Logo

ADU rektoru:”Siz ictimai rəyin formalaşmasında xüsusi imkanlara sahibsiniz”

16.07.2021 18:19 361 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) 22 iyul Milli Mətbuat Günü münasibəti ilə jurnalistlərlə görüş keçirilib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, universitetin  mətbuatla yüksək səviyyədə münasibətləri mövcuddur və təhsil ocağının elmi-pedaqoji həyatında baş verən yeniliklər, tədrislə bağlı tədbirlər media orqanları tərəfindən diqqətdə saxlanılır: “Biz universitetdə media nümayəndələri ilə görüşləri ənənəvi keçirmişik. Amma pandemiya səbəbindən görüşlərin təşkilində uzun müddət fasilə yarandı. Qarşıdan 22 iyul Milli Mətbuat Günü gəlir. Bu, çox əlamətdar tarixdir. Mətbuat nümayəndələri bizim dostlarımızdır. Siz ictimai rəyin formalaşmasında xüsusi imkanlara sahibsiniz. İnanıram ki, bundan sonra da əlaqələrimiz davamlı olacaq, inkişaf edəcək”.

 

K.Abdulla ADU-nun laboratoriya və kafedraları arasındakı əməkdaşlığın nəticəsi olaraq hazırlanan “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabı haqqında məlumat verib. Rektor bildirib ki, kitabın hazırlanması vacib və strateji məsələdir:”ADU-nun layihəyə cəlb olunan üzvləri öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Kitabın hazırlanmasında Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası, Xarici dillər, Fransız dilinin leksikologiyası, Fransız dilinin fonetikası və qrammatikası, Alman dilinin fonetikası və qrammatikası kafedraları, digər kafedra və mərkəzlər birgə fəaliyyət göstərirlər. Kitabın birinci hissəsi artıq hazırdır və çapı sentyabr ayı üçün nəzərdə tutulub”.

 

Sonra ADU-nun elmi məsələlər üzrə prorektoru, professor Novruz Məmmədov, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, millət vəkili Tamam Cəfərova Milli Mətbuat Günü münasibəti ilə təbriklərini çatdırıb, cəmiyyətin inkişafında medianın oynadığı böyük roldan danışıblar.

 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Moderator.az İnformasiya Agentliyinin rəhbəri Zülfüqar Hüseynzadə və başqaları təmsil etdikləri media orqanları ilə ADU-nun əlaqələri haqqında fikirlərini bölüşüb, yaxın əməkdaşlığın bundan sonra da davam edəcəyini bildiriblər.

Xəbər lenti