Logo

UNEC-də Çin dili kursunu uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub

14.07.2021 14:42 332 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş distant Çin dili kurslarını uğurla bitirən məzunlara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

 

Tehsil.biz bildirir ki, tədbiri açan UNEC-in prorektoru dosent Anar Rzayev 2019-cu ildən UNEC-də distant formada başlayan Çin dili kurslarının 3-cü mərhələsinin uğurla yekunlaşdığını bildirib. Çin dilinin tədrisinin bundan sonra da davam etdiriləcəyini deyən prorektor göstərdikləri dəstəyə görə Heydər Əliyev Fonduna, Çinin ölkəmizdəki səfirliyinə, Konfutsi İnstitutuna, Pekin Dövlət Universitetinə təşəkkürünü bildirib.

 

Çin Xalq Respublikasının səfiri xanım Qo Min Azərbaycan-Çin əməkdaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurla inkişaf etdiyini deyib. Azərbaycanda Çin dilinə marağın artdığından məmnunluğunu ifadə edən xanım səfir, bunun iki ölkə arasında dostluq münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyini vurğulayıb. Kursu bitirən məzunları təbrik edən xanım Qo Min onları Çinə səfərə dəvət edib.

 

Milli Məclisin deputatı Soltan Məmmədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan Çin dili kurslarının bu istiqamətdə önəmli rol oynadığını vurğulayıb. Qeyd edib ki, layihə iki ölkə arasında yüksək səviyyədə olan iqtisadi, mədəni əlaqələrə müsbət təsir göstərəcək. S.Məmmədov UNEC-də Çin dili kurslarının yüksək səviyyədə təşkilindən söz açaraq, bu universitetin ölkədə distant təhsil sahəsində də böyük uğurlar əldə etdiyini vurğulayıb.

 

Tədbirdə iştirak edən Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov kursu uğurla bitirən məzunları təbrik edərək, layihənin Azərbaycan-Çin dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.

 

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub.

 

Xəbər lenti