UNEC-də 2021/2022-ci tədris ilindən Universitet Daxili İki Diplom (UDİD) proqramına start verilib.
Tehsil.biz xəbər verir ki, UDİD proqramının məqsədi bakalavrlara qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr dərəcəsi vermək, tələbələri rəqabətədavamlı mütəxəssis kimi yetişdirmək, gələcəkdə əmək bazarında layiqli yer tutmaları və onun tələblərinə çevik uyğunlaşmaları üçün imkan yaratmaqdan ibarətdir.
UDİD Proqramı barədə ən çox verilən sualları və cavabları təqdim edirik.
- UDİD Proqramına təhsilinin üçüncü semestrindən etibarən əyani və qiyabi təhsil alan bakalavrlar qoşula bilər.
-Tələbənin xarici dil biliyini sübut edən sənədi olarsa və ya universitetdə keçiriləcək xarici dil imtahanından yüksək nəticə əldə edərsə UDİD proqramına özünün tədris dilindən fərqli dildə iştirak edə bilər.
-UDİD Proqramının iştirakçısı UNEC tələbəsi olmalıdır.
-UDİD və MİNOR proqramlarının yalnız birinə qoşulmaq olar.
UDİD Proqramını hər hansı səbəbdən yarımçıq qoyan tələbə, şərtlər uyğun gələrsə ikinci təhsilini MİNOR Proqramı çərçivəsində davam edə bilər.
-Ödəniş, tələbənin UDİD ixtisası üzrə dinlədiyi fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqına əsasən müəyyənləşdirilir. Proqram üzrə maksimum kredit sayı 60-dır.
-UDİD proqramının fənlərinin tədris olunduğu semestrin əvvəlində kredit sayına uyğun olaraq ödəniş edilir.
-UNEC-ə 700 bal toplayaraq qəbul olan və ÜOMG-si 91dən yuxarı olan tələbələr tam ödənişsiz, UNEC-ə 600 və daha yüksək bal toplayaraq qəbul olan və ÜOMG-si 91dən yuxarı olan tələbələr 50% güzəştlə təhsil ala bilərlər.
-Tələbə yalnız birinci ixtisası üzrə təqaüd müsabiqəsində iştirak edə bilər.
-UDİD Proqramı üzrə akademik borcu yaranan tələbə Yay semestrinə və təkrar imtahanlara qeydiyyatdan keçə bilər.
-Tələbəyə UDİD Proqramı üzrə diplom yalnız birinci ixtisasdan məzun olmaq şərti ilə verilir.
-Tələbə öz arzusu ilə UDİD Proqramından kənarlaşa bilər və kənarlaşan tələbə yenidən Proqrama bərpa olunmur.
-Tələbə birinci ixtisas proqramından məzun olana qədər UDİD Proqramının iştirakçısı ola bilər.
-UDİD ixtisası üzrə əldə edilən diplom müstəqil şəkildə magistratura təhsilini davam etdirməyə və həmin ixtisas üzrə peşə fəaliyyətini qurmağa imkan verir.