Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir.
Tehsil.biz xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyulun 30-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 14:30-a olan məlumata görə, imtahanda iştirak etmək üçün 621 (BA - 203, BB - 418) nəfər qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək imtahana buraxılış vərəqəsində qeyd olunacaq. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. Həmin pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.