Logo

Kiyev Milli Universitetinin rektoru: "Milli Məclisin üzvləri arasında məzunlarımız var" - MÜSAHİBƏ

16.07.2021 10:06 694 baxış
IMG

“Report”un Şərqi Avropa bürosunun T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Volodımır Buqrovla müsahibəni təqdim edirik.

- Rəhbərlik etdiyiniz universitetlə Azərbaycan ali təhsil ocaqları ilə əməkdaşlığı hansı səviyyədədir? O cümlədən tələbə və təcrübə mübadiləsi hansı sazişlərlə tənzimlənir? Gələcəkdə hər hansı layihələr nəzərdə tutulurmu?

- Hazırda T.Şevçenko adına Kiyv Milli Universiteti ilə Azərbaycanın 8 ali təhsil ocağı arasında müvafiq sazişlər var. Bunlar Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Koperasiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, həmçinin AMEA Şamaxı Astrofizika Rəsədxanasıdır. Bununla yanaşı Azərbaycan Respublikasının Kiyvdəki səfirliyilə də əməkdaşlıq sazişimiz sayəsində Azərbaycanın universitetlərilə də, hökumətilə də əməkdaşlığımızı əlaqələndiririk. Bütövlükdə isə Ukrayna ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 131 saziş var ki, bunların bir qismi təhsil sahəsinə aiddir. Belə ki, 2000-ci ildə iki ölkənin hökumətləri arasında diplom və elmi dərəcələrinin qarşılıqlı tanınmasına dair imzalanmış saziş təhsil xidmətləri göstərilməsi, Uikraynada Azərbaycan tələbələrinin və Azərbaycanda Ukrayna tələbələrinin təhsil almaları sahəsində əməkdaşlığımızı daha səmərəli hala gətirib. Fikrimizcə, ölkələrimizin qarşılıqlı əməkdaşlıq əlaqələri üçün hüquqi baza hərtərəfli hazırlanıb ki, bu da Ukrayna və Azərbaycan ali təhsil ocaqları arasında müxtəlif rəsmi əngəllərlə qarşılaşmadan əməkdaşlıq üçün imkanlar yaradır.

- Kiyv Milli Universitetinin diplomları rəsmi olaraq neçə ölkədə tanınır? Bu sayı artırmaq üçün hansı addımlar atılır? Rəhbəırlik etdiyiniz universitetdə aparılan islahatlarla bağlı nələr deyərdiniz?

- Qeyd edim ki, Ukrayna diplomların müxtəlif ölkələrdə tanınmasını tənzimləyən Lissabon Konvensiyasının iştirakçısıdır. Həmin sənədi imzalayan ölkələr müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə başqa imzalayan ölkələrdə verilmiş diplomları tanımaq öhdəliyini götürür. Ukraynada həmin şərtlər yerinə yetirilib. Bunlar ali təhsildə bakalavr, magistr, fəlsəfə doktoru pillələrinin, Avropa kredit - transfer sisteminin tətbiqi, universitetlərdə keçirilən vaxtın ölçülərək qeydiyyatı, ixtisasların qarşılıqlı tanınmasıdır. Yəni bu gün Kiyv Milli Universitetinin diplomları Lissabon Konvensiyasını imzalamış, yaxud onun müddəalarını qəbul edən 150-ə yaxın ölkədə tanınır.

- Bu ölkələr arasında neçə Avropa ölkəsi var?

Avropanın bilaistisna bütün ölkələri var. Biz təhsilin keyfiyyəti məsələsinə beynəlxalq reytinqlər baxımdan yanaşırıq. Belə ki, Kiyv Milli Universiteti Avropanın üç ən nüfuzlu reytinqinin ikisi olan Böyük Britaniyanın QA və CR Higher Education reytinqlərinin iştirakçısıdır. Həmçinin “U.S. News and World Report” nəşrinin hər il tərtib etdiyi reytinqində də iştirak edirik. Bundan əlavə Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Şanhay şəhərinin, o cümlədən Şanhay Riyaziyat Reytinqinin də iştirakçısıyıq. Bütün bu reytinqlərdə iştirak etməyimiz beynəlxalq standartlara uyğun təhsil verdiyimizə dəlalətdir. Buna baxmayaraq, arxayınlaşmırıq. Koronavirus pandemiyası da dəyişməyin vacibliyini ortaya qoydu. Bu gün biz bütün ehtiyatları electron formatda təqdim ediləcək rəqəmli universitet modeli üzərində çalışırıq. Bununla yanaşı əmək bazarına uyğun yeni ixtisaslar üzərində çalışırıq. Biz sosial məsuliyyətini dərk edən universitet modelini hazırlayırıq. Çünki addımlarımızı abiturientlərlə, valideynlərilə, işəgötürənlərlə, dövlətlə razılaşdırmalıyıq. Odur ki, missiyamız firavan həyat üçün keyfiyyətli təhsil olmalıdır. Bununla yanaşı universitetimiz tədqiqat mərkəzi də olduğu üçün magistr proqramlarımızda mütləq elmi müddəalar da var. Həmçinin tələbələrə sahibkarlıq, sosial məsuliyyət, peşə əxlaqı kimi yeni fənnlər də tədris edirik. Bu fənnləri bilməyən müasir gəncin yaxşı iş tampası ehtimalı yox dərəcəsindədir.

