlif elmi mərkəzlərində fəaliyyət göstərən mütəxəssislərdən təşkil olunub. Jurnalın sonuncu sayı, ümumilikdə isə 3-cü cildi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyinə həsr olunub. Jurnalda nəşr olunan bütün məqalələr doi identifikasiya nömrəsi ilə təmin olunur və Crossref bazasına daxil edilir. Jurnalın bütün sayları Index Copernicus beynəlxalq indeks bazasına, həmçinin 2019-cu ildən başlayaraq nəşr olunan məqalələr riyaziyyat üzrə, 2020-ci ildən isə texnika elmləri üzrə AAK-ın tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edilib.
 

 

“eazi-START” Startap və İnnovasiya Mərkəzi
Məlumdur ki, son illər dünyanın ali təhsil palitrasında universitet və iş, sənaye, istehsal sahələri ilə əməkdaşlığın gücləndirilməsi və bu kontekstdə tələbələrin yaradıcı ideyalarının təşviq olunması və dəstəklənməsi mühüm yeniliklərdən biri kimi çıxış edir. Bu istiqamət ADNSU-da keyfiyyətcə yeni məzmun və çalar almaqdadır. 2015-ci ilin payızında rektor Mustafa Babanlı tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrin yaradıcılığı və təşəbbüslərinin reallaşdırılması məqsədilə startap mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. İstedadlı tələbələr və magistrlərlə yanaşı, doktorantların, universitet müəllimləri və professorların iştirak etdiyi Startap mərkəzinin məqsədi elmdə olan yeniliklərin əsasında minimal investisiya qoyuluşu tələb edən biznes layihələrinin hazırlanması və istehsalın qurulmasıdır. “eazi START” adı almış bu mərkəz özündə startap məktəbini, kovorkinq məkanını və laboratoriyanı əhatə edir. Startap məktəbində ilkin olaraq ən kreativ tələbələrə startap, ixtiraçılıq və biznes haqqında ən əsas biliklərin verilməsi məqsədilə təlim aparılması üçün Ukrayna və İsraildən olan mütəxəssislər cəlb olunub. Məktəbə qeydiyyat 29 dekabr 2015-ci ildə başlanıb, iştirakla bağlı 247 nəfər müraciət edib. Müvafiq yoxlamadan sonra məktəbin ilkin mərhələsində iştirak üçün 100 nəfərin namizədliyi təsdiqlənib. Onlar arasında yerli tələbələrlə yanaşı, digər ali məktəblərin nümayəndələri, həmçinin, əcnəbi vətəndaşlar da var idi.
 

 

UFAZ layihəsi
ADNSU-nun son illərdə akademik həyatında baş verən ən əhəmiyyətli hadisələrdən və həm də əldə etdiyi uğurlardan biri 2016-2017-ci tədris ilində universitetin nəzdində Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyətə başlamasıdır. Azərbaycan və Fransa Prezidentlərinin birgə təşəbbüsü ilə yaradılan UFAZ layihəsi Fransanın nüfuzlu Strasburq Universiteti (Unistra) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən idarə olunan birgə proqramdır. UFAZ-da təhsil 4 ildir. Birinci il tələbələrə intensiv ingilis və fransız dili dərsləri ilə bərabər, əsas texniki fənlər keçirilir.
UFAZ layihəsinin unikallığı onun azərbaycanlı tələbələrə ölkə ərazisini tərk etmədən dünyanın ən qabaqcıl ali məktəblərindən olan Strasburq və Ren 1 universitetlərinin təhsil proqramları əsasında fransalı professorlardan dərs almaq və müvafiq olaraq adıçəkilən universitetlərin diplomlarını qazanmaq imkanı yaratmasıdır. Strasburq Universitetinin dəstəyi ilə UFAZ-da yaradılan laboratoriyalar ən müasir standartlara, mühəndislik, təhlükəsizlik qaydalarına cabab verir. Laboratoriyalardan həm Strasburq, həm də ADNSU tələbələri, dünyanın müxtəlif ölkələrindən professorlar istifadə edir. UFAZ-ın təhsildə uğur qazanmış tələbələri ötən illər ərzində Strasburq Universitetinin təşkil etdiyi iki həftəlik yay məktəbində iştirak ediblər. Bu, Strasburq Universiteti və ADNSU-nun təşkilatçılığı ilə UFAZ layihəsi üçün nəzərdə tutulmuş bir layihədir. 2018-ci ildə ADNSU-nun rektoru, professor Mustafa Babanlının təşəbbüsü ilə Strasburq Universitetinin birinci kursunda oxuyan tələbələrlə UFAZ-ın birinci kursunda oxuyan tələbələrin həm səviyyəsi, həm də tədris ilinin sonunda göstərdikləri nəticələrin müqayisəli təhlili aparılıb. Nəticədə UFAZ tələbələrinin imtahan nəticələrinin Strasburq Universitetinin tələbələrinin nəticələrindən daha yüksək olduğu müəyyənləşib.
Onu da qeyd edək ki, 2019/2020-ci tədris ilində UFAZ-ın ilk məzun buraxılışı reallaşıb. Bu il, eyni zamanda, ilk dəfə UFAZ-ın magistraturasına qəbul imtahanları keçirilib.
 

