Logo

Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın artan iqtisadi-siyasi nüfuzunun göstəricisidir

05.07.2021 13:45 570 baxış

Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti haqqında danışmazdan öncə azad iqtisadi zonaların mahiyyəti haqqında bir sıra nüansları qeyd etmək lazımdır. Azad iqtisadi zonalar gömrüksüz və ya imtiyazlı ixrac-idxal rejimi tətbiq edilən, daha sərfəli iqtisadi və coğrafi mövqeyə malik olan ölkə ərazisi və ya onun hər hansı bir hissəsidir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericilik normaları ilə fəaliyyət göstərir. Bu cür zonaların yaradılması zamanı gömrük tənzimlənməsi, vergitutma, bank fəaliyyəti, imtiyazların verilməsi, azad zonanın idarə edilməsi məsələlərinə xüsusi diqqət yetirilir. Azad İqtisadi Zonaların yaradılması bir qayda olaraq ayrı-ayrı ərazi və regionların iqtisadi inkişafına, konkret prioritet iqtisadi məsələlərin həllinə, strateji proqram və layihələrin reallaşdırılmasına yönəldilmiş ciddi bir işdir. Azad iqtisadi zonaların yaradılmasında başlıca məqsəd ölkələrin beynəlxalq əmək bölgüsündə baş verən inkişaf proseslərinə fəal surətdə qoşulmaqdır. Azad iqtisadi zonalar ölkənin daxili bazarının yüksək keyfiyyətli məhsullarla doldurulması üçün çox vacibdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının yaradlmasında məqsəd, transmilli enerji infrastrukturu və beynəlxalq nəqliyyat layihələrinin Azərbaycanda reallaşdırılması, investorların ölkəmizə marağının artması, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli coğrafi mövqeyi ilə seçilən ərazilərin logistik və sənaye potensialından tam istifadə olunması, iqtisadiyyatımızın daha da möhkəmlənməsi, əhalinin məşğulluğunun təmin edilməsidir. Bu gün uzaqgörən dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası ilə Azərbaycan böyük iqtisadi qazanc əldə edəcəkdir. Bundan əlavə onsuz da regionda lider ölkə olan Azərbaycanın nüfuzu, iqtisadi mövqeyi daha da gücləndirəcəkdir. Tarixən tranzit yolların qovşağında yerləşən Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində rolu və strateji əhəmiyyətini daha da artıracaqdır. Bu iqtisadi zonanın yaradılması ilə dövlətimizin imkanları daha da artacaq, ölkəmizə yeni investisiyaların cəlb edilməsinə şərait yaranacaqdır.
 
       

  Elşən Ağalarov
  Neftçala rayon sakini, müəllim

Xəbər lenti