Logo

Məktəblilər arasında rəsm müsabiqəsi davam edir

02.11.2020 17:21 525 baxış
IMG

Məktəblilər arasında UNESCO-nun 75 illik yubileyi çərçivəsində “Sülhü birgə formalaşdıraq!” mövzusunda rəsm müsabiqəsi davam edir.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə nazirliyin “Məktəblinin dostu” layihəsi və Azərbaycan UNESCO klublarının birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun məktəblərini əhatə edir.

 

Birinci mərhələ üzrə rəsmlərin qəbulu noyabrın 15-dək davam edəcək. Növbəti mərhələyə keçənlərin adları noyabrın 30-dək açıqlanacaq. İkinci mərhələnin qaliblərinin elan olunması isə dekabr ayında nəzərdə tutulur.

 

Müsabiqənin keçirilməsində məqsəd BMT və UNESCO tərəfindən hər il qeyd olunan 21 sentyabr - Beynəlxalq Sülh Gününə uşaq və gənclərin diqqətini cəlb etmək, onlara sülh mədəniyyəti, xalqlar və insanlar arasında qarşılıqlı anlaşma, dostluq münasibətlərinin əhəmiyyətini, milli dəyərlərimizi, tolerantlıq və multikulturalizm ənənələrini aşılamaq, habelə bədii-estetik səviyyələrini yüksəltmək, xüsusi istedada malik uşaqları aşkarlamaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

 

Müsabiqə üç yaş qrupu üzrə (6-9, 10-14, 15-17 yaşlı) keçirilir. Hər yaş qrupu üzrə 3 qalib müəyyən olunacaq. Müsabiqənin birinci mərhələsində hər rayondan üç yaş qrupu üzrə qaliblər seçiləcək, sonra onlar arasında müvafiq yaş qrupları üzrə ümumilikdə 9 qalib müəyyən ediləcək.

 

Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox şagirdlərin öz duyğuları ilə işlədikləri əsərlər seçiləcək.

 

Sonda qaliblər fəxri diplomlarla mükafatlandırılacaq.

Xəbər lenti