- Kiyv Milli Universitetinə Azərbaycan Respublikası vətəndaşlarından bu il nə qədər qəbul edilib və hazırda neçəsi təhsil alır? Onların təhsil səviyyəsi necədir? Azərbaycanlı tələbələr daha çox hansı ixtisaslara üz tutur?

- Bizdə bu gün Azərbaycan Respublikasından 180 nəfər təhsil alır. Bunların 178 nəfəri fakültə və institutlarda, iki nəfər də hazırlıq bölməmizdə oxuyur. Həmçinin Ukrayna vətəndaşı olan azərbaycanlılar da var. Əslində sadaladığım rəqəmlər kiçikdir, çünki bu il ölkəyə giriş üçün müxtəlif arayışlar, testlər vs. tələb olunurdu. Bu il Azərbaycan vətəndaşı olan 40-dək tələbə təhsilini başa vurub, əvəzində hələləik qəbul olunan yoxdur. İxtisaslara gəlincə, ən çox Hüquq İnstitutuna, Beynəlxalq Münasibətlər İnstitutuna, iqtisad fakültəsinə daxil olurlar. Əlbəttə, başqa fakültə və institutlarda da var. Bütövlükdə Azərbaycandan gələn tələbələrin məktəb təhsili çox yüksək səviyyədədir. Qeyd edim ki, Azərbaycanda Kiyv Milli Universitetinin nüfuzu böyükdür, daxil olmaq istəyənlər yüksək tələblərimizdən xəbərdardır. Yeri gəlmişkən, Milli Məclisin üzvləri arasında da bir neçə məzunlarımız var, 4 ya 5 nəfər. Azərbaycan İqtisad Universiteti müəllimlərinin də bir çoxu o cümlədən. Hazırlıq bölməmizdə dil təliminə xüsusi diqqət yetirilir. Bütövlükdə isə Azərbaycandan gələn tələbələrin güclü və uğurlu olduğunu söyləyə bilərəm.

- Bəs azərbaycanlı tələbələrin intizamsızlıq, ya da başqa səbəblərdən xaric olunması halları varmı?

- Ötən il belə hallar olmayıb. Azərbaycan Respublikasından olan tələbələr adətən Miqrasiya Xidmətinin məktubu əsasında xaric olunurlar. Belə ki, onlar bizə təhsil vizası ilə gəlirlər, sonra isə sahibkarlıqla məşğul olmağa başlayırlarsa, bunun üçün xüsusi viza var. Belə hallarda Miqrasiya Xidməti ölkədə qalmaq rejiminin, yəni viza rejiminin pozulması barədə məktub göndərir, biz də həmin tələbəni xaric etməli oluruq. İntizamsızlıqla bağlı ilə son illər Azərbaycandan olan tələbələr xaric olunmayıb.

- Azərbaycanın Ukrayna tarixində də yeri olan görkəmli şəxsiyyətlərinin adını universitetinizin ayrı-ayrı kafedralarına verməklə əbədiləşdirmək mümkündürmü?

- Bizim kafedralarda belə bir adət olmasa da, 2021-ci ildə Nizami Gəncəvinin 880 yaşı tamam olur, bizim fəxri doktorumuz olan Azərbaycan prezidenti İlham Əliyev də bu ili Nizami İli elan edib. Ukraynadakı azərbaycanlı diasporu ilə, Azərbaycan Respublikasının səfirliyilə əməkdaşlıq edərək Kiyv şəhərinin mərkəzində yerləşən Nəbatət Bağında Nizami Gəncəvinin heykəlini ucaltmaq layihəsini hazırlamışıq. Fikrimizcə, bu heykəl Ukranya – Azərbaycan dostluğunun rəmzi və bəzəyi olacaq.