 

Azİİ-İT Akademiya
Məlumdur ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni tədris mühitinin yaradılması, mühəndislik üzrə ixtisaslaşan tələbələrin İT üzrə sertifikatlaşması bu gün vacib hədəflərdən hesab olunur. Bu mənada ADNSU-da həyata keçirilmiş ən mühüm innovativ yeniliklərdən biri tələbələrin informasiya texnologiyalarına dərindən yiyələnmələrini dəstəkləmək üçün yaradılmış Azİİ-İT Akademiyadır. Azii IT Academy-nin məqsədi peşəkar müəllimlərin və təlimçilərin dəstəyi ilə tələbələrin müasir İT biliklərə yiyələnməsinə şərait yaratmaqdır. Azii IT Academy tələbələrin təhsil müddəti ərzində beynəlxalq sertifikatların alınmasında köməklik göstərir. Akademiyanın tərkibində müasir İT avadanlıqlarla təchiz edilmiş 5 auditoriya mövcuddur. Tələbələrin kurslardan əlavə asudə vaxtlarında İT biliklərinin tətbiqi üçün xüsusi vaxtlar ayrılmışdır. Hazırda Akademiyada Microsoft Academy, Oracle Academy, Bentley Academy, Cisco Academy və SAP Academy fəaliyyət göstərir. Dünya şöhrətli Oracle, Microsoft, Autokad resursları üzərində qurulan İT Akademiyasını artıq yüzlərlə gənc bitirib və müxtəlif səviyyələr üzrə sertifikatlar alıblar. Akademiyanın əsas məqsədi innovativ texnologiyaların təhsilə gətirilməsidir. Eyni zamanda, burada tələbələrin biliklərinin inkişaf etdirilməsi və beynəlxalq sertifikatla təmin edilməklə əlavə imkanların yaradılması nəzərdə tutulub. Azii IT Academy -lara bütün fakültələrdən axın var. Təlimlərdə iştirak edən ən yaxşı tələbələrə sertifikatlar təqdim olunur.
 

 

e-Azi Elektron Kitab Evi
Müasir inkişaf yolunu seçən dünya universitetlərini tələbələrinin 24 saat ərzində istifadəsində olan zəngin kitabxanasız təsəvvür etmək çətindir. Ötən illər ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün diqqətəlayiq hadisələrdən biri “Azİİ Elektron Kitab Evi” unikal kitabxananın istifadəyə verilməsi olub. “Azİİ Elektron Kitab Evi” 7 gün, 24 saat fəaliyyət göstərir. 800 kv.m-lik sahəni əhatə edən kitabxana universitetin elektron şəbəkəsinə qoşulub. Kitabxananın ikinci mərtəbəsi oxucu zallarından ibarətdir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən xarici universitetlərin bazalarına daxil olmaq mümkündür. “ADNSU Azİİ e-Kitab Evi” 5 əsas funksiyanı-elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə funksiyalarını yerinə yetirməyə çalışaraq ixtisaslaşmış və təsnifləşdirilmiş çox sahəli kitab fondları, oxucu zalları və elektron kataloqla, “EBSCO” və “One Petro” beynəlxalq nəşriyyat bazalarının universitet üçün açıq olan kitab və jurnal məqalələri bazaları ilə oxuculara differensial xidmət göstərir. “Azİİ e Kitab Evi” 2017-ci il ildən kitabxanalararası Konsorsiumun üzvüdür. Konsorsiumun xətti ilə “EBSCO” beynəlxalq nəşriyyat bazasının 9000 jurnalı, 25000 jurnal məqaləsi universitet əməkdaşlarının və kitabxana oxucularının tam istifadəsindədir. “One Petro” beynəlxalq nəşriyyat bazasına daxil olan 21 nəşriyyat və onun resursları da oxucuların istifadəsindədir. “ADNSU Azİİ e-Kitab Evi” “EBSCO” bazası üzrə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində oxuculara elektron informasiya təminatçısı kimi fəaliyyət göstərir.
 

