Logo

Bakı Slavyan Universitetinin kollektivi düşmənlə informasiya mübarizəsində fəal iştirak edir

02.11.2020 12:23 505 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) kollektivi separatçı və terrorçu Ermənistanın silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan növbəti hərbi təxribatına, eləcə də humanitar atəşkəs rejimi haqqında 3 razılaşmanın tələblərini kobud şəkildə pozmasına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirən şanlı və rəşadətli Azərbaycan Ordusuna lazımi dəstək verir. Hazırda BSU-nun 70-ə yaxın məzunu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ön cəbhədə düşmənə qarşı igidliklə döyüşür. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, onların arasında yaralananlar, şəhid olanlar da var. Universitet müharibənin ilk günlərindən rektor, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın təşəbbüsünə və müvafiq əmrinə əsasən, Azərbaycan Silahlı Qüvvələrinə dəstək verməyi özünün əsas vəzifələrindən biri kimi müəyyən edib. Universitetin rektoru, prorektorları, fakültə dekanları, kafedra müdirləri, BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərinin, elmi-tədqiqat laboratoriyalarının və digər strukturların əməkdaşları, tələbə ictimai təşkilatlarının fəal üzvləri, tələbə-gənclər saxta və yalançı erməni təbliğatına qarşı informasiya mübarizəsində fəal iştirak edirlər.

 

BSU-nun Mətbuat və informasiya şöbəsindən bildirilib ki, onlar Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan, rus, ingilis, fransız, alman və digər xarici dillərdə çap və elektron mediada sanballı məqalələrlə çıxış edir, radio və televiziyalara müsahibələr verirlər. Bu məqalə və müsahibələrdə, videoçarxlarda, paylaşımlarda şanlı Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələr, Müzəffər Ali Baş Komandanın çıxış və müraciətləri, erməni terrorçuların Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Daşkəsən, Goranboy, Tərtər, Ağcabədi, Qəbələ, Kürdəmir, Xızı və digər yaşayış məntəqələrimizdə dinc mülki əhaliyə qarşı törətdikləri vəhşiliklər, qətliamlar öz əksini tapıb.

 

Vətən müharibəsinin ilk günündən BSU-nun müəllimləri və tələbələri “Facebook”, “Twitter”, “Instagram” və digər sosial şəbəkələrdə aktiv yazışmalar aparırlar. Bu günədək BSU tərəfindən Vətən müharibəsi ilə bağlı 1000-dən çox paylaşım edilib, 10-dan çox videoçarx hazırlanıb və universitet hazırda bu vacib istiqamətdəki fəaliyyətini daha əzmlə, yüksək təəssübkeşliklə davam etdirir.

 

Hazırda BSU-da həyata keçirilən “Qürurlu ol, əsgər anası!” layihəsi universitetin məzun əsgərlərinin ailələrinə dəstək verilməsinə, onlarla birlik, həmrəylik nümayiş etdirilməsinə xidmət göstərir. Layihə çərçivəsində BSU-nun nümayəndələri məzun əsgərlərimizin və şəhidlərimizin ailələrini baş çəkir, onlara mənəvi dəstək olurlar. Həmçinin BSU tərəfindən Azərbaycanın slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərinə Vətən müharibəsi ilə bağlı göndərdiyi müraciət də bu istiqamətdə atılan vacib addımlardan biridir.

 

Bununla yanaşı, BSU-da təhsil alan əcnəbi tələbələr Azərbaycan xalqının haqq işinə, haqq mübarizəsinə yaxından qoşularaq ermənilərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq respublikamızın şəhər və rayonlarını atəşə tutmalarını, dinc sakinləri terrora məruz qoymalarını qətiyyətlə pisləyir, bu vandalist aktlara kəskin etirazını bildirir və “Qarabağ Azərbaycandır!” deyirlər. Ümumilikdə BSU-nun kollektivində həmişə olduğu kimi, bu çətin və məsuliyyətli tarixi günlərdə də yüksək milli ruh, vətənpərvərlik, dövlətə və dövlətçiliyə sədaqət hissi hökm sürür. Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi tezliklə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində rəşadətli Azərbaycan Ordusunun bütün torpaqlarımızı işğaldan azad edəcəyinə ürəkdən inanır və bütün fəaliyyətini məhz bu inam, əminlik üzərində qurur.

 

Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev!

 

Eşq olsun yenilməz, müzəffər Azərbaycan Ordusuna!

 

Qarabağ Azərbaycandır!

Xəbər lenti