Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
AMEA-dan Tehsil.biz-ə bildirilib ki, institutun baş direktoru, akademiyanın müxbir üzvü Oktay Qasımov şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. O diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Biofizika İnstitutuna doktorant hazırlamaq səlahiyyəti verilib.
Sonra Biofizika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların qəbul və minimum imtahanlarının verilməsi ilə bağlı biofizika, biokimya, riyazi biologiya, bioinformatika ixtisasları üzrə proqramlar müzakirə olunaraq bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
Daha sonra 2020/2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına uyğun olaraq Biofizika İnstitutuna qəbul olunan doktorant və dissertantların fərdi iş planları müzakirə edilərək təsdiqlənib.
İnstitutun elmi işçilərinin 2021-ci il üçün təsdiq olunmuş fəaliyyət planı üzrə I yarımildə gördükləri işlərə dair hesabat müzakirə edilib və müvafiq tapşırıqlar verilib.