Logo

DİA-da Dövlət Miqrasiya Xidmətinin rəhbər heyəti üçün təlim keçirilib

15.07.2021 12:05 365 baxış
IMG

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçularından ibarət rəhbər heyəti üçün “Qlobal çağırışlar və Cənubi Qafqaz” mövzusunda növbəti onlayn təlim təşkil olunub.

 

Tehsil.biz xəbər verir ki, təlimin əsas məqsədi regionda baş verən siyasi proseslərin təhlili, müharibədən sonrakı dövrdə münasibətlər, regionun yeni siyasi vəziyyəti, regionda miqrasiya vəziyyəti haqqında məlumat vermək və digər aktual məsələlər barədə fikir mübadiləsi aparmaqdan ibarət olub.

 

Əməkdaşlıq fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında imzalanmış əməkdaşlıq memorandumunu əhatə edir.

 

Təlimdə DİA-nın rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə” mövzusunda mühazirə ilə çıxış edib. Sonra təlim iştirakçıları Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun mühazirəsini dinləyiblər.

 

Təlimdə ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmətin elmi əsasları, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın təmin olunması, miqrasiya vəziyyətinin idarəedilməsi və nəzarətin gücləndirilməsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Layihə 2021-ci ilin sonunadək davam edəcək və təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq.

Xəbər lenti