"Sentyabrda tələbələrimizi universitetdə görməyi çox istəyirik. Etiraf edim ki, tələbələrimiz üçün çox darıxmışıq. Yeri gəlmişkən, bu düşüncələr dünyanın heç bir universitetinə yad deyil. COVİD19-un daha təhlükəli yeni ştammının sürətlə yayılması bu istəyi reallaşdırmağa zəmanət vermək üçün dünyanın aparıcı universitetlərini müxtəlif tədbirlər görməyə vadar edir".
Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov bildirib.
Onun sözlərinə görə, Kaliforniya Universiteti (Berkli də daxil olmaqla 10 kampus daxildir) və ABŞ-da 500 universitet tələbə və əməkdaşlar üçün vaksini məcburi etdi.
"Kampusa giriş icazəsi ancaq vaksin olunmuşlara veriləcək. İstisna ancaq əks göstəricisi olanlara və dini əqidəsinə görə vaksin edilməyənlərə şamil ediləcək. Onlar üçün isə universitetə daxil olmaq üçün həftədə iki dəfə testdən keçməklə xüsusi qayda müəyyən ediləcək".
Rektor "doğrudur, Elmi Şura qərarı hələ təsdiqləməyib, müzakirələr davam edir. Maraqlı və düşündürücüdür. Bəlkə də üz-üzə təhsilə 100% qayıtmaq üçün ən doğru qərardır..." -deyə qeyd edib.
Fəqan Əzimli