 

Beynəlxalq əməkdaşlıq
Uğurlu universitet modeli olaraq ADNSU-nun fəaliyyətində beynəlxalq aspekt mühüm əhəmiyyət daşıyır. Hazırda Azərbaycan Neft və Sənaye Universiteti Corciya Dövlət Universiteti (ABŞ), Zigen Universiteti (Almaniya), Ploeşti Neft və Qaz Universiteti (Rumıniya), Tronheym Şəhər Elm və Texnologiya Universiteti (Norveç), Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti (Rusiya), Genuya Universiteti (İtaliya), Nitsa Sofiya-Antipolis Universiteti (Fransa), Afina Milli Texniki Universiteti (Yunanıstan), Xəzər Dövlət Texnologiya və Mühəndislik Universiteti (Qazaxıstan) kimi xarici ali məktəblərlə sıx əməkdaşlıq edir. Eyni zamanda, Almaniyanın Zigen Universiteti ilə Biznesin təşkili üzrə birgə bakalavr (BBA), ABŞ-ın Corciya Dövlət Universiteti ilə Biznesin təşkili üzrə birgə magistr proqramları da (MBA) xüsusi qeyd oluna bilər.
Ali məktəbin beynəlxalq nüfuzunun tanınması istiqamətində mühüm yeniliklərdən biri cari ilin iyununda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dünyanın 118 ölkəsində fəaliyyət göstərən 990 ali təhsil müəssisəsini özündə birləşdirən genişmiqyaslı Frankofoniya Universitetləri Agentliyinə (Agence Universitaire de la Francophonie) üzv qəbul edilməsidir. ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universitetinin (UFAZ) uğurlu fəaliyyəti ali məktəbin təşkilata üzvlüyünə zəmin yaratmaqla yanaşı, hər iki institutun Frankofoniya Universitetləri Agentliyinin qlobal şəbəkəsinə daxil olmasına və təşkilatın təklif etdiyi layihələrdən faydalanmasına imkan verir. 1961-ci ildə Kanadanın Monreal şəhərində yaradılan Frankofoniya Universitetlər Agentliyi fransız dilində elm və tədqiqat sahələri üzrə fəaliyyət göstərən institutlar arasında şəbəkələşməni təmin etməklə yanaşı, tədrisin, tədqiqatın və idarəetmənin keyfiyyətinin yaxşılaşdırılması, məzunların işə qəbulu və inkişafa təkan verən layihələrin təşviqi istiqamətində fəaliyyət göstərir, davamlı inkişaf, səhiyyə və digər sahələrdə mövcud problemlərin həllinə yönələn layihələrə də dəstək verir.
 

 

