Logo

BDU-da Qarabağ ruhu

03.11.2020 12:37 564 baxış
IMG

Qarabağlı fəxrlərimizin ruhu şad olur

7-ci yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

 

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

 

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

 

Yeddinci yazımız Bakı Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedrasının müdiri olmuş Paşa Həbib oğlu Rüstəmovla bağlıdır.

 

Paşa Rüstəmov 1920-ci il mayın 20-də Şuşa şəhərində anadan ol­muşdur. 1937-1941-ci illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil almışdır.

 

1957-ci ildə kimya üzrə fəlsəfə do­toru, 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor elmi adını almış, 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir.

 

1959-1983-cü illərdə Azərbaycan SSREA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri, 1983-cü ildən ömrünün axırına kimi Bakı Dövlət Universitetində kafedra müdiri olmuşdur.

 

P.Rüstəmov respublikada fiziki-kimyəvi analizin və yarımkeçiricilər kimyasının əsasını qoyanlardan biri olmuşdur. O, ikili, üçlü və daha mürəkkəb sistemlərin hal diaqramını öyrənmiş, yarımkeçirici materialların sintezi və tədqiqində diqqətəlayiq nəticələr əldə etmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yüksək temperaturda davamsız kükürdlü birləşmələrin sintez şəraiti təkmilləşdirilmiş və materialşünaslıqda istifadə üçün tövsiyə edilmişdir.

 

P.Rüstəmovun elmi məqalə və ixtiralarında xalkogenid birləşmə və bərk məhlullar əsasında onun yaratdığı yüksək effektli fotoçeviricilər, termoelektrik materiallar və radiasiya fazasını təyin etmək üçün qamma-detektorlarının hazırlanma texnologiyaları öz əksini tapmışdır.

 

P.Rüstəmov 600-dən çox elmi əsərin, o cümlədən 51 müəlliflik şəhadətnaməsi və 14 monoqrafiyanın müəllifidir.

 

P.Rüstəmovun rəhbərliyi ilə 10 elmlər doktoru, 50 fəlsəfə doktoru hazırlanmışdır. O, I dərəcəli “Vətən müharibəsi” ordeninə, Akademik Kurnakov adına medala və Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülmüşdür.

 

AMEA-nın müxbir üzvü Paşa Rüstəmov 1997-ci ildə Bakıda vəfat etmişdir.

 

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Paşa Rüstəmovun dünyaya göz açdığı, musiqinin beşiyi sayılan Şuşa şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

Xəbər lenti