Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2021-2022-ci tədris ilində musiqi müəllimliyi, musiqişünaslıq, təsviri incəsənət müəllimliyi, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasları üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcək. Mövcud vəziyyət (pandemiya şəraiti) nəzərə alınaraq tədrisin onlayn formada təşkil olunması istisna edilmir.
ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən aparılır. Universitetdə yenidənhazırlanma təhsilinə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə və elektron (skan edilmiş PDF formatında) qaydada həyata keçirilir. Sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar.
Tədris Azərbaycan və rus dillərində aparılır.
Sənədlər sentyabrın 10-dək qəbul olunur. Yenidənhazırlanma təhsili almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə), 2021-ci ilin məzunları bakalavr səviyyəsini bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript, 2 ədəd fotoşəkil (3×4 sm JPEG formatında), şəxsiyyət vəsiqəsinin surətini (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd) təqdim etməlidirlər.
Yenidənhazırlanma təhsilinə müraciət üçün ərizə formasını ADMİU-nun saytındakı link vasitəsilə yükləmək olar.
Xatırladaq ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. [email protected]
Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80