İşlə təmin olunma faizinə görə ilk pillələrdə...
Məlumdur ki, mövcud qlobal dəyişikliklər əmək bazarının zəruri ehtiyaclarını ödəyən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması ilə şərtlənir. Bu, digər tərəfdən, daha hazırlıqlı və bilikli mütəxəssislərə üstünlük verən işəgötürənlərin tələbləri ilə də bağlıdır. Əmək bazarının tələblərinə cavab olaraq hazırda ADNSU-da müasir sənaye və iqtisadiyyatın tələblərinə uyğun kadrlar yetişdirilir. Məzunların işlə təmin olunmasını dəstəkləmək məqsədilə ADNSU-da 2016/2017-ci tədris ilindən etibarən Məzun-Karyera Mərkəzi yaradılıb. Universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera sərgiləri gənc mütəxəssislərin birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühüm vasitəçi rolunu oynayır. Məzun-Karyera Mərkəzi gənclərin işə düzəlmə zamanı üzləşdikləri məsələlərlə bağlı onlara yerli və əcnəbi mütəxəssislərin, şirkət nümayəndələrinin iştirakı ilə təlimlər təşkil edir, ildə iki dəfə - dekabr və may aylarında işəgötürənlərin vakant yerlərlə bağlı informasiya təqdim etdikləri Məzun-Karyera Sərgiləri təşkil edir.
2020-ci ildə dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə elan edilmiş karantin rejimi şəraitində yuxarı kurs tələbələri və məzunlar üçün VIII Məzun-Karyera Sərgisi keçirilib. Onlayn formatda baş tutan sərgidə 37 dövlət qurumu və özəl şirkət tərəfindən 217 vakant iş yeri təqdim olunub. Tədbir çərçivəsində ADNSU və SOCAR-STP birgə müəssisəsi arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənəd ADNSU tələbələrinin bu müəssisədə geniş tərkibdə təcrübə, o cümlədən ödənişli təcrübə keçmələrində, eləcə də gələcəkdə işlə təmin olunmalarında mühüm rol oynayacaq. Tədbir çərçivəsində career.asoiu.edu.az saytının təqdimatı olub.
Qeyd edək ki, ADNSU-da ali təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni tədris mühitinin yaradılması, mühəndislik üzrə ixtisaslaşan tələbələrin İT üzrə sertifikatlaşması və digər yeniliklər öz bəhrəsini verməkdədir. Məhz bu dəyişikliklərin nəticəsidir ki, işlə təmin olunma faizinə görə ADNSU ölkənin ali təhsil müəssisələri arasında ilk pillələrdə yerləşib.
 

 

ADNSU təhsil xidmətlərini ixrac etməyə başladı
Qloballaşma universitetlər qarşısında bir sıra mühüm vəzifələr qoyur ki, bunların arasında təhsil xidmətlərinin coğrafiyasının ölkə hüdudlarından kənara çıxması və geniş yayılmasıdır. Universitetlərin beynəlmiləlləşməsi yolunda mühüm addımlardan biri kimi bu hədəfə nail olmaq üçün ADNSU-nun səyləri öz bəhrəsini verib. Cari il iyulun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Banqladeşin Center for İnternational Studies (CİS) təhsil müəssisəsi arasında müqavilə imzalanıb. Onlayn formatda ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Banqladeşin CİS tədris müəssisəsinin rəhbəri Xorşed Alam tərəfindən imzalanmış françayzinq müqaviləsinə əsasən Dəkkədə ASOİU İnstitute of Asia-nın fəaliyyətə başlanması nəzərdə tutulur. Müqaviləyə görə ASOİU İnstitute of Asia ADNSU-nun əmtəə nişanından, (ASOİU - ingiliscə ADNSU-nun abreviaturasıdır), tədris proqramlarından, professor-müəllim heyətinin tədris imkanlarından, e-Azi Elektron Kitab Evinin bazasından, idarəetmə sistemindən istifadə hüququ qazanaraq bakalavr təhsil pilləsi üzrə təhsil verəcək. 2020/2021-ci tədris ilində ASOİU İnstitute of Asia-ya Cənubi Asiyanın müxtəlif ölkələrindən olan 100-dən artıq tələbənin qəbulu planlaşdırılıb və müqaviləyə əsasən onlar 4 illik tədris müddətinin 2 ilini ADNSU-da alacaqlar. Tədris müəssisəsinin bakalavr pilləsi üzrə ilk məzunlarının magistratura təhsilini 1il +1il sistemi ilə Bakıda və Dəkkədə alacaqları nəzərdə tutulur.
Beləliklə də 100 illik yubileyinə ali təhsilimizə verdiyi mühüm töhfələrlə gedən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısına qoyduğu hədəflərə inamlı irəliləməkdədir.


 


Oruc MUSTAFAYEV

Xəbər lenti