Yaxşı təhsil almaq, arzusu olduğu ixtisasın mütəxəssisi kimi yetişmək hər bir tələbənin ali məqsədidir. Yeni tədris ili də yeni bir mərhələnin başlanğıcıdır: yeni tədris ili, yeni ixtisaslar, yeni müəllimlər, yeni mühit... Yüksək bilik və bacarığa malik olan Prezident təqaüdçüləri ilə nə qədər qürur duysaq, az olar bəlkə də. 101 illik şanlı tarixə malik elm məbədi - Bakı Dövlət Universitetində təhsil almağın ikiqat qürurunu yaşayan qəbul imtahanlarında yüksək nəticə göstərən Prezident təqaüdçülərini təbrik edirik. Bu il də birinci kursa qəbul olunan tələbələrimiz arasında belə bacarıqlı gənclər çoxdur. BDU həm Prezident təqaüdçüləri, həm də 600-dən yuxarı bal toplayan digər tələbələrin sayına görə respublikanın ali məktəbləri arasında öndə gəlir. Sevindirici haldır ki, son illər yüksək bal toplayaraq BDU-nu seçən abituriyentlərin sayında artım davam edir.
İnsan kapitalının inkişafını daim diqqət mərkəzində saxlayan Bakı Dövlət Universitetinin də əsas məqsədi məhz savadlı, bilikli, müasir təhsil yeniliklərini mənimsəmiş, dövlətçilik prinsiplərini, azərbaycançılıq məfkurəsini və milli-mənəvi dəyərlərimizi əsas tutan mütəxəssislər yetişdirməkdir. Universitetdə elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin tələbəlik illərindən tədqiqata yönləndirilməsi məqsədi ilə yüksək bal toplayaraq Universitetə qəbul olunmuş və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən Prezident təqaüdçülərinin elmi fəaliyyətə cəlb edilməsi istiqamətində intensiv işlər aparılır.
Xatırladaq ki, Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra ilk illərdə ölkədə gənc kadrlara yaranan böyük ehtiyac səbəbindən Ümummilli Lider Heydər Əliyevin "Prezident təqaüdü" təsis etməsi haqqında 2001-ci il 3 sentyabr tarixli 564 saylı fərmanı yerli kadrların yetişdirilməsi işinə böyük töhfə olub.
2020/2021-ci tədris ilində 102 prezident təqaüdçüsündən 15-i BDU-nu seçib. Əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə və elmə göstərdikləri diqqət və qayğı tələbələrimizə daima stimul verəcək, təqaüdçü tələbələr savadlı, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcək, fəaliyyətlərində vətənpərvərlik, dövlətçilik prinsiplərini əsas tutacaq, eyni zamanda, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklər.