Logo

“Əsas hədəfim ölkəmin inkişafına töhfə verməkdir”

16.07.2021 18:21 368 baxış
IMG

İnci Şıxəliyeva: “Doktorantura təhsilimdən ən önəmli gözləntim sərbəst təcrübələr aparmaq idi”


Məlumdur ki, müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur.  Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq olunmuş  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır.  Ölkəmizin gələcək inkişaf  prioritetlərini özündə əks etdirən  proqram çərçivəsində doktorantura təhsilini müvafiq xarici ali təhsil müəssisələrində davam etdirmək hüququ qazanan gənclərdən biri də İnci Şıxəliyevadır. O, hazırda “2019-2023 Dövlət Proqramı” çərçivəsində Türkiyənin İstanbul Universiteti Molekulyar Biologiya və Genetika bölümündə doktorantura (PhD) təhsili alır.

 

Tanıtım. İnci Şıxəliyeva 1989-cu ildə Göyçay şəhərində anadan olub. 2006-cı  ildə Bakıdakı 5 nömrəli tam orta məktəbi bitirib. 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində  biologiya fakültəsində bakalavr təhsili alıb. Ekologiya üzrə elmi rəhbəri  Firuzə Sultanzadə ilə “Bərk məişət tullantılarının seqreqasiyası və utilizasiyası” (İçəri şəhər bölgəsində pilot proyekt) mövzusu üzrə  ilk elmi işini  həyata keçirib.  2011-2015-ci illərdə isə Türkiyənin Hacettepe Universitetində magistr  təhsili alıb.  Hacettepe Universiteti Biomühəndislik bölümü - magistr/dövlət xətti və Türkiyə bursları təqaüdçüsü olaraq magistratura təhsili  ərzində sümük iliyi və yağ toxuması kök hüceyrələri ilə çalışıb və toxuma mühəndisliyi mövzusunda tezis çalışmasını tamamlayıb.  Hazırda “2019-2023 Dövlət Proqramı” təqaüdçüsü İstanbul Universitetinin Molekulyar Biologiya və Genetika bölümündə (PhD) insan yağ toxuması, diş kök hüceyrələri, eyni zamanda filamentli göbələklər üzərində tədqiqatlar aparır.  Bir semestr ərzində ERASMUS təqaüdçüsü olaraq tədqiqatlarını  İtaliyanın Perugia  Universitetində (Department of Chemistry, Biology and Biotechnologies Section of Biochemical and Biotechnological Sciences) davam etdirmək üçün bu ölkəyə dəvət olunub.

 

- Tədqiqatlara nə vaxtdan maraq göstərirsiniz?

- Elmə uşaqlıqdan maraq göstərirdim. Nənəm Bikə müəllim hər zaman başa düşmədiyim mövzuları çox asan və həyatda, ətrafımızda gündəlik istifadə etdiyimiz situasiyalar ilə başa salırdı. Və ona duyduğum heyranlıq əslində şüuraltı mənə elmi və oxumağı uşaqlıqdan sevdirmişdi. Bakalavr təhsilim zamanı isə təəssüf ki, elmin sadəcə nəzəri istifadəsini gördüyümüz üçün tam qavraya bilmirdik. 3-cü kursda Firuzə Sultanzadə ilə tanış oldum. Ekologiya dərslərimizi verən BDU müəllimimizdən elmin praktik tətbiq sahəsinin də olduğunu öyrənməyə başladım. Tədqiqatlara və elmə marağımı isə anam (ədəbiyyat müəllimi) hər zaman motivasiya edirdi və Türkiyədə təqaüd imkanı elanını görüb qeydiyyatdan keçməyimə səbəb olan da anamdır. Əsl elm və tədqiqatlarla isə Hacettepe Universitetində tanış oldum və məşğul olmaq istədiyim işin bu olduğuna qərar verdim. Öyrətmək və daima yeni bir şeylər öyrənmək məni mənəvi olaraq daha çox həvəsləndirir.

 

- “2019-2023 Dövlət Proqramı”nın təhsilinizdə rolu, əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- “2019-2023 Dövlət Proqramı” təqaüdü, ilk növbədə, mənə  maddi məsələləri düşünmədən sadəcə elmi tədqiqatlarımla məşğul olmaq imkanı verdi. Üstəlik, təhsilimiz davam edərkən artıq bildiklərimizi Azərbaycandakı universitetlərdə paylaşmağa fürsət yaratdı ki,  bunlar da bizə motivasiya verən şərtlərdir. Dövlət Proqramı təqaüdcüsü olduqdan sonra akademik fəaliyyət öhdəliyini nəzərə alaraq həyata keçirdiyim tədqiqatın nəzəri hissəsini necə daha asan və aydın şəkildə çatdıra biləcəyimi düşünürəm. Bəzən hətta dərs proqramını və “tələbələrimə göstərərəm” düşüncəsiylə  tədqiqatlarımdan kənar müxtəlif mikroskopik görüntülər də əldə edirəm. Yəni, Dövlət Proqramı sadəcə tədqiqatçı olaraq deyil, eyni zamanda müəllim kimi düşünməyə başlamağıma da səbəb oldu.

 

- Doktorant təhsili aldığınız universitet və tədqiqat mövzunuz barədə nə deyə bilərsiniz?

- İstanbul Universiteti Molekulyar Biologiya və Genetika bölümündə təhsilimi davam etdirirəm. İnsan kök hüceyrələri və bitki patojenləri olan “Fusarium” göbələkləri üzərində çalışıram. Müxtəlif qidalar vasitəsilə biz bu göbələklərin ifraz etdiyi mikotoksinlərə  məruz qalırıq. Ancaq bu toksinlərin insan hüceyrələri üzərinə olan təsirləri bilinmir. Mən də hazırda məhz bu təsirləri aydınlaşdırmaq üçün hüceyrə və molekulyar səviyyədə tədqiqatlar aparıram.

 

- Tədqiqatlarınız təhsil sistemimiz və xüsusən də tərəfdaş ali təhsil müəssisəsi üçün nə dərəcədə əhəmiyyətlidir və hansı töhfələr verə bilər?

- Kök hüceyrələr regenerativ tibbin gələcəyidir və olduqca böyük potensial daşıyan hüceyrələrdir. Dünyanın bir çox yerlərində kök hüceyrələrin klinik istifadəsinə artıq başlanılmışdır və müxtəlif xəstəliklərin terapiyasında çoxsaylı eksperimental klinik çalışmalar da davam etdirilir. Düşünürəm ki, mənim kimi kök hüceyrələri ilə çalışan mütəxəssislərdən ibarət komanda yaradaraq bu sahəni Azərbaycanda inkişaf etdirmək olduqca vacibdir. Tərəfdaş ali təhsil müəssisəsi olan Xəzər Universitetində  bu sahədə çalışmaq üçün yeni kadrların yetişdirilməsini hədəfləyirəm.

 

- Biologiya və genetik tədqiqatlara hazırda bütün dünyada maraq artıb. Bunu nə ilə izah edərdiniz?

- İlk növbədə,  bunun səbəbini dəyişən iqlim şəraiti və inkişaf edən texnologiyalar ilə izah edə bilərəm. Təəssüf ki, dünyanın əhalisi artdıqca yaşadığımız planetə zərərlərimiz də hər gün artır və təbii ki, təbiət tərəfindən bütün bunlara müxtəlif geridönmələr olur. Son 2 ildə də bu,  SARS-CoV 2 virusu vasitəsi ilə oldu. Eyni zamanda Antarktik buzların əriməsi ilə  də bir sonrakı illərdə donmuş vəziyyətdən “oyanan” müxtəlif viruslarla və onların səbəb olduğu xəstəliklərlə qarşılaşacağımız elm insanları tərəfindən xəbərdarlıq olaraq bildirilir. Bunlarla bağlı çoxsaylı yeni elmi məqalələr hər il dərc olunur. Bütün bu səbəblərə görə biologiya və tibb sahələrinin daha sürətli inkişafına ehtiyac var.

 

- Pandemiya universitetinizdə tələbə-müəllim münasibətlərinə, tələbələrin fəallığına necə təsir edib?

- Pandemiya, təbii ki, bütün dərs proqramlarının onlayn davam etdirilməsinə səbəb oldu.  Sentyabr ayından etibarən tədrisin əyani başlanması gözlənilir.

 

Əslində laboratoriyada səhərdən axşama kimi çalışan bizlər üçün bu, yaxşı bir fürsət oldu. Çünki hazırda  sadəcə vacib tədqiqatlar aparan insanlar öz elmi işlərini davam etdirirlər və bu da laboratoriyalara girən insanların sayının  70% azalması deməkdir. Elmi araşdırma aparanlar üçün mövcud şəraitdəki problem həftəsonları universitetə gedə bilməməyimiz  və xaricdən alınan reaktivlərin gec gətirilməsidir. Pandemik situasiyanın tələbə-müəllim münasibətlərinə bir təsiri olduğunu düşünmürəm.

 

- Doktorantura təhsilinizdən gözləntiləriniz, gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Doktorantura təhsilimdən ən önəmli gözləntim müstəqil şəkildə elmi tədqiqatlar,  təcrübələr aparmaq idi, buna da artıq nail olmuşam. Elmi rəhbərimin, demək olar ki, heç bir müdaxiləsi, iştirakı olmadan təcrübələrimi həyata keçirirəm. Digər gözləntim isə həyata keçirdiyim araşdırmalarımın nüfuzlu elmi jurnallarda çap olunmasıdır (Qeyd edək ki, İnci Şıxəliyevanın Hacettepe Universitetinin professoru Menemşe Gümüşderelioğlunun rəhbərlik etdiyi tədqiqat qrupunda ərsəyə gətirdiyi bir neçə elmi məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub-müəllif).

 

Ümid edirəm ki, bu il ərzində bu hədəfimə də çatacağam.  Əsas hədəflərimə gəldikdə isə, Vətənə qayıdaraq ölkəmin inkişafına maksimum töhfə verməkdir. Ən vacib hədəflərimdən biri də çalışdığım sahə üzrə xarici ölkədə aldığım bilik və təcrübəni Azərbaycanda tətbiq edə bilməkdir.  Buna əlavə olaraq, Azərbaycanda da kök hüceyrə tətbiqini klinik inkişaf etdirərək dünya miqyaslı həyata keçirilən eksperimental tədqiqatlarda yer almaq istəyirəm.

 

Oruc MUSTAFAYEV

Xəbər lenti