2022-ci ilin dekabr ayında ölkələrimiz arasında dilpomatik münasibətlərinin bərpasının 30 illiyi qeyd olunacaq. Bildiyimiz kimi, vaxtilə Azərbaycan Xalq Cümhuriyyəti ilə Ukrayna Xalq Respublikası arasında da diplomatic münasibətlər olub, AXC-nin Ukraynadakı səfir vəzifəsini də Müqəddəs Vladimir Universiteti hüquq fakültəsinin məzunu Yusif Vəzir Çəmənzəminli çalışıb. Həmin görkəmli şəxsiyyətin şərəfinə biz hazırda Azərbaycan səfirliyilə birgə adlı auditoriya hazırlayırıq. Belə ki, görkəmli şəxsiyyətlərin adını auditoriyalara vermək ənənəmiz var. Səfirliklə birgə Yusif Vəzirin həyatəı, elmi əsərləri, diplomatic fəaliyyəti əks olunacaq materiallar hazırlanır. Diplomatik münasibətlərimizin 30 illiyi ərəfəsində səfirliklə birlikdə həmin auditoriyanı universitetin Qızıl Binasında təntənəli surətdə açılacağı barədə razılığa gəlmişik.

Filologiya İnstitutumuzda Azərbaycan Dili Mərkəzinin açılması da müzakirə mərhələsindədir. Hazırda 35-dək dil və mədəniyyət mərkəzimiz fəaliyyət göstərir. Azərbaycan Respublikasının xanım səfirilə söhbət zamanı Azərbaycandan olan və habeləbizim azərbaycanlı tələbələrin sayı nəzərə alınmaqla Azərbaycan Dili Mərkəzini açmaq barəıdə danışıqlar apara biləcəyimizi qeyd etdik. Həm də türkologiya kafedramıza bir neçə ildən bir ikinci dil olaraq Azərbaycan dilinə hazırlıq üçün tələbə qəbulu elan olunur.

Azərbaycan Respublikasının Ukraynadakı səfiri əvvələr olduğu kimi bu gün də xeyli fəaldır. Biz mütəmadi görüşür, müzakirələr aparır, müxtəlif layihələr barədə fikir yürüdürük. Bütün bunlar aramızdakı yaxın münasibətlərdən xəbər verir. Və bu da hər iki ölkənin vətəndaşlarının, o cümlədən bizim universitetin xeyrinədir.

- Sizin rəhbərlik etdiyiniz universitetdə təhsil alan azərbaycanlı tələbələrin diplom almalarına rəğmən nə rusca, nə ukraynca, nə də ingiliscə danışa bilmədikləri ilə bağlı faktlar müzakirə olunurdu. Bəs onda bu tələbələr necə təhsil alıblar?

- Demək çətindir, çünki biz mütəmadi olaraq hətta səfirlik nümayəndələrini də dövlət imtahanlarına dəvət edirik. Bu məsələyə diqqət yetirməyiniz çox yaxşı oldu. Əvvəllər səfirlik tərəfindən bu cür narazılıq olub, amma hal-hazırda yoxdur. Keçmiş səfirin narazılığı var idi. O özü də bizim universitetin Beynəlxalq münasibətlər fakültəsinin məzunu idi. Bu cür liberallığa yol verməmək üçün imtahanlarda sərt nəzarət həyata keçirməyə başladıq. Mənim özümün də Fəlsəfə fakültəsində təhsil alan bir azərbaycanlı tələbəm var idi.
Mən başa salırdım, o isə deyirdi ki, başqa ölkədən olduğuna, başqa dildə danışdığına görə başa düşməkdə çətinlik çəkir. Ona deyirdim: “Sənin super filosof olmağını istəmirəm, amma minimum bilməli olduqların var”. Sovet dövründə təhsil aldığım vaxtlarda Azərbaycandan çoxlu kurs yoldaşlarım var idi və heç bir problem yaşanmırdı. Heç kim başqa respublikadan olduğunu əsas gətirərək qiymət istəmirdi. Biz çox diqqətlə yanaşırıq və bütün dövlət imtahanlarına səfirlik nümayəndələrini dəvət edirik. İrandan çoxlu tələbələrimiz var. Onların imtahanlarına İran səfirliyinin nümayəndələrini dəvət edirik. Hindistandan çoxlu, təxminən 500-dək tələbəmiz var. Hindistan səfirliyinin nümayəndələri dəvət olunur. Eyni qaydada Azərbaycan Respublikasının səfirliyindən də mədəniyyət məsələləri üzrə attaşeni dəvət etmişdik. O həm də təhsil məsələləri ilə məşğuldur. Özü də bizim Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. O da həmin imtahanların iştirakçısı olub. Bir sözlə, əgər əvvəllər hər hansı şübhələr mövcud idisə hazırda bunun arxada qalmasına çalışırıq.

https://www.youtube.com/watch?v=EQR950ICTk4

Xəbər lenti