Logo

Tərtər 28 il əvvəl və indi: Qəhrəman şəhər

03.11.2020 18:33 488 baxış
IMG

Tərtər, 1992-ci ilin yayı.

 

Respublikanın göndərişi ilə Kazan Dövlət Universitetinin Tarix fakültəsini bitirib yenicə Azərbaycana dönmüşdüm. Doğulub boya-başa çatdığım və ön xətdə yerləşən Tərtər şəhəri, rayonun kənd və qəsəbələri gecə və gündüz düşmənin yağdırdığı  mərmi yağışı altında qalmışdı. Canı-qanı bahasına əldə etdiyi on aylıq müstəqilliyini qoruyub saxlamaq uğrunda ölüm-dirim savaşı aparan Azərbaycan xalqı ağır sosial-iqtisadi, siyasi və mənəvi böhran fonunda gedən hərbi əməliyyatlarla öz torpaqlarının müdafiəsinə qalxmışdı. Respublikanın təcrübəsiz və çaşqın rəhbərliyinin səriştəsizliyi ucbatından hələ vahid və nizami ordu yaradılmadığından rayonlarda yaradılan yerli özünümüdafiə batalyonlarının el təəssübü, Vətən qeyrəti çəkən say-seçmə oğulları əlinə silah alıb “ölərəm, əldən əgər getsə Vətən!” deyərək məhşur “Əsgər marşı”nın sədaları altında çəkinmədən erməni-rus birləşmələrinin üzərinə gedirdi. Böyükdən kiçiyə hər kəs öz torpağının müdafiəsi üçün əlindən gələni edir, orta məktəb şagirdləri müəllimlərindən və valideynlərindən gizli səngərdə döyüşən əsgərlərə güllə daşıyırdılar. Xocalını, Şuşanı, Laçını itirdikdən sonra məğrur başı sinəsinə enən qeyrətli oğullar nəinki daha bir qarış da olsun torpaq itkisi ilə barışmaq istəmir, əksinə, işğalçı ordunu sərhədlərimizdən çıxarıb ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün var gücü ilə döyüşməyə hazır idilər.

 

Belə say-seçmə igidlərdən biri də məğrur Tərtərin qəhrəman oğlu mənim cəsur və igid qardaşım Vasif Hüseynov idi. Hərbi xidmətə başladığı elə ilk gündən şəxsi heyətin etimadını qazanaraq komandanlıq tərəfindən verilən əmr və tapşırıqları vicdanla və vaxtında yerinə yetirən Vasifin cəsurluğu hələ də keçmiş döyüş yoldaşlarının dilindən düşmür.

 

Cəsur və qorxmaz gizir Ağdərə istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərmiş, dəfələrlə həyatını təhlükə altında qoyaraq onlarla yaralı döyüşçünü güllə və mərmi yağışı altından çıxarıb həyatını xilas etmiş, 30-dan çox düşmən döyüşçüsünü məhv etmişdir.

 

17 noyabr 1992-ci ildə ön xətdə düşmənlə 6 saat  cəsarətlə döyüşən igid gizir Hüseynov Vasif Telman oğlu son gülləsinə qədər müqavimət göstərmiş, lakin sayca dəfələrlə çox olan düşmənin mühasirəsini yara bilməmiş, son gülləsinə kimi döyüşərək qəhrəmancasına həlak olmuşdur. Tərtər batalyonu onunla bərabər şəhid olmuş 12 qəhrəmanın cəsədlərini götürmək üçün dəfələrlə əks-hücumlar təşkil etsə də yalnız iki ay bir gündən sonra böyük itkilər bahasına buna nail olmuşdur. Mərd və cəsur döyüşçünün xidmətlərini yüksək qiymətləndirilmiş, 2005-ci ilin iyununda Prezident İlham Əliyevin Fərmanı ilə igid döyüşçü «Hərbi xidmətlərə görə» (ölümündən sonra) medalı ilə təltif olunmuş, adı yaşadığı ev olan küçəyə verilmiş və çox gözəl bir abidə ilə əbədiləşdirilmişdir.

 

Tərtər, 2020-ci ilin oktyabrı.

 

Tərtər yenə döyüşür. Amma bu dəfə fərqli döyüşür. 1992-ci ildən fərqli olaraq onun cəsur Prezidenti, qəti iradəli və əzmli Ali Baş Komandanı, bir mərkəzdən idarə olunan hər baxımdan döyüş qabiliyyətli Müzəffər Ordusu var! Dəyişməyən bir şey var. Tərtər yenə də geri çəkilmir! Xain düşmənin gündə yağdırdığı və sayı 15000-i aşan mərmilərinə qəhrəmancasına sinə gərərək döyüşür! Ön xətdə düşməni lərzəyə gətirən igid oğullarının arxasında mərdcəsinə durub az qala hər gün ölən və yaralanan qəhrəman əhalisi, hətta torpağı və daşı ilə döyüşür! Hamı kimi cəbhədən gələn zəfər xəbərlərini dağılan evlərinin və qəbirlərinin yaralarına dərman edib döyüşür! Üçrəngli bayrağımıza bürünüb sinəsinə əyilən başını qaldıran əsir torpaqlarımız azad olduqca namərd düşmənin hər gün artan mərmi yağışına daha da mərdcə sinə gərərək döyüşür! Müstəqillik yolunda inamla irəliləyən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün Vətən uğrunda ölüm-dirim savaşına başladığı ilk gündən Ali Baş Komandanın əmrinə müntəzir əsgər kimi döyüşür! Qəhrəman əsgər kimi döyüşür!

 

Vətən uğrunda şanlı mübarizən mübarək olsun, qəhrəman şəhərim! Müqəddəs savaşın mübarək olsun, Azərbaycan Ordusu! Qisas günün gəldi, 28 ildir məzarında rahat uyumayan şəhid qardaşım! Bu dəfəki müharibə əsl Vətən müharibəsidir və tam zəfər gətirəcək Azərbaycana! Çünki böyükdən kiçiyə hamı cəbhəyə səfərbər olub, gözünü məğrur rəhbərinə dikib! O rəhbər ki, xalqının haqq səsi olub! O rəhbər ki, düşmənin bütün məkrli planlarını qətiyyətlə dəf edir və Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağını hər gün dayanmadan bütün dünyaya elan edir! O, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı cənab İlham Əliyevdir! Və onun dediyi kimi, müqəddəs Azərbaycan bayrağının Şuşada, Xankəndidə və digər işğal altında qalan torpaqlarda dalğalanmasına az qalıb! Düşmən əli dəymiş müqəddəs ziyarətgahlarımızın azanla paklanmasına az qalıb! Ən çox şəhidlərin və əmanət məzarlarda uyuyanların ruhları bayram edəcək o gün! O gün uzaqda deyil!

 

Möhkəm dayan, qəhrəman Tərtər! Qeyrətli rəhbərinlə və xalqınla birlikdə dayan! Yaşasın Azərbaycanın Müzəffər Ordusu! Var olsun Azərbaycanın haqq yolunda inamla və qətiyyətlə irəliləyən Prezidenti! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

 

Kəmalə Nəcəfova,
BDU-nun Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini

Xəbər lenti