Logo

Gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb

16.07.2021 15:27 430 baxış
IMG

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə müəssisənin 30 yaşa qədər gənc alim və mütəxəssislərinin elmi-tədqiqat işlərinin müsabiqəsi keçirilib.

 

Tehsil.biz xəbər verir ki, qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın əmri ilə müvafiq müsabiqə komissiyası yaradılıb, həmçinin müsabiqə qaydaları təsdiqlənib. Müsabiqənin əsas məqsədi xüsusi tədqiqatçı istedadına malik gəncləri üzə çıxararaq həvəsləndirməkdən, onlara elmi araşdırma və təhlil aparmaq bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdan ibarət olub. Müsabiqəyə öz işlərini təqdim etmiş namizədlərin anket məlumatları, elmi əsərləri, yerinə yetirdikləri tədqiqat işlərinin aktuallığı, müasirliyi, metodologiyası, nəzəri və praktiki əhəmiyyəti komissiya tərəfindən ətraflı müzakirə olunub. Akademik İradə Hüseynova, müsabiqə komissiyasının və institutun elmi şurasının üzvləri namizədlərin elmi araşdırmalarını əks etdirən posterlərə baxış keçiriblər. Sonra namizədlər komissiya qarşısında çıxış edib, sualları cavablandırıblar.

 

Nəticələrə əsasən, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Lalə Axundova I yerə, Proteomiks beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva və Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova II yerə, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova və Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Leyla Xəlilova isə III yerə layiq görülüb. Qaliblər mükafatlandırılıblar.

 

Tədbirin sonunda akademik İradə Hüseynova gənc alim və mütəxəssislərə göstərilən qayğı və dəstəyə görə AMEA Azad Həmkarlar İttifaqının rəhbərliyinə öz dərin təşəkkürünü bildirib, qalibləri təbrik edib, onlara tövsiyələrini çatdırıb, gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti