Logo

2021 yayı üçün Bill Qeytsdən 5 kitab tövsiyəsi

06.07.2021 17:38 474 baxış
IMG

“Bu kitablar düşünmək üçün mənə maraqlı mövzular verdi. Ümid edirəm ki, sizin üçün də eyni təsiri göstərər.”

 

“Hər hansı bir kitabı oxuyub başa çatdırdıqdan sonra yenisini seçmək heç də hər zaman özlüyündə müəyyən bir ardıcıllıq və ya səbəb daşımır. Bəzən möhtəşəm bir kitab oxuyuram və bu, məni eyni mövzuda başqa kitablar oxumağa təşviq edir. Bəzən də digər insanların tövsiyələrinə qulaq asmağı seçirəm.

 

Bu dəfə isə təbiət və bəşəriyyətin mürəkkəb əlaqəsinə dair kitablara maraq göstərdiyimi gördüm. Bəlkə bu, hazırki şəraitdə demək olar ki, hər kəsin həyatının virusa görə alt-üst olmasından qaynaqlanır. Bəlkə də, ilin əksər hissəsini iqlim fəlakətlərinin qarşısını necə ala biləcəyimizə dair çıxışlar etməyimə görədir.”

 

Hər il ənənəvi olaraq bir neçə dəfə sevdiyi kitabları tövsiyə edən Microsoft şirkətinin CEO-su Bill Qeyts yay ayları üçün yeni siyahıyısını açıqladığı bir video yayımlayıb.

 

Gəlin birlikdə sözügedən siyahıya daxil olan kitablarla tanış olaq:

 

“Lights Out: Pride, Delusion, and the Fall of General Electric” - Thomas Gryta və Ted Mann

 

“General Electric (GE) şirkətinin süqut etməsi halında hər hansı bir müəssisə necə böyük və uğurlu ola bilər? Bir neçə ildir ki, bu mövzu ilə bağlı düşünürəm və sözügedən kitab nəhayət ki, axtardığım sualların cavabını tapmaqda mənə kömək oldu. Belə ki, müəlliflər GE tərəfindən atılan yanlış addımlar və bu vaxta qədər buraxılmış səhvlər barəsində cəsarətli yanaşma ilə oxucuların qarşısına çıxırlar.

 

Əgər siz də hər hansı müəssisənin, qeyri-hökumət təşkilatının və ya başqa bir sahənin rəhbərisinizsə, bu kitabda sizin üçün çox faydalı informasiyalar mövcuddur.”

 

“Under a White Sky: The Nature of the Future” - Elizabeth Kolbert

 

“Kolbertin sonuncu kitabı siyahıdakı “bəşəriyyət təbiətə qarşı” mövzusuna ən bariz nümunədir. O, əsəri belə təsvir edir; insanların problemləri həll etmək üçün yaratdığı problemlərdən yayınmağa çalışan insanlar haqqında kitab.

 

Yazıçı kitabda insanlar tərəfindən təbiətə edilən müdaxilələrin bir neçə formasını qeyd edir ki, bunlardan ikisi, genlərin dəyişdirilməsi və gen mühəndisliyi mənim ən çox diqqətimi cəlb edən mövzular idi.

 

“A Promised Land” - Barack Obama

 

“Adətən Amerika prezidentləri ilə bağlı kitabları oxumağı sevirəm və bu kitabı da olduqca bəyəndim.

 

Memuar Barak Obamanın 2011-ci ildə Üsamə bin Ladeni ölümə aparan missiya boyunca karyera pillərini çıxmasının ilk illərindən bəhs edir. Prezident Obama adətən Ağ Evdəki fəaliyyəti barəsində şəffaf olmağa çalışıb, o cümlədən yekun qərarı verən şəxs olmağın onu digərlərindən necə təcrid etməsi də daxil olmaqla. Kitab oxucunun yaddaşında çətin və keşməkeşli vaxtlarda ölkə idarə etməyin necə olduğuna dair heyranedici mənzərə yaradacaq.”

 

“The Overstory” - Richard Powers

 

“Bu, bir neçə ildir ki, oxuduğum ən qeyri-adi kitab oldu.

 

Kitab doqquz fərqli insanın həyatını və onların ağaclarla əlaqəsini işıqlandırır. Bu doqquz obrazdan bəzilərinin yolu kitabın müəyyən hissələrində kəsişsə də, bəziləri öz yolu ilə getməyə davam edir. Baxmayaraq ki, kitab meşələri mühafizə etmək üçün görülməli tədbirlərə kifayət qədər müfəssəl yanaşır, ancaq məni ən çox təsirləndirən hər bir obrazın öz məqsədinə çatmaq üçün duyduğu əzm və şövq oldu və eyni zamanda müxtəlif ağaclarla bağlı daha çox informasiya əldə etmək üçün kitabı oxuyub bitirməyə can atırdım.”

 

“An Elegant Defense: The Extraordinary New Science of the Immune System: A Tale in Four Lives” - Matt Richtel

 

“Düzdür, Richtel bu kitabı pandemiyadan öncə qələmə alıb, ancaq orqanizmin immun sisteminə dair apardığı araşdırmalar sizə “Covid-19”a qalib gəlmək üçün olduqca dəyərli məlumatlar verəcək.”

 

https://www.youtube.com/watch?v=y741OmjCV10&t=1s

Xəbər lenti