Logo

Azərbaycan Tibb Universiteti Aşqarlar Kimyası İnstitutu ilə birgə tədqiqatlar aparacaq

07.07.2021 12:23 594 baxış
IMG

AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlıq üzrə müqavilə imzalanıb.

 

AKİ-nin baş direktoru, akademik Vaqif Fərzəliyev və ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən imzalanmış əməkdaşlıq müqaviləsində müştərək elmi-tədqiqat işlərinin aparılması, doktorantların birgə yetişdirilməsi, elmi konfransların və vebinarların qarşılıqlı təşkili və s. məsələlər öz əksini tapıb. 

 

Qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün iyunun 24-də Aşqarlar Kimyası İnstitutunda keçirilən tədbirdə çıxış edən akademik Vaqif Fərzəliyev bildirib ki, bioloji fəallığa malik maddələrin sintezi və funksional xassələrinin əczaçılıq istiqamətində tədqiqi ATU-nun Ümumi və toksikoloji kimya kafedrası ilə əməkdaşlıq çərçivəsində birgə aparılacaq. V.Fərzəliyev qeyd edib ki, elm və təhsil müəssisələrinin əməkdaşlıq etməsi hər iki tərəf üçün əhəmiyyətlidir və alınan nəticələr respublikamızda elmin inkişafına xidmət edəcək. 

 

Sonra ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri, əczaçılıq üzrə elmlər doktoru, professor Eldar Qarayev rəhbərlik etdiyi kafedrada aparılan elmi tədqiqatlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O öz çıxışında qeyd edib ki, ATU-nun Ümumi və toksikoloji kimya kafedrasında bitki xammallarından alınan təbii birləşmələrin kompyuter modelləşdirmə üsulu olan in siliko təcrübələri, AKİ ilə birgə onların kimyəvi molifikasiyası istiqamətində elmi işlərin aparılması mühüm elmi nəticələrə gətirib çıxaracaq, bu nəticələrin müxtəlif beynəlxalq konfrans və simpoziumlarda məruzə edilməsi, yüksək impakt faktorlu xarici jurnallarda nəşr edilməsi hər iki tərəfə böyük fayda verəcək.

 

Daha sonra həmin kafedranın professoru, kimya elmləri doktoru Fikrət Quliyev birgə əməkdaşlığın tibb, əczaçılıq və kimyanın müxtəlif sahələri üzrə tələbə və magistrantların qarşılıqlı təcrübə keçmələrinə, hər iki müəssisənin yüksək ixtisaslı kadrlarla təminatına fayda verəcəyini qeyd edib.

Xəbər lenti