Logo

Polis Akademiyasının komandası beynəlxalq humanitar hüquq üzrə milli müsabiqədə birinci yeri tutub

03.07.2021 17:33 928 baxış
IMG

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ADA Universitetində keçirilən beynəlxalq humanitar hüquq üzrə milli müsabiqədə birinci yeri tutub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, müsabiqənin hazırlıq mərhələsində iyunun 22-də BQXK-nın Azərbaycan nümayəndəliyinin hüquq müşavirləri Jalə Əzizova və Qumral Aslanova, Heydər Əliyev adına Ali Hərbi Məktəbin nümayəndəsi Ramid Hüseynov, iyunun 23-də BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova, ADA Universitetinin nümayəndəsi Cavid Qədirov, iyunun 24-də DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini, polis mayoru Elnur Aslanov, Bakı Dövlət Universitetinin nümayəndəsi Rübabə Abdullayeva, BQXK-nın Azərbaycan nümayəndəliyinin hüquq müşavirləri Jalə Əzizova və Qumral Aslanova təqdimatlarla “Teams” proqramı vasitəsilə onlayn çıxışlar ediblər və müsabiqədə iştirak edəcək bütün nümayəndələr üçün vebinar keçirilib.

 

Mühazirələrdən sonra komandalar növbəti mərhələyə keçiblər.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi iyunun 29-30-da ADA Universitetinin kampusunda beynəlxalq humanitar hüquq üzrə milli müsabiqənin növbəti mərhələsini təşkil edib. Müsabiqədə Polis Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və ADA Universitetinin tələbələrindən ibarət beş komanda təmsil olunub.

 

Müsabiqədə Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Zaur Bağırovun təşkilatçılığı ilə üçüncü kursun kursantları Məhəmməd Nəsibli, Süleyman Süleymanov və Məhəmməd Məmmədli iştirak ediblər.

 

Tələbələrin rol oyunu-simulyasiya və praktiki tapşırıqlar zamanı beynəlxalq humanitar hüquq normaları barədə bilikləri, eləcə də bu normaları tətbiq etmə bacarıqlarının qiymətləndirildiyi müsabiqədə gərgin mübarizənin sonunda DİN-in Polis Akademiyasının komandası qalib olub. Bakı Dövlət Universitetinin komandası ikinci, ADA Universitetinin komandası isə üçüncü yeri tutub.

 

Bu mərhələdə nəticələr müstəqil hakimlər heyəti tərəfindən qiymətləndirilib.

Xəbər lenti